11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi

Azərbaycan Respublikası Ekologiya
və Təbii Sərvətlər Nazirliyinin
2023-cü il 13  fevral tarixli
126/Ü nömrəli Əmri ilə təsdiq edilmişdir.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi haqqında
                                                                     ƏSASNAMƏ

1. Ümumi müddəalar
1.1. 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (bundan sonra – İdarə) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra – Nazirlik) 2019-cu il 28 yanvar tarixli 74/ü nömrəli Əmri ilə yaradılmışdır.
1.2. İdarənin xidməti ərazisi Bakı şəhərini əhatə edir.
1.3. İdarə öz xidməti ərazisində, o cümlədən Xəzər dənizinin bu zonaya aid hissəsində ətraf mühitin mühafizəsi, təbii ehtiyatların monitorinqi və təbii ehtiyatlardan səmərəli istifadə olunması sahəsində sahələrarası idarəetməni və dövlət nəzarətini həyata keçirən səlahiyyətli orqandır.
1.4. İdarə xidməti ərazisində atmosfer havasının, su hövzələrinin, torpağın, yerin təkinin, yeraltı və yerüstü təbii sərvətlərin, faunanın (o cümlədən balıq və digər su bioresurslarının), floranın (o cümlədən yaşıllıqların), xüsusi mühafizə olunan təbiət ərazilərinin mühafizəsi, istifadəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarət, eləcə də ətraf mühitin ekoloji vəziyyətin, təbii və antropogen təsirlər nəticəsində gedən proseslərin monitorinqi, qiymətləndirilməsi, proqnozlaşdırılması, eləcə də ekoloji maarifləndirmə sahəsində (bundan sonra - müvafiq sahə) Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə dövlət nəzarətinin həyata keçirilməsində iştirak edən, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra – Nazirlik) strukturuna daxil olan qurumdur.
1.5. İdarə ətraf mühitin mühafizəsi və təbiətdən səmərəli istifadənin təşkilinə, təbii ehtiyatlarının bərpası və qorunması sahəsində vəziyyətə, bu sahədə vahid dövlət siyasətinin həyata keçirilməsinə görə Nazirlik qarşısında məsuliyyət daşıyır.
1.6. İdarə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əmrlərini və bu Əsasnaməni rəhbər tutur.
1.7. İdarə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, vətəndaş cəmiyyəti institutları ilə, habelə hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.8. İdarə, öz səlahiyyətlərinə aid məsələlərlə əlaqədar məhkəmələrdə çıxış edir, müvafiq prosessual hüquq və vəzifələri həyata keçirir.
1.9. İdarənin maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsi, fondlar və qanunda nəzərdə tutulan digər mənbələr hesabına həyata keçirilir.
1.10. İdarə müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri, Nazirliyin və öz adı əks olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.
1.11. İdarə Bakı şəhərində yerləşir.

2. İdarənin fəaliyyət istiqamətləri
2.0.  İdarənin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.0.1. təbii sərvətlərin öyrənilməsi, bərpası və mühafizəsi, onlardan səmərəli istifadə olunması, bu sahədə ekoloji təhlükəsizliyin təmin edilməsi və bioloji müxtəlifliyin qorunub saxlanılması üzrə dövlət siyasətini həyata keçirmək;
2.0.2. torpağın münbit qatının korlanmasına, yer təkinin, bioloji müxtəlifliyin, bitki örtüyünün, meşələrin, heyvanlar aləminin (o cümlədən balıq və digər su bioresurslarının), su hövzələrinin (o cümlədən daxili sututarlar, göllər, çaylar, Xəzər dənizi), xüsusi mühafizə olunan təbiət ərazilərinin mühafizəsi, bərpası və səmərəli istifadəsi, həmçinin atmosfer havasının və yaşıllıqların mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasına dövlət nəzarətini həyata keçirmək;
2.0.3. ətraf mühitin mühafizəsi və təbii ehtiyatların monitorinqinin həyata keçirilməsində iştirak etmək;
2.0.4. "Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yaşıllıqların götürülməsinə dair rəyin verilməsi üçün yaşıllığa yerində baxış keçirmək;
2.0.5. təhlükəli və təhlükəsiz sənaye, məişət, tikinti, tibbi və radioaktiv tullantıların idarə olunmasına (əmələ gəlməsi, yığılması, toplanması, çeşidlənməsi, daşınması, yerləşdirilməsi, emalı, istifadəsi, utilizasiyası, zərərsizləşdirilməsi və basdırılması) dövlət nəzarətini həyata keçirmək;
2.0.6. ətraf mühitin vəziyyətinə təbii, antropogen və digər təsirləri qiymətləndirmək, bu istiqamətdə təkliflər hazırlamaq;
2.0.7. öz fəaliyyət istiqamətlərinə uyğun ekoloji maarifləndirmə sahəsində tədbirlərin həyata keçirilməsində iştirak etmək.

