Nəsimi - 650

650 min ağac əkmək təbiətə 650 min canlı varlıq bəxş etmək deməkdir

Azərbaycan dünyada meşəsi az olan ölkələr sırasındadır. Meşə ilə örtülmə dərəcəsinə görə Azərbaycan dünya üzrə orta səviyyədən 3 dəfə geri qalır. Hazırda respublikada 12 faizədək ərazi meşə ilə örtülüdür. Bu meşələrin də 261 min hektarı erməni işğalçılarının nəzarəti altındadır. İşğal altında olan meşələrdə törədilən yanğınlar, qanunsuz ağackəsmələr bu meşələrin sahəsinin və biomüxtəlifliyinin kəskin azalmasına səbəb olub.
Bu barədə AZƏRTAC-a müsahibəsində AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov məlumat verib. O deyib: “Bizim hesablamalarımıza görə vaxtilə Azərbaycan ərazisinin 42 faizdən çoxu meşə ilə örtülü olub. Tarixi dövrlər ərzində əkin və otlaq sahələrinin, yaşayış məskənlərinin genişlənməsi məqsədilə meşələrin qırılması, otlaq sahələrinin artırılması, geniş sahələrin meşəsizləşdirilməsi nəticəsində meşələrimiz indiki vəziyyətə düşüb. Lakin son zamanlar ölkəmizdə aparılan meşəbərpa və meşəsalma tədbirləri ekoloji vəziyyətin sağlamlaşdırılmasında vacib məsələdir”.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağac əkilməsi ilə bağlı təşəbbüsü böyük maraqla qarşılanıb. Doğrudur, ağacəkmə kampaniyaları əvvəlki illərdə də həyata keçirilib və uğurlu nəticələr əldə edilib. Bu təşəbbüs isə respublikamızın arid və semiarid regionlarında ekoloji tarazlığın qorunması baxımından olduqca vacibdir. Xüsusilə Abşeron, Şamaxı, Qobustan, Ağsu, Cəlilabad, Biləsuvar, Şəki, Samux, Goranboy, Tərtər, Bərdə, Ağstafa və s. inzibati rayonların, Naxçıvan Muxtar Respublikasının ərazisində aparılması məqsədəuyğundur. Əkiləcək ağac və kolların yerli şəraitə uyğunluq dərəcəsi nəzərə alınmalıdır. Quraqlığa davamlı və yerli şəraitə uyğunlaşmış ağac cinslərinin şam ağacı ilə qarışıq şəkildə əkilməsi məqsədəuyğundur. Habelə torpaq sürüşməsinə qarşı qabaqlayıcı tədbir kimi də saqqızağac, ardıc, dağdağan və s. ağacların meyilli yamaclarda əkilməsi əlverişlidir.
Ümumiyyətlə, 650 min ağac əkmək təbiətə 650 min canlı varlıq bəxş etmək deməkdir. Bu da tədricən respublikamızda biomüxtəlifliyi artıracaq, ekoloji tarazlıq qorunacaq və insanlarımızın sağlam həyat tərzi genişlənəcək.