Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Ekoloji təhlükəsizlik fəaliyyətinin təhlili və qiymətləndirilməsi şöbəsi haqqında
ƏSASNAMƏ
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra – Nazirlik) Aparatının təminedici struktur bölməsi olan Ekoloji təhlükəsizlik fəaliyyətinin təhlili və qiymətləndirilməsi şöbəsinin (bundan sonra - şöbə) əsas vəzifələrini, funksiyalarını, hüquqlarını və fəaliyyətinin təşkili qaydalarını müəyyən edir.
1.2. Şöbə bu Əsasnamə ilə ona verilən səlahiyyətlər çərçivəsində ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizliyin təşkili, ovçuluq təsərrüfatlarının mühafizəsi, onların təşkili və inkişafı, həmçinin bioloji müxtəlifliyin və faunanın qorunması, meşə fondundan istifadə və onun mühafizəsi, dövlət ekoloji ekspertizasının təşkili və həyata keçirilməsi sahəsində, habelə Nazirliyin strukturuna daxil olan və olmayan tabeliyindəki qurumlarının Əsasnamə və ya Nizamnamələri ilə müəyyən edilən fəaliyyətlərinin təhlili və qiymətləndirilməsi sahəsində (bundan sonra-müvafiq sahə) fəaliyyəti həyata keçirir.
1.3. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununu və digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər qanunvericilik aktlarını, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin (bundan sonra - nazir) əmr və sərəncamlarını (bundan sonra – təşkilati-sərəncamverici sənədlər) və bu Əsasnaməni rəhbər tutur.
1.4. Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin struktur bölmələri və qurumları, eləcə də mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları və qeyri hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
2. Şöbənin fəaliyyət istiqamətləri
2.0. Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.0.1. müvafiq sahədə Nazirliyin struktur bölmə və qurumları, digər dövlət orqanları (qurumları) ilə əməkdaşlığın aparılmasını təmin edir;
2.0.2. ətraf mühitin mühafizəsi, həmçinin ekoloji təhlükəsizliyin təşkili istiqamətində görülmüş işləri təhlil edir və qiymətləndirir;
2.0.3. Nazirliyin strukturuna daxil olan və olmayan tabeliyindəki qurumların fəaliyyətlərinin müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil olunmasını qiymətləndirir;
2.0.4. Nazirliyin strukturuna daxil olan və olmayan tabeliyindəki qurumları tərəfindən hazırlanmış hesabat və iş planları çərçivəsində görülmüş işləri təhlil edir və qiymətləndirir;
2.0.5. müvafiq sahənin inkişafı üzrə təkliflər verir;
2.0.6. müvafiq sahə üzrə dövlət siyasətinin formalaşdırılmasında iştirak edir;
2.0.7. müvafiq sahədə beynəlxalq əməkdaşlığın həyata keçirilməsində iştirak edir;
2.0.8. müvafiq sahədə normayaratma fəaliyyətinin həyata keçirilməsində iştirak edir;
2.0.9. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
3.Şöbənin vəzifələri
3.0. Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, şöbənin vəzifələri aşağıdakılardır:
3.0.1. ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizlik fəaliyyəti ilə bağlı hesabatlar, statistik məlumatlar üzrə təhlillər aparmaq və analitik məlumatlar hazırlamaq;
3.0.2. təhlillərin nəticələrinə əsasən ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizlik fəaliyyətinin təşkili üzrə qiymətləndirilməni həyata keçirmək;
3.0.3. müvafiq sahə üzrə hesabat, arayış və digər zəruri məlumatları hazırlamaq;
3.0.4. dövlət sifarişində nəzərdə tutulan işlərin seçmə qaydasında yerində yoxlanılmasını aparmaq;