3. İdarənin vəzifələri
3.0. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq İdarənin vəzifələri aşağıdakılardır:
3.0.1. ətraf mühitin əlverişli ekoloji vəziyyətinin təmin edilməsi və ekoloji şəraitin sağlamlaşdırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinə nəzarət etmək;
3.0.2. ətraf mühitə zərərli fiziki təsirləri tənzimləyən qayda, standart və normalara əməl olunmasına dövlət nəzarətini həyata keçirmək;
3.0.3. təbii ehtiyatlardan səmərəli istifadə edilməsi və ətraf mühitin komponentləri (torpaq, yerin təki, flora, fauna, atmosfer havası, yeraltı və yerüstü sular, çaylar, Xəzər dənizi) üzrə davamlı monitorinqi həyata keçirmək və monitorinqin nəticələrinə dair hesabatlar aparmaq;
3.0.4. ekoloji tarazlığın qorunmasına, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə edilməsinə operativ nəzarəti həyata keçirmək;
3.0.5. ekoloji təhlükəsizliyi təmin etmək, təbii ekoloji sistemlərə təsərrüfat və digər fəaliyyət növləri nəticəsində dəyə biləcək zərərin qarşısını almaq istiqamətində tədbirlər görmək;
3.0.6. təbii sərvətlərin mühafizəsi, səmərəli istifadəsi, bərpası və bioloji müxtəlifliyin qorunub saxlanması istiqamətində monitorinqlər aparmaq;
3.0.7. ətraf mühitə təbii, antropogen və digər təsirləri qiymətləndirmək və bu təsirlərin aradan qaldırılması istiqamətində kompleks tədbirlər işləyib hazırlamaq;
3.0.8. təbii sərvətlərdən istifadə, təbiəti mühafizə, ekoloji təhlükəsizlik məsələləri ilə bağlı sosial-iqtisadi inkişaf proqramlarına daxil edilən layihələrə dair təkliflər vermək;
3.0.9. fəaliyyəti ətraf mühitin çirklənməsinə səbəb olmuş hüquqi və fiziki şəxslərin, təşkilatların siyahısını tərtib etmək, onların təsərrüfat fəaliyyəti ilə əlaqədar ətraf mühitə təsirin nəticələrini təhlil etmək;
3.0.10. ətraf mühitə zərərli maddələrin atılmasının (axıdılmasının) vəziyyəti üzrə monitorinqlər həyata keçirmək; 
3.0.11. ekoloji sistemlərin və bioloji tarazlığın, habelə atmosfer havasını və su obyektlərini çirkləndirən mənbələrin, yerüstü və yeraltı suların, torpağın, yer təkinin, bitkilər aləminin (o cümlədən meşə və yaşıllıqların), bioloji obyektlərin və vəhşi heyvanların yaşayış mühitinin ekoloji vəziyyətinə nəzarət etmək;
3.0.12. atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə icazənin tələbləri pozulduqda icazəni dayandırmaq və ya ləğv etmək  barədə aidiyyəti üzrə təqdimatlar vermək;
3.0.13. nəqliyyat vasitələrinin, digər səyyar vasitələrin, qurğuların ətraf mühitə dair norma, standart və tələblərə uyğunluğu üzərində monitorinq keçirmək, ətraf mühitə atılan zərərli maddələrin azaldılması və normativ həddə salınması sahəsində tədbirlərin həyata keçirilməsinə nəzarət etmək;
3.0.14. ozondağıdıcı maddələrin və tərkibində belə maddələr olan məhsulların istehsalına, istifadəsinə, saxlanılmasına və zərərsizləşdirilməsinə nəzarət etmək;
3.0.15. ətraf mühitə zərərli fiziki təsirləri tənzimləyən tələb, norma və standartların təmin olunmasına nəzarət etmək;
3.0.16. müxtəlif növ tullantıların poliqonlarda yerləşdirilməsi və basdırılması zamanı ətraf mühitin mühafizəsi tədbirlərinin həyata keçirilməsinə nəzarət etmək;
