Ekoloji təqvim günləri

Ekoloji təqvim günləri

11 yanvar - Ümumdünya Qoruqlar və Milli Parklar Günüdür. 1917-ci il yanvarın 11-də dünyada ilk dəfə Rusiyada nadir heyvanların qorunması məqsədilə Baykal gölü üzərində Barquzin Dövlət Qoruğu yaradılıb. Həmin təqvim Dünya Vəhşi Təbiət Fondunun təşəbbüsü ilə 1997-ci ildən etibarən hər il qeyd olunur.

Bu günün keçirilməsində məqsəd biomüxtəlifliyin, təbii ekosistemlərin qorunmasında və planetin rifahının təmin edilməsində milli parklar və qoruqlar kimi mühafizə olunan təbiət ərazilərin əhəmiyyətini vurğulamaqdır.

Hazırda Azərbaycanda 10 milli park, 10 dövlət təbiət qoruğu, 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Ümumilikdə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,3 %-ni təşkil edir.

Ümumdünya Ekoloji Təhsil Günü 1975-ci ildən etibarən hər il yanvarın 26-da qeyd olunur. Bu gün ekoloji problemlərin həllində və dayanıqlı gələcəyin təşviqində ekoloji təhsilin mühüm rolu haqqında məlumatlılığın artırılması məqsədilə keçirilir.

Ekoloji təhsil məsuliyyət hissini inkişaf etdirmək və fərdləri planetin rifahına töhfə verən məlumatlı qərarlar qəbul etməyə təşviq etmək məqsədi daşıyır. Ekoloji maarifləndirmə ətraf mühit məsələləri ilə bağlı maarifləndirmənin vacib aspektidir. O, təbiətlə əlaqə hissini gücləndirir, ekoloji problemlər haqqında tənqidi düşünməyi təşviq edir və insanların davamlı inkişaf səylərində iştirak etmək üçün məlumatlılıqlarını artırmağa imkan verir.

26 yanvar Beynəlxalq Təmiz Enerji Günü BMT Baş Assambleyası tərəfindən (A/77/327 qətnamə) insanların və planetin rifahı naminə təmiz enerjiyə ədalətli və əhatəli keçid üçün maarifləndirmə və hərəkətləri səfərbər etmək çağırışı kimi elan edilmişdir.

26 yanvar həm də ölkələrə enerji keçidlərində dəstək olmaq, beynəlxalq əməkdaşlıq platforması kimi xidmət etmək və təmiz enerji texnologiyası üzrə məlumat və təhlillər təqdim etmək üçün 2009-cu ildə yaradılmış qlobal hökumətlərarası agentlik olan Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) təsis olunma tarixidir.

Təmiz enerji iqlim dəyişikliyi ilə mübarizə aparan dünyada emissiyaların azaldılmasında mühüm rol oynayır və həmçinin etibarlı enerji mənbələrinə çıxışı olmayan icmalara fayda verə bilər.

Su-bataqlıq ərazilərindən səmərəli istifadə edilməsi və qorunması məqsədilə 1971-ci il fevralın 2-də Ramsar şəhərində su-bataqlıq əraziləri haqqında Konvensiya imzalanıb və həmin gündən etibarən hər il 2 fevral Ümumdünya Su-Bataqlıq Əraziləri Günü kimi qeyd olunur.

Su-bataqlıq əraziləri yerin quru səthinin yalnız 6 faizini əhatə etsə də, bütün bitki və heyvan növlərinin 40 faizi bu ərazilərdə yaşayır. Bu ərazilər insanlar, digər ekosistemlər və iqlim üçün həyati əhəmiyyət kəsb edir, daşqınlara nəzarət və suyun təmizlənməsi rolunu oynayır.

Azərbaycanda Ağgöl və Qızılağac milli parklarının ərazisi mühüm su-bataqlıq əraziləri kimi “Ramsar” Konvensiyanın siyahısına daxil edilib. Bu ərazilərdə nadir növlərdən olan və “Qırmızı Kitab”a daxil edilən adi turac (Francolinus francolinus), qamışlıq fərəsi (Porzana pusilla), kiçik ağ vağ (Egretta garzetta), adi soltanquş (Porphyrio porphyrio), adi ərsindimdik (Platalea leucorodia), ağquyruq sahilqartalı (Haliaeetus albicilla), mərmər ördək (Marmaronetta angustirostris), ağquyruq çökükdimdik (Chettusia leucurus), adi bizdimdik (Recurvirostra avosetta) və s. kimi quş növləri yaşayır.

Ümumdünya Vəhşi Təbiət Günü diqqəti vəhşi fauna və yabanı floranın müxtəlifliyinə və gözəlliyinə cəlb etmək imkanı verir, habelə təbiəti mühafizə tədbirlərinin insana faydası barədə məlumatlılıq səviyyəsini artırmağa kömək edir.

