Rasim Balayev: "Nəsiminin adı ilə bağlı olan gözəl təşəbbüsü alqışlayıram"
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsünə əsasən dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağac əkiləcək.
Open.az xəbər verir ki, bu xeyirxah təşəbbüsü dəstəkləyənlər sırasında Azərbaycanın Xalq artisti, “Şöhrət” və “Şərəf” ordenli, kinomuzun Nəsimisi Rasim Balayev də var.
Rasim Balayev Heydər Əliyev Fondunun nəcib təşəbbüsünü bəyəndiyini deyib: “Bu təşəbbüs çox gözəldir. Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağac əkilməsi, bu vətəni, ölkəmizi gözəlləşdirmək, yaşıllaşdırmaq, ekologiyamızı təmizləmək üçün çox lazımlı hərəkət, böyük addımdır. Son illər Bakıda yaşıllıqların sayı azalıb. Bu fikirləri çox zaman Bakıda qonaq olan, Azərbaycanın səfalı meşələrini, gözəl təbiətini görməyən adamlar da söyləyirlər. Mənim fikrimcə Bakımızı yaşıllaşdırmaq, gözəlləşdirmək üçün ağacların əkilməsi çox lazımlıdır. İmadəddin Nəsiminin adı ilə bağlı olan bu böyük və gözəl təşəbbüsü alqışlayıram. Bu nəcib missiya vətənimizi yaşıllaşdırmaq üçün gözəl təklif, dəyərli hərəkətdir".