Nəsimi - 650

Mələk Çakmak: 650 min ağacın əkilməsi Azərbaycanın karbon qazı tullantılarının 35 faizə qədər azaldılmasına dair öhdəliyinə töhfə verəcək

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycanda bir gündə 650 min ağacın əkilməsi çox gözəl bir təşəbbüsdür. Bütün qurumlar və vətəndaşlar bu təşəbbüsə qoşulmalıdırlar. Biz də bir beynəlxalq qurum - BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı olaraq irəli sürülən bu xoş təşəbbüsü dəstəkləyir və bu kimi işlərin bir trend olaraq qəbul edilərək mütəmadi şəkildə həyata keçirilməsinə ümid bəsləyirik.
Bunu AZƏRTAC-a müsahibəsində FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak deyib.
“Bu təşəbbüsün əsas əhəmiyyəti ondan ibarətdir ki, hər kəs ağacların insan həyatındakı əvəzsiz rolunu bir daha anlayacaq, əkdiyi ağaclarla ölkənin ekoloji vəziyyətinin yaxşılaşmasına kiçik də olsa bir töhfə vermiş olacaq”, - deyən M.Çakmak bildirib ki, ağac əkib meşə salmaq ekoloji tarazlığı qorumaq üçün çox vacib bir işdir.
“Həyata keçirilən bu kimi işlər həm Azərbaycanın təbiətinin daha da zənginləşməsinə, ekoloji vəziyyətin yaxşılaşmasına xidmət edir, həm də Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına köməklik göstərir, Azərbaycanın qəbul etdiyi Paris Sazişi üzrə 2030-cu ilə qədər hədəf kimi götürdüyü karbon qazı tullantılarının 35 faizə qədər azaldılmasına dair iddialı öhdəliyinə öz töhfəsini verir”, - deyə FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri deyib.
Azərbaycanda son illər yaşıllıqların artırılması və qorunmasına xüsusi həssaslıqla yanaşıldığını və genişmiqyaslı ağacəkmə aksiyalarının həyata keçirildiyini deyən M.Çakmak Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aqromeşə massivlərinin salınmasını, IDEA İctimai Birliyi tərəfindən yaşıllıqların artırılması və qorunmasına istiqamətlənmiş layihələri xüsusi qeyd edib.