1973-cü ilin həmin günündə nadir flora və fauna növləri ilə beynəlxalq ticarəti tənzimləyən, CITES kimi məşhurlaşan Konvensiya qəbul edilib. Bu il Konvensiyanın imzalanmasının 50 illiyi qeyd edilir. CİTES Konvensiyasının əsas məqsədləri, kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin və onların məskunlaşdığı təbii şəraitin qorunmasının təmin edilməsinə diqqətin artırılması, bu növlərin, onların hissələrinin və derivatlarının beynəlxalq ticarətinın Konvensiyanın və daxili qanunvericiliyin tələblərinə müvafiq təmin edilməsindən ibarətdir.

Hər il Ümumdünya Vəhşi Təbiət Günü müəyyən mövzunu əhatə edərək keçirilir.

Təkrar emalın əhəmiyyəti haqqında məlumatlılığı artırmaq, insanları tullantıları azaltmaq və resurslara qənaət etmək üçün tədbirlər görməyə təşviq etmək məqsədilə hər il martın 18-də Qlobal Təkrar Emal Günü qeyd olunur. Bu, təkrar emalın ətraf mühit, iqtisadiyyat və bütövlükdə cəmiyyət üçün faydalarını təbliğ etmək üçün bir gündür. Hər il müəyyən mövzu üzrə keçirilir.

BMT-nin Baş Assambleyası tərəfindən meşələrin qorunması və artırılmasının vacibliyinə diqqət çəkmək üçün 2012-ci ildən etibarən hər il mart ayının 21-i Beynəlxalq Meşələr Günü kimi qeyd olunur. Meşələrin davamlı idarə edilməsi iqlim dəyişikliyi ilə mübarizədə və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında mühüm rol oynayır.

Hər il Beynəlxalq Meşələr Günü müxtəlif mövzulara həsr olunur.

BMT-nin Baş Assambleyası 22 dekabr 1992-ci il, 47/193 nömrəli qətnaməyə əsasən 22 mart tarixini “Ümumdünya su resursları günü” elan etmişdir. Bu günün keçirilməsinin məqsədi su resurslarının mənimsənilməsinin hansı səviyyədə olmasının, iqtisadi və sosial rifahın səmərəliliyinin yüksəldilməsinə təsirinin müəyyən edilməsi və bu barədə maarifləndirilmənin təmin edilməsidir. Şirin suyun əhəmiyyəti haqqında maarifləndirmək və su ehtiyatlarının davamlı idarə olunmasını təbliğ etmək məqsədilə 1993-cü ildən etibarən hər il mart ayının 22-si “Ümumdünya Su Günü” kimi qeyd olunur.

Hər il müəyyən mövzu üzrə keçirilir.

1961-ci ildən etibarən hər il martın 23-də Ümumdünya Meteorologiya Təşkilatının təşəbbüsü ilə geniş ictimaiyyət arasında iqlim dəyişmələrinin mümkün təsirləri haqqında məlumatlılığı artırmaq üçün Ümumdünya Meteorologiya Günü qeyd olunur.

Bu günün qeyd olunmasında əsas hədəf bütün dünya ölkələrini Yer kürəsində müşahidə olunan hava, iqlim və su məsələləri ilə bağlı problemlərin həlli məqsədilə bir araya gətirməkdir.

Meteoroloqlar proqnozlar verməklə ölkənin sosial-iqtisadi inkişafına, ətraf mühitin mühafizəsinə mühüm töhfə verir. Belə ki, atmosfer şəraiti və anomal hava hadisələri insanların həyat fəaliyyətinə, o cümlədən, meteohəssas insanların rifahına əhəmiyyətli dərəcədə təsir göstərir, buna görə də meteoroloqların araşdırmaları və proqnozları onlar üçün çox vacibdir.

Ümumdünya Meteorologiya Günü eyni zamanda meteoroloq kimi maraqlı və kifayət qədər mürəkkəb bir peşəni seçmiş insanlara minnətdarlıq əlaməti olaraq da qeyd olunur.

Dünya Vəhşi Təbiət Fondu (WWF ) və tərəfdaşları tərəfindən iqlim dəyişikliyi haqqında məlumatlılığı artırmaq üçün ilk dəfə 2007-ci ildə Sidneydə simvolik olaraq işıqların söndürülməsi tədbiri kimi "Yer Saatı" keçirilib.

Hazırda bu aksiya ətraf mühit üçün dünyanın ən böyük kütləvi hərəkatlarından biridir.

"Yer Saatı" ilə əlaqədar 190-dan çox ölkə və tərəfdaş insanlar, planet üçün daha parlaq gələcək təmin etmək məqsədilə tədbirlər görür. “Yer saatı" aksiyaları zamanı böyük şəhərlərdəki məşhur binaların fasad işıqları yerli vaxtla saat 20:30-da bir saatlıq söndürülür.

1906-cı il aprelin 1-də quşların mühafizəsinə dair Beynəlxalq Konvensiya imzalanıb və bu gün dünyada Beynəlxalq Quşlar Günü kimi qeyd edilir. UNESCO-nun İnsan və Biosfer proqramı çərçivəsində hər il qeyd edilən günün əsas məqsədi diqqəti vəhşi quşların qorunmasına yönəltmək, onların sayını və növ müxtəlifliyini qorumaqdır.

