Nəsimi - 650

Elmira Axundova: Hər birimiz Mehriban xanım Əliyevanın təşəbbüskarı olduğu ekoloji aksiyaya hay verməli və onda iştirak etməliyik

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dahi Azərbaycan şairi Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağac əkmək barədə təşəbbüsü çox gözəl ideyadır. Hər birimiz bu ekoloji aksiyaya hay verməli və onda iştirak etməliyik.
Bu sözləri Milli Məclisin deputatı, Azərbaycanın Xalq yazıçısı Elmira Axundova AZƏRTAC-a müsahibəsində deyib.
Elmira Axundova əlavə edib: “Mənim bir arzum var: əkilən ağaclara sonradan qayğı göstərilməlidir. Onlara qulluq etmək və hər şeydən əvvəl, suvarmaq lazımdır. Çünki bəzən əkilən ağacların məhv olduğunu, lazımınca qulluq edilmədiyindən quruduğunu görürük. 70-ci illərdə Heydər Əliyev yaşıllıqların salınması probleminə böyük diqqət yetirirdi. Sonra yaşıllaşdırılmış sahəyə müəyyən zavod və ya digər müəssisə, idarə təhkim edilirdi və onlar bu yaşıl zonanın vəziyyətinə nəzarət edirdilər. Həmin ənənəni bu gün də davam etdirmək lazımdır. Məsələn, Bakının Qaradağ rayonunda SOCAR-ın öhdəsində olan böyük yaşıl zona var və orada əkilən ağaclar çox yaxşı vəziyyətdədir.
Əminəm ki, vətəndaşlarımız, xüsusən gənclər məmnuniyyətlə Mehriban xanım Əliyevanın təşəbbüsünə qoşulacaqlar və ölkəmizin “yaşıl ağciyərinə” çox gözəl yeni ştrixlər və çalarlar əlavə edəcəklər. Biz Azərbaycanı başdan-başa yaşıl zonaya çevirməliyik. Son vaxtlar bu sahədə xeyli iş görülüb və indi Abşeronun, Xızının, Ələtin əvvəllər çöllük olmuş torpaqlarından keçərkən ürəkdən sevinirsən və yolboyu kilometrlərlə ərazidə yaradılmış yaşıllıqları görürsən”.