3.0.17. mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslər və fiziki şəxslər, təşkilatlar tərəfindən təqdim edilən ətraf mühitə atılan (axıdılan) və yerləşdirilən tullantıların statistik hesabatları qəbul etmək, yoxlamaq və razılaşdırmaq;
3.0.18. radioaktiv maddə və ionlaşdırıcı şüa mənbələrinin daşınması, istifadəsi və saxlanılması zamanı ətraf mühitin mühafizəsi norma və tələblərinin yerinə yetirilməsinə nəzarət etmək;
3.0.19. ekoloji tələblərə cavab verməyən sənaye, kənd təsərrüfatı və digər məhsulların müvafiq qaydada zərərsizləşdirilməsinə, məhv edilməsinə və ya təkrar emala göndərilməsinə nəzarət etmək;
3.0.20. su obyektlərindən səmərəli və məqsədyönlü istifadə edilməsinə, yerüstü və yeraltı suların çirklənməkdən, zibillənməkdən və tükənməkdən qorunmasına, habelə yeraltı sulardan planlı istifadə edilməsinə nəzarət etmək;
3.0.21. su çıxarmaq üçün istismar quyularının qazılması və yeraltı sulardan istifadə qaydalarına, o cümlədən ekoloji tələblərə uyğun olaraq yeraltı və yerüstü təbii suların istifadəçilərə verilməsi və istifadəçilərdən geri alınması, təkrar istifadəyə verilməsi qaydalarına və şərtlərinə əməl edilməsinə nəzarət etmək;
3.0.22. su hövzələrinin (o cümlədən çayların, Xəzər dənizinin) çirklənməsinin qarşısının alınması, suvurucu qurğuların inşası, partlayış, dərinləşdirmə işləri, faydalı qazıntılar hasilatı, boru kəmərlərinin, elektrik xətlərinin, dəmir və avtomobil yollarının çəkilişi, kanalların qazılması zamanı torpaq ehtiyatlarının, flora (o cümlədən meşə və yaşıllıqların) və faunanın məruz qaldığı mənfi təsirlərin aradan qaldırılması üçün tədbirlərin həyata keçirilməsinə və çirkləndiricilərin ətraf mühitə atılmasının ilkin hesabatlarının aparılmasına nəzarət etmək;
3.0.23. çayların, su axarlarının, göllərin və digər sututarların regionun ekoloji tarazlığını tənzimləyən vəziyyətə gətirilməsi ilə əlaqədar görülən işlərə və tədbirlərə nəzarət etmək;
3.0.24. su hövzəsinə və atmosfer havasına atılan çirkləndirici maddələrin tutulması üçün müvafiq qaz-toztutucu və su təmizləyici qurğuların istismara verilməsinə, səmərəli işləməsinə, bu qurğuların qeydiyyatının aparılmasına, həmçinin çirkləndirmə mənbələrinin tənzimləyici cihazlarla təchiz edilməsinə dair qayda və normativlərə əməl olunmasına nəzarət etmək;
3.0.25 torpaq istifadəçiləri tərəfindən torpaqqoruyucu tədbirlərin həyata keçirilməsinə, habelə aqrotexniki, aqrokimyəvi və ekoloji qaydalara əməl edilməsinə nəzarət etmək;
3.0.26. torpaqların eroziyasına və ekzogen geoloji proseslərə qarşı tədbirlər görülməsinə və torpaqların münbitliyinin artırılması tədbirlərinə nəzarət etmək;
3.0.27. torpaqların şoranlaşmadan, bataqlıqlaşmadan, səhralaşmadan, istehsalat və məişət tullantıları, zəhərli, kimyəvi maddələr ilə çirklənmədən, faydalı qazıntılar çıxarılarkən korlanmalardan qorunması və yararlı vəziyyətə gətirilməsi ilə əlaqədar görülən işlərə və tədbirlərə nəzarət etmək;
3.0.28. torpaqların münbitliyinin artırılması üçün aqrotexniki, meliorativ və hidrotexniki tədbirlər kompleksinin vaxtında tətbiq edilməsi, torpaqların eroziyası mənbələrinin təsirinin aradan qaldırılması, tarlaqoruyucu meşə zolaqlarının salınması, hidrotexniki və sahilbərkitmə qurğularının fəaliyyətini təmin etmək sahəsində tədbirlərin həyata keçirilməsinə nəzarət etmək;
