Nizami Muradoğlu: Bir gündə 650 min ağacın əkilməsi hektarlarla meşə zolağı və bağların salınması deməkdir
Prezident İlham Əliyevin Sərəncamına əsasən, böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu il respublikamızda “Nəsimi ili” elan olunub. Bununla bağlı Azərbaycanda simpoziumlar, ədəbi-bədii gecələr keçirilir, kitablar nəşr olunur, dünyanın müxtəlif ölkələrində əzəmətli söz ustadına həsr edilmiş görüşlər təşkil olunur. Nəsiminin yaradıcılığı ilə bağlı tədbirlərin miqyası geniş olmaqla bərabər, həm də rəngarəngdir. Bu mənada Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycanda bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü təkcə respublikamızda deyil, onun hüdudlarından kənarda da maraqla qarşılanıb və dəstək qazanıb.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun təhsil şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, yazıçı Nizami Muradoğlu deyib. O vurğulayıb ki, bu humanist təşəbbüs respublikamızın ekoloji cəhətdən sağlamlaşdırılmasına yönəlmiş bir hərəkat kimi də böyük əhəmiyyət kəsb edir. “Bir gündə 650 min ağacın əkilməsi hektarlarla meşə zolağı və bağların salınması deməkdir. Bu isə təbiətin gözəlləşdirilməsi, ekologiyanın sağlamlaşdırılması ilə nəticələnən tədbir kimi xüsusi alqışlanmalıdır”, - Nizami Muradoğlu qeyd edib.