Çoxlu ağac əkilməsi və meşə zolaqlarının salınması qlobal istiləşmənin qarşısını ala bilər
Ağaclar çox olan ərazidə daha sağlam həyat sürmək mümkündür. Yaşıllıqlar çox olanda xəstəlik törədən mikroorqanizmlər 8, zərərli qazlar isə 5 dəfə az ifraz olunur. Çoxlu ağac əkilməsi və meşə zolaqlarının salınması qlobal istiləşmə və iqlim dəyişməsinin qarşısını ala bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə BDU-nun ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı, professor Nazim Şəmilov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağac əkilməsi təşəbbüsü barədə danışarkən deyib.
O, gələn ay həyata keçiriləcək təşəbbüs nəticəsində ölkəmizin ərazisində meşə zolaqlarının ərazisinin artacağı, atmosferin və ətraf mühitin ekoloji durumunun yaxşılaşması istiqamətində daha bir addım atılacağını bildirib: “Bu təşəbbüsün ölkəmizdə ekoloji mühitin sağlamlaşdırılmasında mühüm rolu olacaq. Ekoloji təlim və tərbiyə ilə məşğul olan bir kollektivin nümayəndələri kimi ekologiya və torpaqşünaslıq fakültəsinin professor-müəllim heyəti və tələbə kontingenti həmin təşəbbüsü dəstəkləyir, onu Azərbaycan təbiətinin qorunması və ətraf mühitin mühafizəsi sahəsində böyük qayğı kimi dəyərləndirir. Ekologiya və torpaqşünasliq fakültəsinin təşəbbüsə qoşulması ilə həm böyük şairin xatirəsinə ehtiramımızı ifadə edəcək, həm də ölkəmizin yaşıllaşdırılması, meşə zolağının artırılması işinə öz töhfəmizi verəcəyik”.