Nəsimi - 650

Ağdamda noyabrda keçiriləcək genişmiqyaslı ağacəkmə kampaniyasına hazırlıq işlərinə başlanılıb

Mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsü cəbhə bölgəsində yerləşən Ağdam rayonunda da böyük rəğbətlə qarşılanıb. Hazırda rayonda noyabrda keçiriləcək genişmiqyaslı ağacəkmə kampaniyasına ciddi hazırlıq işləri görülür.
Ağdam Rayon İcra Hakimiyyətinin nümayəndəsi Baxşeyiş Əliyev AZƏRTAC-a müsahibəsində bildirib ki, respublikamızda bir gündə 650 min ağac əkilməsi təşəbbüsü ilə əlaqədar Ağdam rayonunda ağac əkiləcək ərazilər müəyyənləşdirilib. Ağaclar rayonun girişindəki Soltanbud təpəsində, Quzanlı-Alıbəyli-Üçoğlan, Quzanlı-Xındırıstan-Qaradağlı, İmamqulubəyli-Qərvənd avtomobil yollarının kənarında əkiləcək. Ümumilikdə rayon ərazisində 10 min ədəd ağac əkilməsi nəzərdə tutulub. Hazırda ağacların əkiləcəyi ərazilərin təmizlənməsi, hamarlanması, çalaların qazılması, su xətlərinin çəkilməsi və digər zəruri hazırlıq işləri görülür.
Ağdam sakinləri rayon ərazisində yaşıllığın artmasına töhfə verəcək bu nəcib təşəbbüsə həvəslə qoşulublar. Rayon sakini Bəbir Göyüşov deyib: "Ağac əkmək həm abadlıq, gözəllik, həm də ekoloji təmizlik, gələcək nəsillərin sağlamlığı baxımından çox əhəmiyyətlidir. Odur ki, mən də ölkəmizdə 650 min ədəd ağac əkilməsi ilə bağlı nəcib təşəbbüsə həvəslə qoşulmuşam. Hazırda ağacların əkilməsi üçün hazırlıq işləri görürük. Noyabr ayında keçiriləcək ağacəkmədə də böyük həvəslə iştirak edəcəyəm".