650 min ağac əkək: Ağdaşda ağac əkiləcək ərazilər müəyyənləşdirilib, çalalar qazılır
Xalqımızın ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsü respublikamızın bütün bölgələrində, o cümlədən Ağdaş rayonunda da böyük rəğbətlə qarşılanıb və hazırda hər yerdə olduğu kimi, burada da bu təşəbbüsə ciddi hazırlıq işləri görülür.
Ağdaş Rayon İcra Hakimiyyəti başçısı aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Xanmusa Əhmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, rayonumuzun ümumi mənzərəsinə xüsusi gözəllik gətirəcək bu xeyirxah təşəbbüslə əlaqədar ərazilər müəyyənləşdirilib, sahələr təmizlənir, çalalar qazılır və 4500-dən çox ağac əkilməsi planlaşdırılır.
Noyabrda keçiriləcək ağacəkmə kampaniyasına ağdaşlı gənclər də səylə hazırlaşırlar. YAP rayon təşkilatı Gənclər birliyinin sədri Teymur Əmirli deyib: “İmadəddin Nəsiminin 650 illiyi münasibətilə Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin “Nəsimi ili” elan edilməsi, Birinci vitse-prezident Mehriban Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsü, əlbəttə, dahi şairimizin xatirəsinin yad edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Heç şübhə yoxdur ki, Yer kürəsinin, nəticə etibarilə gələcək nəsillərin sabahını düşünən hər kəs, bu təşəbbüsə qoşulacaq”.