Nəsimi - 650

Tərtərlilər ölkəmizdə bir gündə 650 min ağac əkilməsi təşəbbüsünə həvəslə qoşulublar

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da böyük ruh yüksəkliyi ilə qarşılanıb. Şairin irsinin daha geniş təbliği, eyni zamanda, yaşıllıqların artırılması və ekoloji mühitin sağlamlaşdırılması məqsədi daşıyan bu nəcib və xeyirxah aksiyanın yüksək səviyyədə keçirilməsi üçün rayonda geniş hazırlıq işləri görülür. Rayon ərazisində bir gündə 10 min ağac tinginin əkilməsi nəzərdə tutulub.
Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini Ramiz Şabanov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib: "Tərtərlilər Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu nəcib təşəbbüsünü alqışlayırlar. Tərtər rayonunda ağacların əkiləcəyi ərazilər müəyyənləşib. Ağaclar Tərtər-Bərdə, Tərtər-Hindarx, Tərtər-Şıxarx, Tərtər-Gəncə avtomobil yollarının kənarlarında, Tərtər şəhərində və rayonun kəndlərində əkiləcək. Artıq ağac əkini üçün nəzərdə tutulan ərazilərin böyük hissəsində sahələrin təmizlənməsi, hamarlanması, cızların çəkilməsi, çalaların qazılması və digər hazırlıq işləri başa çatıb. Tərtərlilər bu humanitar tədbirdə fəal iştirak edəcək və ətraf mühitin sağlamlaşdırılmasına öz töhfələrini verəcəklər".
Həmsöhbət olduğumuz Tərtər sakini Mübariz Cabbarov əkiləcək ağaclardan daha çox gələcək nəsillərin faydalanacağını bildirərək deyib: "Ağac əkmək həm təbiətin qorunması, həm də insanların sağlamlığı baxımından böyük əhəmiyyət daşıyır. Mən də bir Tərtər sakini kimi bu nəcib təşəbbüsə böyük həvəslə qoşulmuşam. Hazırda ağacların əkilməsi üçün ərazini təmizləyir, çalaları qazırıq. İnşallah ağac əkinində də belə fəallıqla iştirak edəcəyik".