Məhərrəm Qasımlı: 650 min ağacın əkilməsi ətraf mühiti yaşıllaşdırmaq üçün gözəl bir təşəbbüsdür
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Nəsiminin 650 illik yubileyi şərəfinə bir gündə 650 min ağac əkilməsi təşəbbüsü ölkəmiz üçün çox lazımlı və dəyərli bir işdir. Ağac əkmək təbiətə can vermək, ətraf mühiti yaşıllaşdırmaq və onun faydalarından bəhrələnmək üçün gözəl bir təşəbbüsdür. Heç şübhəsiz yaşıllıqların qorunması və yeni ağacların əkilməsi bizim və gələcək nəsillərin həyatında böyük təsirə malikdir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi Məhərrəm Qasımlı deyib.
“Ağac var ki, çiçəyi, yarpağı, meyvəsi, qabığı ilə dərdə məlhəmdir. Ağac var ki, meyvəsi ilə süfrəmizə yaraşıq verir. Ağac var ki, görkəmi ilə göz oxşayır, bağları, parkları, həyətləri bəzəyir. Ümumilikdə isə, ağaclar insanın qoruyucusu, onun sağlamlığının keşikçisidir, boya-başa çatdığı məkanın təmizləyicisidir. Bir sözlə, insan beşikdən məzara qədər ağaca möhtacdır. Bağ salmaq, ağac əkmək, ümumiyyətlə, ətrafı yaşıllıq aləminə qərq etmək ata-babalarımızın adəti olub. Ağac bolluq, şirinlik, mehribançılıq nişanəsi hesab edilib. Xalqımızın təfəkküründə ağacla bağlı çoxlu inanclar da yaranıb. Bir zamanlar el-obada: "Əkiblər yeyirik, əkərik yeyərlər", - sözlərini də tez-tez eşidərdik”,- deyir Məhərrəm Qasımlı.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın 650 min ağac əkilməsi təşəbbüsünə hamılıqla qoşulmalıyıq deyən Əməkdar Elm Xadimi bildirib ki, bu kampaniyanın bir çox üstünlükləri və faydaları var: “Hər bir əkilən ağac sağlamlıq deməkdir, yaşıllıq deməkdir. Planetimizin bir hissəsi olan Azərbaycanın ekologiyasının yaxşılaşdırılması istiqamətində təşəbbüsləri həmişə dəstəkləmişəm, bununla biz planetimizə bu ağır şəraitdə xilas olmaq və yaşamaq üçün daha əlverişli yerə çevrilmək imkanı veririk. Əminəm ki, Azərbaycan xalqı Mehriban xanım Əliyevanın bu təşəbbüsünü dəstəkləyir və aksiyada fəal iştirak edəcək”.