Elman Yusifov: 650 min ağacın əkilməsi bioloji müxtəlifliyin artırılmasına müsbət təsir edəcək
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağac əkilməsi ilə bağlı təşəbbüsü təqdirəlayiqdir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun direktoru Elman Yusifov deyib. O bildirib ki, bir gündə 650 min ağacın əkilməsi aksiyası Azərbaycanın ekologiyasına çox müsbət təsir göstərəcək.
Ağacların oduncaqları karbon qazının birləşmələri nəticəsində formalaşır. 650 min ağacın əkilməsi atmosferdə olan külli miqdarda karbonun o ağacların oduncaqlarında toplanmasına, atmosferin oksigenlə zənginləşməsinə öz təsirini göstərəcək.
Elman Yusifov qeyd edib ki, ağaclar təbiəti təkcə oksigenlə zənginləşdirmir, onlar həm də toz tutucularıdır. Şəhər mühitində, küləkli yerlərdə ağacların sayının çox olması bu baxımdan da önəmlidir.
“Ağaclar, eyni zamanda, bir çox heyvanların, quşların, həşəratların biotoplarıdır, yəni yaşayış yerləridir. Kütləvi şəkildə ağac əkilməsi bioloji müxtəlifliyin artırılmasına da müsbət təsir edəcək. Ağaclar həm də iqlim tənzimləyiciləridir. Araşdırmalar göstərir ki, qızmar havalarda ağac olan ərazilərdə temperatur 5 dərəcə aşağı düşür. Ağacların əkilməsi torpağın rütubətliliyinin qorunmasına imkan verir, torpağın rütubətliliyinin qorunması səhralaşma prosesinin qarşısını alır, nəticədə torpağın biomüxtəlifliyi artır, torpaq məhsuldarlığını uzun müddət saxlaya bilir. Ağaclar, həmçinin tarlaqoruyucu funksiyasını yerinə yetirir. Bütün bu faydalı tərəflərini nəzərə alsaq bir gündə 650 min ağacın əkilməsini alqışlayıram. Zoologiya İnstitutu olaraq bizim kollektiv də məmnuniyyətlə bu aksiyaya qoşulacaq”, - deyə Elman Yusifov qeyd edib.