3.0.29. bitkiqoruyucu vasitələr, onların böyüməsi üçün stimulyatorlar, mineral gübrələr, kimyəvi reagentlər və maddələr, bioloji preparatlar daşınarkən, istifadə edilərkən və saxlanılarkən ətraf mühitin mühafizəsi tələblərinin gözlənilməsinə nəzarət etmək;
3.0.30. hüquqi və fiziki şəxslərdən, təşkilatlardan qanunvericiliyə uyğun qaydada yaşıllıqların mühafizəsi və qorunub saxlanılmasına, yaşıllıq sahələrinə aqrotexniki qaydada qulluq edilməsinə, yeni yaşıllıq sahələrinin salınmasına dair illik tədbirlər planlarını tələb etmək və razılaşdırmaq, bu tədbirlərin həyata keçirilməsinə nəzarət etmək;
3.0.31. mövcud və yeni salınacaq yaşayış məntəqələrində, sosial, səhiyyə, sənaye və digər obyektlərin ərazisində qanunvericilikdə nəzərdə tutulmuş yaşıllıqla təmin edilməsi normalarına əməl olunmasına nəzarət etmək;
3.0.32. yaşıllıqların götürülməsi və bərpası qaydalarının tələblərinə, bu sahədə dövlət ekoloji ekspertizası rəylərinin, eləcə də torpaq mülkiyyətçiləri və istifadəçiləri tərəfindən verilmiş qərar (sərəncam) və yaşıllığın götürülməsi vərəqi şərtlərinin yerinə yetirilməsinə nəzarət etmək;
3.0.33. xüsusi mühafizə olunan təbiət ərazilərində, o cümlədən milli parklarda, dövlət təbiət və biosfer qoruqlarında, təbiət yasaqlıqlarında, təbiət abidələrində, zooloji parklarda, nəbatat bağlarında və dendroloji parklarda turizm və rekreasiya (istirahət), elmi tədqiqatlar, mədəni-maarif və tədris tədbirləri üçün istifadənin müəyyən olunmuş qaydalarına və şərtlərinə əməl edilməsinə nəzarət etmək;
3.0.34. milli parklarda, dövlət təbiət qoruqlarında, yasaqlıqlarında və digər xüsusi mühafizə olunan təbiət ərazilərində mühafizə rejiminə əməl olunmasına öz fəaliyyət istiqamətlərinə uyğun nəzarət etmək;
3.0.35. qiymətli təbii landşaftların və meşələrin suqoruyucu, torpaqqoruyucu, rekreasiya və digər faydalı təbii xassələrinin saxlanılması, onların yanğınlardan, dağıntılardan, zərərvericilərdən və xəstəliklərdən qorunması tədbirlərinin həyata keçirilməsinə nəzarət etmək;
3.0.36. meşə fondu torpaqlarının zibillənməsi, çirklənməsi, su altında qalması və bataqlıqlaşması hallarının qarşısının alınması, yararlı hala gətirilməsi (bərpa edilməsi), məhsuldarlığının artırılması üçün tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət etmək;
3.0.37. meşə fondu sahələrinin istifadəçiləri tərəfindən ətraf mühitin mühafizəsi qanunvericiliyinin tələblərinə əməl edilməsinə nəzarət etmək;
3.0.38. sanitariya və xidməti qırmaların aparılmasında müvafiq təlimatların və qanunvericiliyin tələblərinə əməl edilməsinə, meşə mühafizəsi haqqında hesabat göstəricilərinin düzgünlüyünə nəzarət etmək;
3.0.39. meşənin sanitar vəziyyətinə, seçmə və sanitar qırma sahələrinin təyin edilməsinin düzgün aparılmasına nəzarət etmək;
3.0.40. öz fəaliyyət istiqamətinə uyğun olaraq meşələrin xəstəliklər və ziyanvericilərdən mühafizəsi üzrə tədbirlərin yerinə yetirilməsinə nəzarət etmək;
3.0.41. tikilməkdə olan və yeni tikiləcək obyektlərin layihə sənədlərinə verilmiş dövlət ekoloji ekspertizası rəyinin tələblərinin icrasına nəzarət etmək;