Azərbaycan ərazisindən ən böyük miqrasiya yollarından biri keçdiyinə görə ölkəmiz həm köçəri, həm də oturaq quşlar üçün əlverişli məkandır. Bu gün məktəblilər və quş həvəskarları bağlarda və parklarda yem təknələri və yuvalar asır, quş yuvalarını yeniləmək və təzədən tikməklə quşların köçüb gəlməsinə hazırlaşırlar.

1992-ci ildə Rio-de-Janeyroda keçirilən BMT-nin ətraf mühit problemlərinə həsr olunan konfransında bəşəriyyətin davamlı inkişafı üçün ekoloji təhsilin əhəmiyyəti vurğulanıb və həmin vaxtdan etibarən hər il aprelin 15-i “Ekoloji Bilik Günü” kimi dünyanın bir çox ölkələrində qeyd olunmağa başlayıb.

Ekoloji Bilik Günü ekoloji mədəniyyətin inkişafını təbliğ edir və mövcud ekoloji problemlər, ətraf mühitin vəziyyəti haqqında əhalini məlumatlandırmaq məqsədi daşıyır.

Adətən bu gün ətraf mühit problemlərinə diqqəti cəlb etmək, ekoloji təmiz təcrübələri təşviq etmək və təbii həyatı qorumaq üçün maarifləndirməni artırmaq məqsədilə müxtəlif tədbirlərlə qeyd olunur.

“Yer Günü”nün keçirilmə ənənələri XIX əsrin ikinci yarısına təsadüf edir. Belə ki, o dövrdə ABŞ-ın Nebraska ştatının sakini Corc Morton Yaşıllaşdırma Gününün keçirilməsini təklif edib və 1882-ci il aprelin 22-si həmin ştatda Ağac Günü elan olunub. 1970-ci ildən isə ABŞ-da ekoloji fəallardan olan senator Geylord Nelsonun təklifinə əsasən ekoloji problemlərin həllinə, ətraf mühitin mühafizəsinə diqqəti artırmaq məqsədilə həmin günün adı dəyişdirilərək Yer Günü adlandırılıb.

Yer Günü ekoloji problemlər haqqında məlumatlılığı artırmaq və ətraf mühitin mühafizəsini təşviq etmək məqsədilə hər il aprelin 22-də qeyd olunur. Bu gün planetimizin təbiətini qiymətləndirməyə və gələcək nəsillər üçün davamlılıq təcrübələrini təbliğ etməyə həsr olunmuş bir gündür.

Yer Günü hər il müəyyən mövzuya həsr olunur.

2006-cı ildən etibarən ildə iki dəfə - may və oktyabr aylarının ikinci şənbəsi Ümumdünya Köçəri Quşlar Günü qeyd edilir.

1906-cı ildə isə “Köçəri quşlar haqqında beynəlxalq Konvensiya” qəbul olunmuşdur. Günün qeyd edilməsində əsas məqsəd ictimaiyyətin diqqətini quşların yay və qış aylarında köçü zamanı onların hərəkət sərbəstliyini və təhlükəsizliyini təmin etməkdir.

Azərbaycan ərazisindən ən böyük miqrasiya yollarından biri keçdiyinə görə ölkəmiz həm köçəri, həm də oturaq quşlar üçün əlverişli məkandır.

Şərqi Avropa və Qərbi Sibirdən cənuba və Şərqi Afrikaya, Cənub-Qərbi Asiyaya və əksinə milyonlarla quş köç edir. Hər il Azərbaycan ərazisindən təqribən 20 milyona yaxın su-bataqlıq quşu keçdiyi güman edilir. Ölkəmizdə quşların qışlama müddəti nəzərə alınaraq hər il yanvar ayında quşların sayğısı həyata keçirilir.

15 may tarixi dünyanın bir çox ölkəsində Beynəlxalq İqlim Günü kimi qeyd edilir. Yer kürəsinin iqlim sisteminə təhlükəli antropogen müdaxilənin qarşısını almaq üçün 1994-cü il martın 21-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) qüvvəyə minib. Azərbaycan bu Konvensiyaya 1995-ci ildə qoşulub. Bu günədək Konvensiya 198 ölkə tərəfindən ratifikasiya olunub. 2015-ci ildə qəbul edilmiş Paris Sazişi isə Konvensiya Tərəflərindən sənayələşmə ilə müqayisədə qlobal istiləşmənin səviyyəsini 1,5 dərəcə C-dək saxlanılmasına səylər göstərilməsini hədəfləyir.

Bu gün iqlim dəyişmələri bəşəriyyətin üzləşdiyi qlobal problemlərdən biridir. Son illər ərzində planetdə iqlim dəyişmələri kəskin şəkildə sürətlənib və demək olar ki, hər il yeni temperatur rekordları müəyyən edilir. İqlimdə baş verən dəyişikliklər bütün dünya ictimaiyyətini narahat edir və problemin ciddiliyi onun mümkün qədər tez həll edilməsini tələb edir.

