Nəsimi - 650

650 min ağacın əkilməsi Nəsimi dühasının bütün dünyaya verdiyi bir töhfə olacaq

“Nəsimi ili” çərçivəsində həyata keçirilən tədbirlər arasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə 650 min ağac əkmək təşəbbüsü xüsusi rəğbətlə qarşılanır. Hər kəs həmin təşəbbüsə böyük həvəslə qoşulmağa hazırdır. Nəsiminin ən böyük dühası Allaha sevginin poetik ifadəsi, insanın ruhunu Allahın bir parçası kimi görməkdir. Bu da o deməkdir ki, ruh olaraq biz hamımız Allahın sevimli parçalarıyıq. Ağacların əkilməsi Nəsimi ruhunun bu gün də cavanlığına işarədir. Təşəbbüs Nəsiminin həmişəyaşıl və cavan olan təfəkkürünü göstərəcək, onun ruhuna bir töhfə olacaq. Nəsimi və onun yaradıcılığının vurğunu kimi mən də bu aksiyada həvəslə iştirak edəcəyəm.
Bu sözləri AZƏRTAC-a müsahibəsində tanınmış həkim-psixoterapevt Əli Nağıyev deyib.
"Təbiət Tanrının ən gözəl təzahürüdür. Təbiətin özünü ifadə forması yaşıllıqlar, ağaclardır. Qədim Şərq fəlsəfəsinə görə, ağacların zümrüd yaşıl rəngi sevgi, emosionallıq rəngidir. Bu baxımdan, ağacların sayı nə qədər çox olarsa, Tanrı təbiət vasitəsilə öz sevgisini bir o qədər ifadə etmiş olar. Bu konteksdən baxanda ağacların çox olması üçün insanlar səylə çalışmalıdırlar. Hər zaman şüurumuz, dərrakəmiz sevgiyə qulluq etmək olduğu kimi, meşə sahələrinin, yaşıllıqların, ağacların artmasına da yönəlməlidir. Bu, insan övladına yaraşan ən gözəl əməllərdən biridir. Yaşıllıqların sahəsinin artması fotosintez prosesinə töhfə verir, ətraf mühitə və insanların sağlamlığına müsbət təsir edir. Fotosintez prosesi bütün bəşəriyyətin sağlamlığının təminatçısıdır",- deyə Əli Nağıyev bildirib.
Həkim qeyd edib ki, nəcib təşəbbüs Nəsimi dühasının bütün dünyaya verdiyi bir töhfə olacaq: “Həmin gözəl addım Nəsiminin öz sevgisini bizə çatdırmasını təmin edəcək. Ona görə də dahi şairin yubileyi ilə əlaqədar irəli sürülən təşəbbüs alqışalayiqdir”.