3.0.5. ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizlik fəaliyyətinin qiymətləndirilməsi məqsədilə Nazirliyin qurumları ilə əlaqəli işləri təşkil etmək;
3.0.6. bu Əsasnaməyə uyğun şöbənin səlahiyyətləri daxilində Nazirliyi başqa təşkilatlarda təmsil etmək;
3.0.7. Nazirliyin qurumları tərəfindən xidməti fəaliyyətlərin müvafiq normativ-hüquqi aktların tələbləri çərçivəsində təşkil olunmasına nəzarət etmək;
3.0.8. Nazirliyin qurumları üzrə aylıq, rüblük və illik hesabatların yoxlanmasını, aralıq və yekun hesabatlara dair rəylərin verilməsini və qəbulunu həyata keçirmək;
3.0.9. Nazirliyin qurumları ilə birlikdə təhlükəli ekoloji vəziyyətlərin yaranması və genişlənməsi hallarının və hadisələrin aşkarlanmasında, habelə proqnozlaşdırılmasında iştirak etmək;
3.0.10. müvafiq sahə üzrə ekoloji məlumatlandırılma və maarifləndirilmə üzrə tədbirlər təşkil etmək;
3.0.11. mülkiyyət və hüquqi formasından asılı olmayaraq müəssisə və obyektlər tərəfindən aparılan elmi-tədqiqat və istehsalat-sınaq işləri zamanı ətraf mühitə təsirin qiymətləndirilməsi məqsədilə təşkil olunan tədbirlərdə iştirak etmək;
3.0.12. müəssisələr tərəfindən Nazirliyə təqdim edilən 2 TG (su təsərrüfatı, atmosfer havası, tullantılar, tibbi tullantılar) dövlət statistik hesabatların təhlilinin aparılmasında iştirak etmək və təkliflər vermək;
3.0.13. dövlət ekoloji ekspertizasının təşkilini, həyata keçirilməsini, habelə ekoloji ekspertiza rəyinin verilməsində “Ətraf mühitin mühafizəsi haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası qanunlarının, digər normativ hüquqi aktların tələblərinə riayət olunmasına nəzarətin həyata keçirməsi məqsədilə Dövlət Ekoloji Ekspertiza Agentliyindən hesabatlar tələb etmək və digər tədbirlər görmək;
3.0.14. ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən radiasiya, vibrasiya və nüfuzedici səs-küyün yolverilən hədd normalarına edilən nəzarətə dair təqdim olunan hesabatları təhlil etmək və qiymətləndirmək;
3.0.15. müəssisələrin fəaliyyətləri ilə bağlı hazırlanmış ekoloji normativ layihə sənədlərinə verilən razılıqlar barədə hesabatları Nazirliyin aidiyyəti qurumlarından alaraq təhlil etmək və nəticəsi barədə məlumatı rəhbərliyə təqdim etmək;
3.0.16. su obyektlərindən səmərəli və qənaətli istifadəyə, eləcə də su obyektlərinin çirklənmədən qorunmasına dair aparılan nəzarəti təhlil etmək və qiymətləndirmək;
3.0.17. ölkə ərazisində müxtəlif növ bərk tullantıların (təhlükəli və təhlükəsiz) formalaşması ilə bağlı müvafiq qanunvericilik çərçivəsində aparılan monitorinqlərin və araşdırmaların nəticələrini təhlil etmək və qiymətləndirmək;
3.0.18. torpaqların texnogen tullantılarla çirklənmə səviyyəsinin öyrənilməsi məqsədilə iri sənaye şəhərləri və müəssisələrin ətraf ərazilərində keçirilən monitorinqlərin nəticələri barədə təqdim edilən hesabatları təhlil etmək və qiymətləndirmək;
3.0.19. respublikanın transsərhəd çayları və onların transsərhəd qollarının çirklənmə səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə keçirilən monitorinqlərin nəticələri barədə təqdim edilən hesabatları təhlil etmək və qiymətləndirmək;
3.0.20. aidiyyəti qurumlarla birlikdə ekoloji təhlükəsizliyi təmin etmək, təbii ekoloji sistemlərə təsərrüfat və digər fəaliyyət nəticəsində dəyə biləcək zərərin qarşısını almaq üçün görülən tədbirlərdə nazirliyin aidiyyəti qurumları ilə birlikdə iştirak etmək;