2000-ci il dekabrın 20-də BMT-nin Baş Assambleyası 55/201 nömrəli qətnaməyə əsasən 22 may tarixini Bioloji müxtəliflik üzrə Konvensiyanın qəbul olunması, həmçinin “Beynəlxalq bioloji müxtəliflik günü” elan etmişdir. Əvvəllər isə həmin gün 19 dekabr 1994-cü il tarixli, 44/119 nömrəli qətnamə ilə dekabrın 29-da qeyd olunurdu.

Bu günün məqsədi Yer kürəsində mövcud olan müxtəlif bitki, heyvan və mikroorqanizm növlərinin qorunması və biomüxtəlifliyin əhəmiyyətinə diqqət çəkməkdir. Beynəlxalq Biomüxtəliflik Günü ilə əlaqədar insanlar arasında biomüxtəlifliyin qorunmasının vacibliyini artırmaq və gələcək nəsillərə daha sağlam və zəngin bir təbii mühit buraxmaq üçün müxtəlif tədbirlər təşkil edilir, təhsil proqramları keçirilir və biomüxtəlifliyin əhəmiyyəti barədə ictimaiyyət məlumatlandırılır.

Avropa Parkları Günü (EDoP) 35 ölkədə qorunan təbiət ərazilərini birləşdirən Avropa təşkilatı olan EuroPark Federasiyası tərəfindən təsis edilib. İlk dəfə 1999-cu ildə keçirilən bu gün bütün Avropada hər il mayın 24-də qeyd olunur.

Bu gün təbii ərazilərin qorunmasında beynəlxalq həmrəyliyi simvollaşdırır. Günün keçirilmə tarixi 1909-cu il mayın 24-də Avropada ilk milli parkların yaradılması ilə bağlıdır. Bunlar İsveçdə yaradılmış doqquz milli park idi. O vaxtdan bəri qorunan təbiət əraziləri Avropanın təbii və mədəni irsinin əvəzolunmaz hissəsinə çevrilib.

Hər il Avropa Parkları Günü xüsusi bir deviz altında qeyd olunur.

Velosipedin unikallığını, uzunömürlülüyünü və çoxfunksiyalılığını, onun sadə, sərfəli, etibarlı, təmiz və ətraf mühitə uyğun dayanıqlı, sağlamlığı təşviq edən nəqliyyat vasitəsi olduğunu nəzərə alaraq BMT Baş Assambleyası tərəfindən 2018-ci ilin aprel ayında 3 iyun Dünya Velosiped Günü təsis edilmişdir. Sənəd 56 ölkə tərəfindən birgə hazırlanmışdır. Bu beynəlxalq tarixin qeyd edilməsinə təşəbbüskar Türkmənistan nümayəndələri olmuşdur.

Velosiped ətraf mühitə ən uyğun nəqliyyat növü olub, istifadəsi ətraf mühit və insan sağlamlığı üçün təhlükəsizdir. Bütün bunlar 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi Davamlı İnkişaf Məqsədlərinə uyğun gəlir. Velosipedlər istixana qazlarını atmosferə buraxmır və küçə səs-küyünün səviyyəsini artırmır. Velosiped ətraf mühitə ən uyğun nəqliyyat növüdür, onun istifadəsi ətraf mühit və insan sağlamlığı üçün təhlükəsizdir. Azərbaycanda bu gün velosiped yarışları təşkil edilir.

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1972-ci il 5 iyun tarixində Stokholm şəhərində keçirilən iclasında ətraf mühit məsələləri diqqət mərkəzində olmuşdur. Problemin ciddiliyini, əhali arasında ekoloji şüurun genişləndirilməsi, ətraf mühitin mühafizəsi problemlərinə diqqətin yönəldilməsi vacibliyini nəzərə alan iştirakçılar tərəfindən 5 iyunun “Ümumdünya ətraf mühit günü” kimi qeyd olunmasına qərar verilmiş və növbəti ildən başlayaraq həmin gün bütün dünyada təntənəli şəkildə qeyd olunmağa başlanmışdır.

Bu gün hər il bir deviz altında keçirilir.

Bu günün qeyd edilməsi 1994-cü ildə BMT-nin Baş Assambleyası tərəfindən elan olunmuşdur. Elə həmin il Birləşmiş Millətlər Təşkilatı tərəfindən “Səhralaşmaya qarşı mübarizə” haqqında Konvensiya qəbul edilmiş və sənəddə dövlətlərə səhralaşma ilə mübarizədə beynəlxalq səviyyədə əməkdaşlığın zəruriliyi, o cümlədən bu barədə maarifləndirmənin artırılması təklif olunmuşdur.

Səhralaşma - quraq, yarımquraq və nisbətən rütubətli ərazilərdə torpağın deqradasiyaya uğraması nəticəsində yaranan qlobal ekoloji və sosial-iqtisadi problemdir. 2000-ci ildən etibarən quraqlıqların sayı əvvəlki iki onilliklə (WMO 2021) müqayisədə 29 faiz artmışdır.

