Mütəxəssis rəyi: Aran zonasında ağac əkilən zaman hansı qaydalara əməl olunmalıdır
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə noyabr ayında bir gündə indiyədək görünməmiş sayda, 650 min ağac əkiləcək.
ETSN-nin əkinçilik üzrə mütəxəssisi Rəhim İbrahimov Aran zonasında əkiləcək meyvə ağacları, əkin qaydaları, zəruri texniki göstəricilər barədə fikirlərini bildirib.
Hansı növ meyvə ağacları Aran zonasının iqliminə uyğundur?
Aran zonasında iqlimə və yerli şəraitə uyğun əsasən badam, əncir, nar, ərik, tut, xurma, innab, albalı, alça, armud, gavalı, heyva, iydə, püstə və s. ağaclar əkilə bilər.
Əkin prosesində nələrə diqqət yetirilməlidir?
Meyvə tinglərinin əkilməsi üçün 40 sm enində və 40 sm dərinliyində çala qazılmalı və bir-birindən 2-4 metr məsafədə əkilməlidir. Tingin ölçüsü 80-120 sm-ə qədər ola bilər. Hündür olarsa baş hissəsindən kəsmək lazımdır ki, tingin kökü formalaşa bilsin. Kökü torpaqlı böyük ağacların (boyu 2-3 m olan) əkilməsi üçün 50 sm enində və 50 sm dərinliyində çalalar qazılmalıdır. Ağac tingləri münbit torpaq və üzvi gübrə qarışığı ilə əkilməlidir. Mütləq suvarılma aparılmalı və gövdənin ətrafı torpaqla doldurulmalıdır.
Meyvə ağacların yaxşı inkişaf etməsi üçün hansı qaydalara əməl olunmalıdır?
Ağac əkilən vaxtdan inkişaf dövrünə qədər sahəyə baxış keçirilməli, kök boğazı boşalıbsa dibi mütləq torpaqla bərkidilməlidir.
Meyvə ağaclarında inkişaf dövrü başladıqdan sonra ağac zəif inkişaf edərsə bu zaman ağacın kök sistemini qüvvətləndirən gübrə verilməlidir. Üzvi gübrələrin payızda ağacın əkilmə zamanı, mineral gübrələrin isə yazda verilməsi məsləhətdir. Yay mövsümündə həftədə iki dəfə suvarma aparılmalıdır və dibləri yumşaldılmalıdır ki, ağac yaxşı inkişaf etsin, yüksək məhsuldarlıq əldə olunsun.
Əkinin birinci ilində həşəratların ağacın gövdəsində qoyduğu yumurtaları məhv etmək üçün ağacın cinsinə uyğun kimyəvi dərmanlardan istifadə etmək məsləhətdir.
Qış mövsümündə inkişaf dayandığından əlavə iş aparılmır. Əgər ağacın çətiri böyükdürsə xırda budama aparmaq olar.