3.0.42. ətraf mühitin vəziyyətinə təsir göstərən, habelə təbiəti mühafizə təyinatlı obyektlərin, qurğuların qəbulu və istifadəyə verilməsi üzrə komissiyaların işində iştirak etmək, təsərrüfat fəaliyyətinin üçün torpaqların ayrılmasına dair materialları öz fəaliyyət istiqamətlərinə uyğun razılaşdırmaq;
3.0.43. zəruri hallarda sənaye və məişət tullantılarının basdırılması, zərərli maddələrin ətraf mühitə atılması, su obyektlərində və sahilboyu zolaqlarda işlərin aparılması, istehsal ehtiyaclarından və elmi-tədqiqat işlərindən ötrü atmosfer havasının işlədilməsi, torpaq sahələrinin ayrılması üçün verilmiş icazələrin ləğvi barədə müvafiq qaydada vəsatət qaldırmaq;
3.0.44. ekoloji problemlərin həllinə əhalinin və ictimai təşkilatların cəlb edilməsi məqsədi ilə informasiyanın yayılması, ekoloji maarifləndirmə işinin aparılması, inkişaf etmiş ölkələrdə ekoloji nəzarətin təşkili təcrübəsinin öyrənilməsi, araşdırılması və tətbiqi barədə təkliflər hazırlamaq və Nazirliyə təkliflər təqdim etmək;
3.0.45. mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslərdən, təşkilatlardan tullantı və axıntı mənbələri üzərində analitik (laboratoriya) nəzarət qrafiklərini tələb etmək, razılaşdırmaq və icrasına nəzarət etmək;
3.0.46. ətraf mühitə atılan, axıdılan və yerləşdirilən tullantılar müqabilində normativ ödəmələrin və ziyanların hesablanması məqsədi ilə analitik ölçmələrin və laboratoriya analizlərinin aparılmasını planlaşdırır, razılaşdırır və nəzarət etmək;
3.0.47. atmosferə atıla bilən tullantı həddi (ABTH), su hövzəsinə buraxıla bilən axıntı həddi (BBAH), ekoloji pasport  normativlərinə və texniki normalarına nəzarət etmək;
3.0.48. ətraf mühitin vəziyyətinin normallaşdırılması işini təşkil etmək, hüquqi şəxslər, idarə, müəssisə və təşkilatlar və fiziki şəxslər tərəfindən ətraf mühitə zərərli təsirlərin kəmiyyət və keyfiyyət uçotunun aparılmasını tələb etmək və bu sahəyə nəzarət etmək;
3.0.49. ətraf mühit komponentlərinin (torpaq, yerin təki, faydalı qazıntılar, su, hava, bioloji müxtəliflik, fauna və flora) monitorinqini həyata keçirmək və onun təkmilləşdirilməsi istiqamətində Nazirliyə təkliflər vermək;
3.0.50. əlaqədar orqanlarla birlikdə xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin yaradılmasına və inkişafına dair təkliflər hazırlamaq və Nazirliyə təqdim etmək;
3.0.51. əhalinin təbiətə və təbii ehtiyatlara qayğıkeş münasibət ruhunda tərbiyələndirilməsi işini həyata keçirmək, vətəndaşların ekoloji biliyinin artırılmasına köməklik göstərmək, habelə əhalinin ətraf mühitin mühafizəsində daha da yaxından iştirakı məqsədi ilə Nazirliklə razılaşdırılmaqla müsabiqə, konfrans və sərgilər təşkil etmək;
3.0.52. vəhşi heyvanların, o cümlədən quşların təbii və süni yolla artmasına, yaşayış mühitinin qorunmasına və yaxşılaşdırılmasına yönəldilən kompleks tədbirlər planının həyata keçirilməsinə nəzarət etmək;
3.0.53. vəhşi heyvanların və quşların sayının, onlardan istifadənin uçotunun aparılmasında iştirak etmək;
3.0.54. heyvanlar aləmi haqqında qanunvericiliyin icrasına, dövlət ov fondunun mühafizəsi, bərpası və artırılmasına, ovçuluq təsərrüfatının aparılması və idarə olunması qaydalarına əməl edilməsinə nəzarət etmək;