Ümumdünya Quraqlıq və Səhralaşma ilə Mübarizə Günü hər il bir deviz altında keçirilir.

Beynəlxalq Yoqa Günü 2014-cü ildə BMT-nin Baş Assambleyasının 69/131 №-li qətnaməsi ilə təsis edilib və əsas məqsədi dünya ictimaiyyətinin yoqanın üstünlükləri haqqında məlumatlandırılmasının artırılması və bu həyat tərzini qəbul etməsidir. Bayram ilk dəfə 2015-ci ildə qeyd edilib və tarixin seçimi isə Hindistanın Baş Naziri Narendra Modiyə məxsusdur. Bu da təsadüfi deyil. Hindistan yoqanın vətənidir və bu təlim orda qədim zamanlardan mövcuddur. Tarixin seçimi isə Yer kürəsinin yarısı üçün ilin ən uzun gününün üzərinə düşüb. Bu tarix Günəşin fəallığı ilə bağlıdır, bir çox xalqlar üçün müəyyən əhəmiyyətə malikdir və yay gündönümü günü kimi də məlumdur.

Sağlam həyat və rifahı təmin edən amillər sırasına ekoloji vəziyyət, təbiətin və ətraf mühitin qorunması aiddir. Sağlamlığımız, eləcə də onu təmin edən təmiz ətraf mühitin qorunması naminə keçirilən bu gündə insanlar təbiət qoynunda yoqayla məşğul olur.

Hər il Beynəlxalq Yoqa Gününün qeyd edilməsi bu təlimə maraq göstərənlərin toplanması, təcrübə mübadiləsi, müştərək məşğələlər və ustad dərsləri keçirmələri üçün bir tarixə çevrilib. BMT Beynəlxalq Yoqa Gününü elan etməklə, təbiətlə harmoniyaya yetişməklə stresin qarşısını aldığını, aqresivliyi azaltdığını və qarşılıqlı hörməti tərbiyə etdiyini vurğulayıb.

Belə tədbirlər hər il müəyyən şüar altında keçirilir, açıq xarakter daşıyır və insanların diqqətini cəlb etməklə parklarda, xiyabanlarda baş tutur.

Hər il 3 iyul tarixi dünyanın bir çox ölkəsində plastik torbaların ətraf mühitə və insan sağlamlığına verdiyi zərərlərə diqqət çəkmək və insanların bu zərərləri azaltmaq üçün daha davamlı alternativlərə keçməsini təşviq etmək məqsədilə “Beynəlxalq Polietilen Paketdən İmtina Günü” kimi qeyd olunur.

Plastik torbalar planetimiz üçün böyük problem olaraq qalır. Onların istifadəsini azaltmaq və daha dayanıqlı alternativlərə keçmək, həm ətraf mühiti qorumaq, həm də insan sağlamlığını təmin etmək üçün vacibdir.

Ətraf mühitə zərərli olmaqla yanaşı, plastik torbalar nadir hallarda təkrar emala yararlıdır. Birdəfəlik plastik torbalar bəzi ölkələrdə tamamilə qadağan edilib, digər yerlərdə də polietilen torbaların müəyyən növlərinin istifadəsinə qadağa qoyulub və ya xüsusi qaydalar tətbiq edilib.

Ölkəmizdə də 15 mikrona kimi olan polietilen torbaların istehsalı və istehlakı qadağandır. Eyni zamanda daşıma vasitəsi kimi kassalarda verilən polietilen torbalar ödənişlidir.

2006-cı ilin 12 avqust tarixində “Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası”nın qüvvəyə minməsindən sonra hər il avqustun 12-si Xəzər Günü kimi qeyd olunur.

“Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası” beş Xəzəryanı dövlət arasında təbiəti mühafizə şərtlərini və müvafiq təşkilati mexanizmi əks etdirən ilk hüquqi sazişdir. O, “çirkləndirici ödəyir” və məlumatın əldə edilməsi prinsipləri də daxil olmaqla bir sıra rəhbər prinsiplərə söykənir. Konvensiya Xəzər dənizinin ətraf mühitinin bütün növ mənbələrdən çirklənməsinin qarşısının alınmasına, həmçinin Xəzər dənizinin ətraf mühitinin mühafizəsi və bərpasına qulluq edir. Konvensiyada Xəzər dənizinin bioloji sərvətlərinin davamlı və səmərəli istifadəsinə, ətraf mühitə təsirin qiymətləndirilməsinə, ekoloji monitorinqə və elmi tədqiqatlara aid müddəalar əksini tapmışdır.

Konvensiya beş Xəzəryanı dövlət tərəfindən ratifikasiya olunduqdan sonra 12 avqust 2006-cı il tarixində qüvvəyə minmişdir. Bundan sonra hər ilin 12 avqust tarixi Xəzəryanı dövlətlərdə “Xəzər günü” kimi qeyd edilməyə başlamışdır.