3.0.21. ekoloji tələblərin pozulması ilə əlaqədar müəssisələrdə, qurğu və obyektlərdə həyata keçirilən işlərin məhdudlaşdırılması və müvəqqəti dayandırılması, onların istismara verilməsinin qadağan edilməsi, təsərrüfat fəaliyyətinin və başqa fəaliyyətlərin dayandırılması ilə bağlı görülən tədbirləri təhlil etmək və qiymətləndirmək;
3.0.22. təbii ehtiyatlardan istifadə və ətraf mühitin mühafizəsi sahəsində ayrı-ayrı fəaliyyət növlərinin həyata keçirilməsi üçün verilən lisenziya və icazənin, təbiətdən istifadə müqavilələrinin (kontraktların) şərtlərinə əməl edilməsi barədə təqdim edilən hesabatları təhlil etmək və qiymətləndirmək;
3.0.23. partlayış, dib dərinləşdirmə işləri, faydalı qazıntılar hasilatı, hidrotexniki qurğular, kabellər, neft-qaz kəmərlərinin çəkilməsi zamanı ətraf mühitin qiymətləndirilməsi məqsədi ilə keçirilən monitorinqlərin nəticəsi barədə hesabatları Nazirliyin aidiyyəti qurumlarından alaraq təhlil etmək və qiymətləndirmək;
3.0.24. iri çirkləndirici obyektlərdə, o cümlədən neft-qazçıxarma və emal müəssisələrində keçirilən monitorinqlərin nəticəsinə uyğun görülən tədbirlər barədə arayış və müvafiq hesabatları Nazirliyin aidiyyəti qurumlarından alaraq təhlil etmək və qiymətləndirmək;
3.0.25 gəmilərdə və üzən vasitələrdə, həmçinin yanalma körpülərində və limanlarda keçirilən monitorinqlərin nəticəsi barədə məlumatları Nazirliyin aidiyyəti qurumlarından alarq təhlil etmək və qiymətləndirmək;
3.0.26. Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində və onun sahil zolağında fəaliyyət göstərən müəssisə və obyektlərdə, istirahət zonalarında, çimərlik ərazilərində və s. keçirilən monitorinqlərin nəticələri barədə arayış və hesabatları təhlil etmək və qiymətləndirmək;
3.0.27. dəniz ekspedisiyası zamanı gəmi marşrutunun və monitorinq keçirilməsi nəzərdə tutulan koordinatların təyini və götürülən nümunələr üzərində aparılmış analitik və bioloji analizlərin nəticələrinin müqayisəli təhlil edilməsində yaxından iştirak etmək;
3.0.28. bütün sahələr üzrə (açıq dəniz və onun sahil zolağı, çaylar, göllər, çirklənmiş torpaq sahələri, atmosferə atılan tullantılar, tullantı sahələri və s.) nümunələrin götürülməsi üçün stasionar monitorinq nöqtələrinin seçilməsi və xəritələşdirilməsində yaxından iştirak etmək;
3.0.29. hidrometeoroloji müşahidə şəbəkəsinin yenilənməsi və genişləndirilməsi, proqnozlar və xəbərdarlıqların hazırlanması, özünüdoğrultması, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin hirometeoroloji rejiminin və iqlim xüsusiyyətlərinin öyrənilməsi, qar örtüyü və buzlaqların (təyin olunmuş vaxtlarda) monitorinqlərinin həyata keçirilməsi fəaliyyətini təhlil etmək və qiymətləndirmək;
3.0.30. xüsusi mühafizə olunan təbiət ərazilərinin, bioloji ehtiyatların, o cümlədən balıqların kvotasına dair təşkil olunan monitorinqlərdə və ekspedisiyalarda yaxından iştirak etmək, bununla bağlı hesabatları Nazirliyin aidiyyəti qurumlarından alaraq təhlil etmək və qiymətləndirmək;
3.0.31. Azərbaycan Respublikasının ərazisində və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində bioloji müxtəlifliyin qorunması, bərpası, artırılması, inkişaf etdirilməsi fəaliyyətini təhlil etmək və qiymətləndirmək;
3.0.32. xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərindən məqsədli istifadə, heyvanlar aləminin və ovçuluq təsərrüfatlarının inkişafı ilə bağlı fəaliyyəti təhlil etmək və qiymətləndirmək;
