Rektor: Eyni gündə 650 min ağacın əkilməsinin həm ekoloji, həm də siyasi baxımdan böyük əhəmiyyəti var
Dahi şair Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə eyni gündə 650 min ağacın əkilməsinin həm ekoloji, həm də siyasi baxımdan böyük əhəmiyyəti var.
Trend-in məlumatına görə, bunu Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev deyib.
Nəsiminin bütün türk dünyasının fəxri olduğunu deyən E.Babayev əlavə edib ki, Nəsiminin yubileyləri ən müxtəlif səviyyələrdə qeyd edilib. Onun 600 illik yubileyi hətta YUNESKO-da da keçirilib.
Rektor Nəsimi ili əlaqədar Azərbaycanda kifayət qədər maraqlı tədbirlərin keçirildiyini əlavə edib: "Bir gündə 650 min ağacın əkilməsinin ekoloji, siyasi və mənəvi baxımdan əhəmiyyəti çox böyükdür. Bu baxımdan bu aksiya çox böyük olacaq . Bakı Dövlət Universiteti də bu aksiyada fəal iştirak edəcək. Digər tərəfdən, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da yubileylə əlaqədar çox gözəl təşəbbüsləri var. Ölkə üzrə bu cür tədbirlər davam etməkdədir".
Qeyd edək ki, noyabrın sonunda Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağacın əkilməsi təşəbbüsü həyata keçiriləcək. Azərbaycanın tarixində ilk dəfədir ki, bir gün ərzində bu qədər çox sayda ağac əkiləcək.
Bütün ağaclar Meşə Təsərrüfatı Mərkəzlərinin və Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin 17 tinglik sahəsində yetişdirilib. Əkiləcək ağaclar arasında həm meşə cinsli, həm də meyvə ağacları olacaq. Kütləvi ağacəkmə tədbirinin keçiriləcəyi bir gündə əsasən xan çinarı, Eldar şamı, sərv, akasiya, söyüd, göyrüş, iydə, zeytun, qarağac, zeytun, əncir, qovaq, şaftalı, gavalı, alma, çökə, qızılağac, saqqız, katalpa, çinar, nar və s. əkiləcək.