Əliqismət Lalayev: 650 min ağacın əkilməsi olduqca böyük humanist addımdır
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsünə əsasən şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağac əkiləcək.
Ulu öndər Heydər Əliyevin qoyduğu bənzərsiz ənənələrin davamı olaraq Birinci vitse-prezidentimizin irəli sürdüyü bu genişmiqyaslı təşəbbüsü ürəkdən alqışlayırıq. Hesab edirik ki, “Nəsimi ili”ndə dahi şairimizin ruhuna ithaf olunan bu silsilə tədbirlərin uğurlu davamı da olacaq.
Bu sözləri AZƏRTAC-a Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev söyləyib.
“650 min ağacın əkilməsi gələcək nəsillərin sağlam ekoloji mühitdə yaşayışının təmin edilməsini təşkil etməkdir. Bu da böyük bir humanist addımdır. Rəhbərlik etdiyim Akademik Musiqili Teatrın kollektivi də hər zaman belə tədbirlərdə fəal iştirakçı olub və bundan sonra da belə xeyirxah missiyalara birlikdə qoşulacağıq. Təbiəti qorumaq, onun ekoloji təmizliyinin qeydinə qalmaq hər birimizin vətəndaşlıq borcumuzdur.
Əkiləcək ağaclar, salınan yaşıllıq zolaqları hamısı insan sağlamlığına öz müsbət təsirini göstərir. Bu baxımdan təkcə bir regionda deyil, ölkəmizin hər bölgəsində bu istiqamətdə güclü təbliğat işləri aparmalıyıq”, - deyə Ə.Lalayev söyləyib.