3.0.33. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin tabeli qurumlarında görülmüş işlərə (qanun pozuntuları, qanunsuz ov, məhkəmə, icra və probasiya şöbələrinə və hüquq mühafizə orqanlarına göndərilmiş işlərin, qəbul edilmiş inzibati qərarların, ağac kəsmə ilə bağlı cinayət tərkibi olan işlərin, xüsusi fonda daxil olma, ekoturizm, məməli heyvan və quşların sayğısı və s.) dair təqdim edilmiş hesabatları təhlil etmək və qiymətləndirmək;
3.0.34. yaşıllıqların salınması, becərilməsi və mühafizəsi işlərinin yerinə yetirilməsi üzrə təqdim edilmiş hesabatları təhlil etmək və qiymətləndirmək;
3.0.35. icarəyə və istifadəyə verilmiş meşə sahələrinin mövcud qanunvericiliklərin tələblərinə uyğun istifadə edilməsi və vəziyyətin yerində araşdırılması nəticələrinə dair nazirliyin aidiyyəti qurumları tərəfindən təqdim olunmuş hesabatları təhlil etmək və qiymətləndirmək;
3.0.36. meşəbərpa, meşəmühafizə, meşə fondundan istifadə tədbirləri ilə bağlı fəaliyyəti təhlil etmək və qiymətləndirmək;
3.0.37. meşə təsərrüfatı tədbirləri ilə bağlı regional meşə təsərrüfatı mərkəzləri tərəfindən təqdim olunmuş hesabatları (3MT və digər) təhlil etmək və qiymətləndirmək;
3.0.38. aralıq istifadə üçün qırmalar və meşələrin tör-töküntüdən təmizlənməsi hesabına tədarük ediləcək oduncaq barədə müəssisələrdən daxil olmuş hesabatları təhlil etmək və qiymətləndirmək;
3.0.39. mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq qırma sahələrinin düzgün seçilməsini, qırıntı üçün təyin olunmuş ağacların və tör-töküntüdən tədarük ediləcək oduncağın texniki yararlılığını, həmçinin həcm və nırx qiymətlərinin düzgün hesablanıbhesablanmamasını yerində araşdıraraq təqdim olunan ümumiləşdirilmiş müqayisəli hesabatı təhlil etmək və qiymətləndirmək;
3.0.40. ölkədə faydalı qazıntıların çıxarılması ilə məşğul olan, bu sahədə fəaliyyət göstərən və fəaliyyəti dayandırılmış fiziki və hüquqi şəxslərin, faydalı qazıntıların çıxarılması üçün istifadə edilən yer təki sahələrinin dəqiq uçotunu, görülən işlərin qanunvericiliyin tələblərinə uyğunluğunu müəyyən etmək üçün keçirilən monitorinqlərin nəticəsi barədə təqdim edilmiş məlumatları təhlil etmək və qiymətləndirmək;
3.0.41. geoloji-kəşfiyyat işlərinin nəticələri barədə təqdim edilmiş hesabatları təhlil etmək və qiymətləndirmək;
3.0.42. Bu Əsasnamə ilə şöbənin səlahiyyətinə aid edilmiş məsələlər üzrə dövlət, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslərdən, habelə Nazirliyin tabeli qurumlarından, struktur vahidlərindən daxil olmuş məktub, sorğu, ərizə, şikayət, təklif və digər sənədlərə qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada baxılmasını, araşdırılmasını, cavablandırılmasını və təqdim edilməsini təmin etmək;
3.0.43. şöbəyə daxil olan vətəndaş müraciətlərinin nazirliyin aidiyyəti qurumları ilə birgə araşdırılmasını və cavablandırılmasını təmin etmək;
3.0.44. ətraf mühit mühafizəsi monitorinqinin və ekoloji təhlükəsizlik fəaliyyətinin təkmilləşdirilməsi sahəsində Nazirliyin aidiyyəti qurumları ilə mütəmadi maarifləndirmə işlərini həyata keçirmək;
3.0.45. şöbənin illik iş planını, fəaliyyəti ilə bağlı hesabatları hazırlamaq;
3.0.46. müvafiq sahənin inkişafı ilə bağlı öz fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübəni öyrənmək və uyğunlaşdırılması ilə bağlı təkliflər vermək;
3.0.47. fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını təmin etmək;
3.0.48. şöbənin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı rəhbərliyə təkliflər vermək.
