Bir gündə 650 min ağac əkilməsi təşəbbüsü ekologiyanın sağlamlaşdırılması baxımından çox önəmlidir
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük Azərbaycan şairi Nəsiminin 650 illik yubileyi münasibətilə 650 min ağac əkilməsi təşəbbüsü ekologiyamızın sağlamlaşdırılmasına, təbiətimizin yaşıllaşdırılmasına bir töhfə olacaq.
Bu fikri AZƏRTAC-a müsahibəsində T.İsmayılov adına 6 nömrəli məktəb-liseyin direktoru Gülşən Orucova deyib. O xatırladıb ki, hələ 2007-ci ildə birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun “Hərəyə bir ağac əkək” layihəsi xalq tərəfindən rəğbətlə qarşılanmışdı.
“Məktəblərdə şagirdlərin tərbiyə olunmasında, bir şəxsiyyət kimi formalaşmasında onlarda ətraf mühitə, təbiətə, cəmiyyətə düzgün yanaşmanı aşılamaq mühüm rol oynayır. Bizim məktəbimizdə ibtidai siniflərdən başlayaraq uşaqlarda canlı təbiətə qayğı formalaşdırılır. Xüsusi dərslərdə onlar dibçəklərdə bitkilər əkir, onların qayğısına qalırlar. Bununla yanaşı, məktəbimiz Səbail rayonunda keçirilən iməciliklərdə fəal iştirak edir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük şair Nəsiminin 650 illik yubileyi münasibətilə 650 min ağac əkilməsi təşəbbüsünə də 6 nömrəli məktəb-liseyin kollektivi və şagirdləri məmnuniyyətlə qoşulacaq”, - deyə Gülşən Orucova qeyd edib.