Nəsimi - 650

Sabirabadda 50 min ədəd müxtəlif növ ağac əkiləcək 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağac əkilməsi təşəbbüsünü sabirabadlılar da razılıqla qarşılayıblar. Rayonda artıq ərazi müəyyənləşib və 50 min ədəd müxtəlif növ ağac əkiləcək.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev tərəfindən İmadəddin Nəsiminin 650 illiyi münasibətilə 2019-cu il “Nəsimi ili” olunub və bununla əlaqədar ölkəmizdə və dünyada silsilə tədbirlər keçirilir. Bu tədbirlər çərçivəsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın 650 min ağac əkilməsi təşəbbüsünə sabirabadlılar da böyük ruh yüksəkliyi ilə qoşulublar.
Hazırda rayonda ciddi hazırlıq işləri gedir. Yaşıllıqların əsasən magistral yolun kənarında salınması planlaşdırılır. Artıq boş sahələr kol-kosdan təmizlənib, əkin üçün hazır vəziyyətə gətirilib.
Rayon icra hakimiyyətinin nümayəndəsi Qabil Məmmədov bildirib ki, salınacaq yaşıllıqlar damcılı suvarma sistemi ilə suvarılacaq. Bunun üçün su anbarı tikilir və boruların çəkilməsi üçün işlər aparılır. Ətraf mühitin qorunmasını, yaşıllığın artırılmasını özlərinə borc bilən sabirabadlılar gələcəkdə də bu kimi işlərdə öz əməklərini əsirgəməyəcəklər. Çünki bu tədbir ölkəmizdə ekoloji mühitin sağlamlaşdırılmasına və hər bir sakinin sağlam gələcəyinə verilən bir töhfədir.
Qeyd edək ki, böyük şairin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması məqsədi daşıyan bu təşəbbüsə respublikamızın bütün bölgələrində geniş ictimaiyyət nümayəndələri, həmçinin dövlət və hökumət qurumlarının, diplomatik korpusun, icra hakimiyyətləri orqanlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri və könüllü gənclər qoşulacaqlar.