4. Şöbənin hüquqları
4.0 Şöbə bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
4.0.1. fəaliyyət istiqamətlərinə uyğun Nazirliyin struktur bölmələrinə zəruri məlumatlar (sənədlər) barədə müvafiq qaydada sorğu vermək və onlardan məlumatları (arayış və hesabatları) almaq;
4.0.2. fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə rəy vermək, təhlillər, ümumiləşdirmələr, monitorinqlər və tədqiqatlar aparmaq, analitik materiallar hazırlamaq, şöbəyə daxil olmuş sənədləri icra etmək;
4.0.3 müvafiq sahə üzrə qurumların fəaliyyətinin təkmilləşdirilməsi, müvafiq sahənin innovativ inkişafına dair prioritet istiqamətlərin müəyyənləşdirlməsi məqsədilə təkliflər vermək;
4.0.4. ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliklə bağlı mediada yayımlanan məlumatlar əsasında təhlillər aparmaq, məlumatların araşdırılmasında yaxından iştirak etmək;
4.0.5. bu Əsasnamə ilə şöbənin səlahiyyətləri daxilində müvafiq sahə ilə bağlı Nazirliyin qrumlarının arasında işlərin koordinasiyasını təşkil etmək;
4.0.6. zərurət yarandığı halda ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizlik fəaliyyəti ilə bağlı nazirliyin aydiyyəti qurumlarının iştirakı ilə yerində araşdırmalar aparmaq;
4.0.7. hesabatların və statistik məlumatların təhlili və qiymətləndirilməsi zamanı aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün tövsiyyələr vermək və onların icra vəziyyətinə nəzarət etmək;
ekoloji təhlükəsizliyin təmin edilməsinə dair tələbləri müəyyən edən dövlət standartları və digər normativlərin hazırlanmasında iştirak etmək;
4.0.8. fəaliyyət istiqamətlərinə uyğun Nazirliyi dövlət orqanları, yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları, media, hüquqi və fiziki şəxslər qarşısında, o cümlədən, digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında təmsil etmək;
4.0.9. fəaliyyət istiqamtlərinə uyğun dövlət və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əməkdaşlıq etmək;
4.0.10. müvafiq sahədə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək və beynəlxalq müqavilələrin layihələrini hazırlanmasında iştirak etmək;
4.0.11. Nazirliyin fəaliyyət istiqamətləri üzrə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr üzrə öhdəliklərin icrasında iştirak etmək;
4.0.12. xarici dövlətlərin və beynəlxalq təşkilatların müvafiq sahədə təcrübələrinə əsasən fəaliyyətin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;
4.0.13. fəaliyyət istiqamətlərinə uyğun həyata keçirilən rəsmi və işgüzar qəbullarda, görüşlərdə iştirak etmək;
4.0.14. müvafiq sahələr üzrə fəaliyyətlərin təhlili və qiymətləndirilməsi zamanı aşkar edilən çatışmazlıqlar barədə məlumatları rəhbərliyə təqdim etmək;
4.0.15. vəzifə və funksiyaların icrası məqsədilə Nazirliyin qurumlarının arxiv və fondlarında saxlanılan məlumat və materiallardan qanunvericiliyin tələblərinə uyğun istifadə etmək;
4.0.16. müvafiq sahələrdə Nazirliyin qurumlarının fəaliyyətləri üzrə nəzarəti həyata keçirmək;
4.0.17. şöbənin strukturunda kadr potensialının gücləndirilməsi istiqamətində rəy və təkliflər vermək;
4.0.18. qurumlardan iş planlarının icrası ilə bağlı hesabatları tələb etmək, təlillər apararaq qiymətləndirmək və təqdimatlar vermək;
4.0.19. müvafiq sahələr üzrə səlahiyyətləri daxilində Nazirliyi dövlət orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər qarşısında təmsil etmək;
4.0.20. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
5.Şöbənin fəaliyyətinin təşkili
5.1. Şöbənin strukturu və əməkdaşlarının sayı nazir tərəfindən müəyyən və təsdiq edilir. Şöbə bilavasitə Aparat rəhbərinə tabedir və onun qarşısında hesabat verir. Nazir tərəfindən səlahiyyət verilmiş şəxs istisna olmaqla, heç kəs şöbənin fəaliyyətinə müdaxilə edə bilməz.
5.2. Şöbənin fəaliyyətinə nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir. Şöbə müdiri şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
5.3. Şöbə müdirinin nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini vardır. Şöbə müdirinin müavini şöbə müdiri tərəfindən ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır. Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada şöbə müdirinin müavini həyata keçirir.
5.4. Şöbənin digər əməkdaşları nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.
