650 min ağac əkək: bu xeyirxah və nəcib təşəbbüsə İsmayıllı sakinləri də həvəslə qoşulublar
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkəmizdə bir gündə 650 min ağacın əkilməsi ilə bağlı təşəbbüsü şairin xatirəsinin əbədiləşdirilməsi və irsinin daha geniş təbliği baxımından xüsusi önəm daşıyır. Respublikamızın bütün bölgələrində aparılacaq genişmiqyaslı yaşıllaşdırma kampaniyası həm də ətraf mühitin qorunmasına, eləcə də ekologiyanın daha da sağlamlaşdırılmasına xidmət edəcək.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində İsmayıllı Rayon İcra Hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Şahin Hüseynov deyib.
Bir gündə 650 min ağac əkilməsi kimi xeyirxah və nəcib təşəbbüsün İsmayıllı sakinləri tərəfindən də rəğbətlə qarşılandığını qeyd edən Ş.Hüseynov bildirib ki, təşəbbüslə əlaqədar rayon ərazisində ağac əkilməsi üçün 25 hektar torpaq sahəsi ayrılıb. Bu sahələr əsasən bələdiyyə əraziləri, yolların ətrafı, idarə və təşkilatların həyətləri, parklar və xiyabanlardır. Həmin ərazilərdə 20 min ədəd ağac, əsasən də ağcaqayın, göyrüş və qovaq tingləri əkiləcək.
Ş.Hüseynov noyabr ayında keçiriləcək əkin kampaniyasına hazırlıqla əlaqədar danışaraq deyib ki, indi ağacların əkiləcəyi ərazilərdə hazırlıq işləri aparılır. Belə ki, sahələr daşdan, kol-kosdan təmizlənir, şum və çalaların qazılması işləri görülür. Sahələrə münbit torpaq və üzvi gübrələr daşınır. Bu nəcib təşəbbüsə rayon ictimaiyyəti, habelə idarə və müəssisələrin kollektivləri böyük həvəslə qoşulublar.