Afaq Bəşirqızı: "Torpağını, vətənini sevən adamlar bu missiyaya qoşula bilər"
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsünə əsasən dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağac əkiləcək.
Open.az xəbər verir ki, bu xeyirxah təşəbbüsə respublikamızın bütün bölgələrində geniş ictimaiyyət nümayəndələri, həmçinin dövlət və hökumət qurumlarının, diplomatik korpusun, icra hakimiyyətləri orqanlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri və könüllü gənclər qoşulacaqlar.
Azərbaycanın Xalq artisti, görkəmli sənətkar Afaq Bəşirqızı da bu nəcib təşəbbüsə qoşulanlar sırasındadır.
Bu barədə Open.az-a özəl açıqlama verən Afaq Bəşirqızı bu xeyirxah təşəbbüsün onu çox sevindirdiyini deyib: "Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın Birinci-vitse prezidenti Mehriban xanım Əliyevanın böyük mütəfəkkir, şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə onun xatirəsinə bir gündə 650 min ağac əkilməsi təşəbbüsü məni çox sevindirdi və qürur duydum. Öz zövqsüzlüyü, gözü doymazlığı ilə ağacları qırıb yerində elə özlərinə oxşayan göydələnlər ucaldan dırnaqarası vətəndaşlara bu bir növ üsyandır. Ağac nə qədər boy atsa da, kökləri torpağın dərinliklərinə gedir. Ağac torpağı sevir, torpaqdan qida alır, böyüyür. Məhz bu ağacları əkən insanlar da torpağı vətəni sevirlər. Torpağını, vətənini sevən qiymətləndirən adamlar yalnız bu missiyaya qoşula bilər. Mən, bu təşəbbüsü irəli sürənlərə, onu həyata keçirənlərə müvəffəqiyyətlər arzulayıram. Öz növbəmdə bütün mədəniyyət və incəsənət xadimlərini, aktyor həmkarlarımı bu nəcib təşəbbüsə qoşulmağa çağırıram. Bizlər də böyük sevgi, məmnunluq hissləri ilə vətənin bir parçasına xidmət göstərə biləriksə, onda nə xoşbəxt bizlərə...".
Xatırladaq ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə dahi şair, böyük mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağac əkiləcək. Bu nəcib aksiyaya Azərbaycanın tanınmış ictimaiyyət nümayəndələri, mədəniyyət və incəsənət xadimləri həmçinin dövlət və hökumət qurumlarının, diplomatik korpusun, icra hakimiyyətləri orqanlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri və könüllü gənclər qoşulacaq.
Qeyd edək ki, genişmiqyaslı tədbirə Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustadının doğulduğu Şamaxı rayonunda start veriləcək.