5.5. Şöbə müdiri:
5.5.1. şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
5.5.2. tabeliyində olan sektorlar və əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra və etik davranış qaydalarına riayət etmələrinə nəzarət edir;
5.5.3. şöbəyə həvalə olunmuş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədləri imzalayır, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə icra edilməsinə nəzarət edir;
5.5.4. şöbə üzrə Nazirliyin Kollegiyasında müzakirə olunmalı məsələləri müəyyən edir və bu barədə təkliflərini Nazirliyin rəhbərliyinə təqdim edir, şöbə tərəfindən bu Əsasnamənin
1.3-cü bəndində göstərilən qanunvericilik aktlarının və təşkilati-sərəncamverici sənədlərin vaxtında və lazımi səviyyədə icrasını təmin edir;
5.5.5. şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Nazirliyin rəhbərliyinə təqdimatlar verir;
5.5.6. şöbənin inzibati vəzifə tutan dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir;
5.5.7. şöbənin əməkdaşlarının ixtisasının artırılması və əmək şəraitinin yaxşılaşdırılması üçün müvafiq tədbirləri həyata keçirir;
5.5.8. şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Nazirliyin struktur bölmələri və qurumlarından zəruri məlumat və sənədləri alır və yerlərdə fəaliyyət istiqamətlərinə uyğun təhlil və qiymətləndirmə aparır;
5.5.9. şöbə üzrə daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;
5.5.10. şöbədə kargüzarlıq işlərinin aparılmasını, xidməti və məxfilik rejimini təmin edir;
5.5.11. Nazirliyin struktur bölmələri və qurumlarından təşkilati-sərəncamverici sənədlərin icrası haqqında məlumatlar alır və yerlərdə araşdırma aparır;
5.5.12.şöbənin əməkdaşlarını rotasiyası ilə bağlı təkliflər verir;
5.5.13. şöbəni təmsil edir.
5.6. Şöbənin əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.
5.7. Şöbənin hər bir əməkdaşı ona məlum olan dövlət sirri, yaxud xidməti sirr təşkil edən məlumatların mühafizə olunmasına görə öz vəzifəsinə və səlahiyyətlərinə uyğun məsuliyyət daşıyırlar.
5.8. Şöbənin strukturuna Ekoloji monitorinqin və statistik məlumatların təhlili sektoru və Ətraf mühitin mühafizəsinin qiymətləndirilməsi sektoru daxildir.
5.9. Ekoloji monitorinqlərin və statistik hesabatların təhlili sektoru:
5.9.1. ətraf mühitin və təbii ehtiyatların ekoloji monitorinq fəaliyyəti barədə rüblük və illik məlumat və hesabatları qəbul edir, onların müqayisəli təhlilini aparır;
5.9.2. nazirliyin strukturuna daxiul olan və olmayan tebeliyindəki qurumlar üzrə müvafiq hesabat və arayışları, habelə zərurət yarandığı halda əlavə məlumatları alır, təhlil edir və nəticələri barədə analitik hesabatları hazırlayır;
5.9.3. hesabatların və statistik məlumatların təhlili zamanı aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq təkliflər və tövsiyyələr verir;
5.9.4. aidiyyəti üzrə şöbənin fəaliyyəti və iş planı ilə bağlı hesabatları müvafiq dövrlərdə hazırlayaraq şöbə rəhbərinə təqdim edir;
5.9.5. müvafiq sahələr üzrə əhalinin ekoloji məlumatlandırılması və maarifləndirilməsinə dair təşkil olunan tədbirlərdə iştirak edir;
5.10. Ətraf mühitin mühafizəsinin qiymətləndirilməsi sektoru:
5.10.1. ekoloji təhlükəsizliyi təmin etmək, təbii ekoloji sistemlərə təsərrüfat və digər fəaliyyət nəticəsində dəyə biləcək zərərin qarşısını almaq üçün görülən tədbirlərə dair Nazirliyin aidiyyəti qurumlarından məlumatlar alır və qiymətləndirməni həyata keçirir;
5.10.2. Şöbənin fəaliyyət istiqamətinə uyğun olaraq, Nazirliyin tabeli qurumlarının təsdiqlənmiş illik iş planları üzrə tədbirlərin icra edilməsini nəzarətdə saxlayır, təhlil edilmiş arayış və hesabatlar üzrə qiymətləndirməni həyata keçirir;
5.10.3. aidiyyəti üzrə şöbənin fəaliyyəti və iş planı ilə bağlı hesabatları müvafiq dövrlərdə hazırlayaraq şöbə rəhbərinə təqdim edir;
5.10.4. mülkiyyət və hüquqi formasından asılı olmayaraq müəssisə və obyektlər tərəfindən aparılan elmi-tədqiqat və istehsalat-sınaq işləri zamanı ətraf mühitə təsirin qiymətləndirilməsi məqsədilə təşkil olunan tədbirlərdə iştirak edir;
5.10.5. ətraf mühit mühafizəsi monitorinqinin və ekoloji təhlukəsizlik fəaliyyətinin təkmilləşdirilməsi sahəsində Nazirliyin aidiyyəti qurumları ilə mütəmadi maarifləndirmə işlərini həyata keçirir.