3.0.55. heyvanlar aləmi haqqında və ovçuluq haqqında qanunvericiliklərdə nəzərdə tutulmuş qaydada vəhşi heyvanlar obyektlərindən ov etmək üçün icazə vermək;
3.0.56. faydalı qazıntı yataqlarının işlənilməsi, dağ-mədən sənayesinin istehsalat tullantılarından istifadə edilməsi sahəsində norma və qaydalara əməl olunmasına, habelə yerin təki istifadəçiləri tərəfindən istismarı başa çatmış karxanalarda rekultivasiya tədbirlərinin həyata keçirilməsinə nəzarət etmək;
3.0.57. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su mühafizə zonasının, sahil mühafizə zolağının ölçülərinə, sərhədlərinə və istifadəsi rejiminə öz fəaliyyət istiqamətlərinə uyğun nəzarət etmək;
3.0.58. mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlardan hər il məişət (təsərrüfat) - içməli su təsərrüfatı, 2 TG - hava və 2 TG - tullantılar, "Tibbi tullantılar" dövlət statistik hesabatlarını, "Ətraf mühitin mühafizəsinə dair tədbirlər planı"nı tələb etmək və razılaşdırmaq;
3.0.59. öz fəaliyyət istiqamətlərinə uyğun təbii ehtiyatlardan istifadəyə və ətraf mühitin çirkləndirilməsinə görə qanunvericiliklə müəyyən olunmuş ödənişlərin vaxtında “Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu”na köçürülməsini təmin etmək;
3.0.60. müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarının, qeyri-hökumət təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsində iştirak etmək;
3.0.61. fəaliyyətinin təşkili ilə bağlı ayrılan dövlət büdcəsi vəsaitindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
3.0.62. dövlət sirrinin və məxfilik rejiminin qorunmasını təmin etmək, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;
3.0.63. fəaliyyət istiqamətləri üzrə kadr hazırlığı və əməkdaşların əlavə təhsili üçün Nazirliyə təkliflər vermək;
3.0.64. fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və müvafiq tədbirlər görmək, habelə Nazirliyin “Çağrı Mərkəzi”nə müraciət edən şəxslərə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 25 fevral tarixli 50 nömrəli Qərarı ilə təsdiq edilmiş  “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”na uyğun operativ telefon məlumat xidmətlərinin göstərilməsini təmin etmək;
3.0.65. fəaliyyəti ilə bağlı yaranan arxiv sənədlərinin komplektləşdirilməsini, mühafizəsini və qeydiyyatını təmin etmək, bu məqsədlə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun digər tədbirləri görmək;
3.0.66. bu Əsasnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

4. İdarənin hüquqları
4.0. İdarə, öz vəzifə və funksiyalarını həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:
4.0.1. öz fəaliyyət istiqamətlərinə uyğun xidməti ərazisində yerləşən yerli icra hakimiyyəti və bələdiyyə orqanlarından, hüquqi və fiziki şəxslərdən arayış və məlumatlar tələb etmək və onların ətraf mühitin mühafizəsi sahəsindəki fəaliyyətlərini təhlil etmək;
4.0.2. ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulmasına səbəb olan sənaye obyektlərinin və başqa obyektlərin layihələşdirilməsi, tikilməsi, yenidən qurulması və ya genişləndirilməsi işlərinin maliyyələşdirilməsinin dayandırılması barədə bank müəssisələrinə təqdimatlar vermək;