“Xəzər günü”nün qeyd edilməsində məqsəd Xəzər dənizinin ətraf mühitinin çirklənmədən qorunması, o cümlədən Xəzər dənizinin bioloji ehtiyatlarının mühafizəsi, bərpası, davamlı və səmərəli istifadə olunması və bu istiqamətdə əhalinin maarifləndirilməsindən ibarətdir.

“Mavi səma üçün təmiz hava günü” Birləşmiş Millətlər Təşkilatı tərəfindən 2019-cu ildə təsis edilmişdir. Bu gün hər il sentyabrın 7-də qeyd olunur və təmiz havanın insan sağlamlığı, ekosistemlər və iqlim üçün nə qədər vacib olduğunu vurğulamaq məqsədi daşıyır.

Bu gün münasibətilə bir çox ölkədə müxtəlif maarifləndirmə kampaniyaları, seminarlar, təbiət yürüşləri, ictimai forumlar və aksiyalar təşkil olunur. Mavi səma və təmiz hava üçün fərdlər və cəmiyyətlər tərəfindən atıla biləcək addımlar vurğulanır, hava keyfiyyətinin yaxşılaşdırılmasına töhfə verərək piyada yürüş, velosiped sürmək, ictimai nəqliyyatdan, elektrik avtomobillərdən istifadə və enerjiyə qənaət etmək kimi addımlar atılır.

Hər il 16 sentyabr dünyada Beynəlxalq Ozon Təbəqəsinin Mühafizəsi Günü kimi qeyd edilir. Alimlər, tədqiqatçılar bir araya gələrək ozon qatının dağılması kimi aktual ekoloji problemi müzakirə edir, onun həlli yollarını axtarırlar.

Nazik qaz sipəri olan ozon təbəqəsi atmosferin yuxarı hissəsi - stratosfer qatında yerləşir və Yer kürəsini günəşin məhvedici radiasiyasından qoruyur, planetimizdə həyatı mühafizə edir. Yer kürəsində olan bütün canlıları ultrabənövşəyi şüalanmadan qoruyan ozon qatının qorunması problemi dünya ölkələri üçün birinci dərəcəli problemlərdən sayılır. Ozon təbəqəsi insan fəaliyyəti nəticəsində tərkibində qazlı xlor və ya brom olan kimyəvi birləşmələrin istehlakı ilə əlaqədar tədricən incəlmişdir. Bu, ən çox qütb bölgələrində, xüsusən Antarktika üzərində özünü göstərir.

Ozon təbəqəsinin dağılmasının qarşısının alınması məqsədilə 22 may 1985-ci il tarixində Vyana Konvensiyası imzalanmış və hazırda konvensiyasına 173 dövlət qoşulmuşdur. 1986-cı ildən başlayaraq, indiyədək ozon-dağıdıcı maddələrin istehlakında qlobal miqyasda xeyli azalma əldə edilmişdir. 16 sentyabr 1987-ci ildə də Vyana Konvensiyasının Monreal Protokolu imzalanmış və protokolda iştirakçılar tərəfindən öhdəliyə götürülmüş müəyyən hədlər, ozondağıdıcı maddələrin istehsalı və istehlakının tamamilə dayandırılması müəyyən olunmuşdur. Həmin tarixdən etibarən hər il bu gün Beynəlxalq Ozon Təbəqəsinin Mühafizəsi Günü kimi qeyd olunur.

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 20 sentyabr tarixi “Ümumdünya Təmizlik Günü” elan edilmişdir. Ümumdünya Təmizlik Günü təmiz və sağlam ətraf mühitin qorunması və saxlanması, eləcə də tullantıların və resursların idarə edilməsində paylaşdığımız kollektiv məsuliyyətin bir xatırlatmasıdır.

Ölkəmizdə də bu sahədə kütləvi maarifləndirmə tədbirləri həyata keçirilir. Ölkə ərazisinin dəniz, çay sahillərində, meşə ərazilərində genişmiqyaslı təmizlik aksiyaları təşkil olunur. 

“Biz dünyanı təmizləyirik” Ümumdünya Aksiya Həftəsi və ya “Planeti tullantıdan təmizləyək” kampaniyası ilk dəfə 1993-cü ilin sentyabrında Avstraliya sakinləri tərəfindən keçirilmişdir. Onlar kütləvi şəkildə okean çimərliklərini təmizləmək üçün aksiya təşkil etmişlər.Tədricən aksiyaya başqa ölkələr də qoşulmuş və bu gün artıq dünyanın 100 ölkəsindən milyonlarla könüllü kampaniyanın iştirakçısına çevrilmişdir.
 
“Biz dünyanı təmizləyirik” Ümumdünya Aksiya Həftəsinin məqsədi insanların diqqətini ətraf mühitin çirklənməsi və planetin zibillənməsi problemlərinə cəlb etmək, o cümlədən planet sakinlərinin ətraf mühitin idarə edilməsi bacarıqlarını inkişaf etdirmək, ekoloji mədəniyyət və savadlılıq səviyyəsini artırmaqdır.
 
Müxtəlif qitələrin sakinləri sentyabr ayında doğma şəhər və rayonlarında tullantıları toplamaq və çeşidləmək üçün xüsusi olaraq bir həftə vaxt ayırırlar. Bir çox şəhərlərdə təkrar emalın ekoloji və iqtisadi faydaları ilə bağlı maarifləndirici tədbirlər keçirilir. İnsanlar istirahət zonalarını, çimərlikləri, meşələri, parkları, gölləri, şəhərətrafı əraziləri və çayları tullantılardan təmizləyir, ağac əkir, sərgilər, konsertlər, mətbuat konfransları təşkil edirlər.

Ümumdünya Çaylar Günü hər il sentyabrın 4-cü bazar günü qeyd olunur. Bu günün keçirilməsinin məqsədi çayların əhəmiyyəti haqqında məlumatlılığı artırmaq, onların davamlı idarə olunmasını təşviq etmək və onların ekosistemlərə, icmalara və iqtisadiyyata verdiyi töhfələri qeyd etməkdir.

Bu gün dünyanın bir çox ölkəsində təmizlik aksiyaları, təhsil proqramları və çayların qorunması üçün təbliğat kampaniyaları ilə qeyd olunur.

İlk “Avtomobilsiz gün” 1973-cü ildə İsveçrədə keçirilmişdir. Ölkə hakimiyyəti yanacaq böhranı ilə əlaqədar vətəndaşları dörd gün avtomobillərindən imtina etməyə çağırmışdır. 2001-ci ilə qədər dünyanın 35 ölkəsindən insanlar rəsmi olaraq “Avtomobilsiz gün” hərəkatına  qoşulmuşlar. Hazırda hər il təqribən 100 milyondan çox insan bu aksiyaya qatılır.

Məqsəd insanları şəxsi avtomobillərindən imtina edib ictimai nəqliyyata, velosiped və konki sürməyə, eləcə də iş yerlərinə yaxın ərazidə qalan insanları piyada gəzintiyə yönləndirərək ətraf mühitə atılan zərərli qazların miqdarının azalmasına nail olmaqdır.

Ərzaq İtkisi və Qida Tullantıları haqqında Beynəlxalq Maarifləndirmə Günü hər il 29 sentyabr tarixində qeyd olunur. Bu günün əsas məqsədi qida itkisi və tullantılarının səbəb olduğu qlobal problemlərə diqqət çəkmək və bu məsələlərə qarşı mübarizəni təşviq etməkdir.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və BMT-nin Ətraf Mühit Proqramı (UNEP) tərəfindən dəstəklənən bu gün dünyada 2030-cu ilə qədər istehlakçı səviyyəsini təmin etmək və qida istehsalı və tədarük zəncirləri boyunca ərzaq itkilərini azaltmaq məqsədi daşıyır.

Adambaşına düşən qlobal ərzaq tullantılarını yarıya endirməyi hədəfləyən Dayanıqlı İnkişaf Məqsədi 12.3-ə çatmaq üçün problemin əhəmiyyəti və bütün səviyyələrdə onun mümkün həlli yolları barədə məlumatlılığı artırmaq və pərakəndə satışda qlobal səyləri və kollektiv fəaliyyəti təşviq etmək ətraf mühitin qorunması baxımından böyük əhəmiyyət kəsb edir. 

1978-ci ildən Beynəlxalq Dəniz Təşkilatı (BDT) Ümumdünya dəniz gününü qeyd edir. Bu günün tarixi hər dövlət üçün həmin ölkənin Beynəlxalq Dəniz Təşkilatının üzvləri tərəfindən təyin olunur. Azərbaycanda isə bu tarix sentyabr ayının son həftəsinə təsadüf edir. Bu gün ictimaiyyətin diqqəti gəmiçiliyə və dənizlərin mühafizəsinə cəlb olunur. 

1977-ci ilin noyabrında keçirilmiş Hökumətlərarası Dəniz Təşkilatı Assambleyasının 10-cu sessiyasında qərara alınmış Ümumdünya Dəniz günü 1978-ci ildən qeyd olunur. 1980-ci ilə kimi bu gün 17 martda qeyd olunurdu. Hazırki dövrdə isə bu gün sentyabrın axırıncı həftəsi qeyd olunur. 

Bütün dünyada bu bayramın keçirilməsinin məqsədi ictimaiyyətin, hökumət və özəl strukturların diqqətini dənizlərin və onların bioresurslarının qorunmasına cəlb etməkdir. Ənənəvi olaraq Dəniz günü dənizlərin və okeanların insanlar üçün əhəmiyyətindən, sualtı dünyanın sərvətlərindən və həmçinin hər bir Yer planeti sakininin onun qorunması üçün nə edə biləcəyindən bəhs edən konkurs, festival formasında keçirilir. Adətən ictimai təşkilatlar bu bayramı dənizlərin qorunması, çimərliklərin təmizlənməsi üçün mitinqlərin və yürüşlərin keçirilməsi ilə qeyd edirlər.

Bu gün hər bir insan “insanların dostları” olan heyvanlar və onların həyatının yaxşılaşdırılması barədə düşünməlidir. 

İlk dəfə olaraq 1983-cü ildə fermalarda və sallaqxanalarda öldürülən milyonlarla heyvanın iztirabını insanların nəzərinə çatdırmaq üçün “Ümumdünya heyvanların mühafizəsi günü” keçirilmişdir. 

4 oktyabr tarixi təsadüfi olaraq seçilməmişdir. Bu gün heyvanların müdafiəsinə qalxan ilk kəslərdən olan Mahatma Qandinin ad günüdür. Orta əsr İtaliyasında yaşamış əfsanəvi zahid nəinki Fransis ordeninin əsasını qoyan, həmçinin heyvanların müdafiəçisi və himayəçisi kimi yad olunur. Buna görə də bir çox rəssamlar öz əsərlərində müqəddəs Fransisi heyvan və quşların əhatəsində təsvir ediblər.

Bu gün 2006-cı ildən beynəlxalq səviyyədə qeyd edilən məlumatlandırma kampaniyası və ekoloji bayram kimi qeyd olunur. Köçəri Quşlar Günü ildə iki dəfə - mayın və oktyabrın ikinci şənbə günü qeyd edilir.

Günün əsas məqsədi dünya ölkələrinin diqqətini qlobal ekoloji problemlərdən biri olan köçəri quşların yay və qış aylarında köçü zamanı onların sərbəstliyini və təhlükəsizliyini təmin etməkdir.

Bu il Ümumdünya Köçəri Quşlar Günü su mövzusuna və onun köçəri quşlar üçün əhəmiyyətinə diqqət çəkir.

Su planetimizdəki həyatın əsasını təşkil edir. Köçəri quşların böyük əksəriyyəti üçün su ekosistemləri mühüm rol oynayır. Daxili və sahilyanı bataqlıq ərazilər, çaylar, göllər və gölməçələr qidalanma və ya yuva qurmaq, həmçinin uzun köç zamanı dincəlmələri üçün həyati əhəmiyyət daşıyır.

Ölkəmiz quşların faunası, yəni ornitofauna baxımından olduqca zəngindir. Azərbaycan ərazisindən bütün Avrasiyada ən böyük miqrasiya yollarından biri keçir. Hər il 1 milyona yaxın köçəri quş müxtəlif ölkələrdən qışlamaq üçün ölkəmizə köç edir. Yaz və payız köçü zamanı isə su-bataqlıq ərazilərində 10 milyonlarla quş müşahidə edilir.

16 oktyabr “Ümumdünya Qida Günü” kimi qeyd edilir. 16 oktyabr 1945-ci ildə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı FAO təsis olunub. Bu il FAO daha qlobal bir məsələni diqqətə çatdırmaq üçün “Ümumdünya Qida Günü”nün şüarını “Sıfır aclıq” (“Zero Hunger”) olaraq təyin edib. Təşkilat hesab edir ki, dünya sakinləri öz səylərini birləşdirməklə 2030-cu ilə qədər aclığı tamamilə aradan qaldırmaq mümkündür.

Ümumdünya Torpaq Günü Birləşmiş Millətlər Təşkilatı tərəfindən 5 dekabr 2014-cü il tarixindən etibarən rəsmi olaraq elan edilib. Hər ilin bu günü torpaqların dayanıqlığının təmin edilməsi, deqradasiyadan, çirklənmədən qorunması, effektiv və rasional istifadəsi kimi məsələlər gündəmə gətirilir.

Bu il Ümumdünya Torpaq Gününün qeyd olyunmasının məqsədi torpağın xüsusiyyətlərini başa düşmək və dayanıqlı torpaqla bağlı məlumatlı qərarların qəbul edilməsini dəstəkləmək üçün dəqiq torpaq məlumatlarının və məlumatların əhəmiyyətini vurğulayır.
Ümumdünya Torpaq Günü hər il bir deviz altında keçirilir.

Beynəlxalq səviyyədə dağlarla əlaqədar problemlərin həllinə diqqət artırmaq məqsədi ilə keçirilən tədbirdir.

BMT-nin qərarına əsasən 2002-ci il dünyada Beynəlxalq Dağlar ili adlandırılmışdır. Buna uyğun olaraq növbəti illərdə beynəlxalq səviyyədə dağlarla əlaqədar problemlərin həllinə diqqət artırılmışdır. BMT-nin Baş Assambleyasının təşəbbüsünə əsasən 2003-cü ildən başlayaraq dünyada 11 dekabr Beynəlxalq Dağlar Günü kimi qeyd olunur. Dünyada hər il bu günün keçirilməsinin məqsədi başlıca olaraq dağ sistemlərinin qlobal miqyaslı əhəmiyyətinin cəmiyyət qarşısında bir daha qaldırılmasıdır. Beynəlxalq Dağlar Günü hər il bir başlıq altında qeyd olunur.