4.0.3. ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin, ekoloji normativlərin və qaydaların, ekoloji təhlükəsizlik tələblərinin, təbiətdən istifadə standartlarının pozulmasına görə fiziki, vəzifəli və hüquqi şəxsləri qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb etmək;
4.0.4. ətraf mühitin mühafizəsi üzrə dövlət siyasətinin əsas istiqamətləri barədə və onun həyata keçirilməsi üçün strateji tədbirlərin hazırlanmasında iştirak etmək, bu sahədə Nazirliyə, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarına təkliflər vermək;
4.0.5. müvafiq sahədə normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişiklik edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında Nazirliyə təkliflər vermək;
4.0.6. müvafiq sahə üzrə beynəlxalq təcrübəni öyrənmək, fəaliyyət istiqamətlərinə və vəzifələrinə uyğun analitik materiallar hazırlamaq, təhlillər, tədqiqatlar aparmaq, rəy və təkliflərini Nazirliyə təqdim etmək;
4.0.7. Nazirliklə razılaşdırılmaqla beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti qurumları ilə əməkdaşlıq etmək, onların müvafiq sahə ilə bağlı təcrübəsini öyrənmək;
4.0.8. ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə tədbirlərinin yerinə yetirilməsi üçün xidməti ərazisində mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlar tərəfindən yol verilmiş pozuntulara görə qanunvericiliyə uyğun olaraq onlara qarşı tələblər irəli sürmək;
4.0.9. İdarənin əməkdaşları nəzarət funksiyalarının icrası zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, müəssisə, idarə, təşkilatlara və digər obyektlərə, o cümlədən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin obyektlərinə maneəsiz (xidməti vəsiqələri, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin obyektlərinə daxil olarkən, həmçinin yoxlamanın həyata keçirilməsi haqqında qərarın surətini və yoxlamanın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı təqdim etməklə) daxil olmaq, öz xidməti vəzifələrini yerinə yetirmək üçün zəruri olan sənədlərlə, o cümlədən analizlərin nəticələri ilə pulsuz tanış olmaq;
4.0.10. ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin pozulmasının aradan qaldırılmasına dair fiziki, vəzifəli və hüquqi şəxslərə tələblər irəli sürmək;
4.0.11. ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları pozulduqda inzibati xətalar haqqında işlər üzrə icraata başlamaq, inzibati araşdırma aparmaq, inzibati xətalar haqqında işlərə baxmaq, təqsirkarların inzibati və ya  cinayət məsuliyyətinə cəlb edilməsi barədə materialları toplamaq və bu istiqamətdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq qərarlar qəbul etmək;
4.0.12. ətraf mühitin  mühafizəsi sahəsində qanunvericiliyin pozulmasında istifadə olunan əşya, alət, ləvazimat və digər vasitələri, qanunsuz əldə edilmiş məhsulları qanunvericiliyə uyğun olaraq götürmək və inzibati xətalar haqqında qanunvericiliklə müəyyən olunmuş digər tədbirləri həyata keçirmək;
4.0.13. ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin pozulması nəticəsində təbiətə vurulmuş ziyanın həcmlərini müəyyən etmək (müəyyən edilməsində iştirak etmək) və bunun əsasında təqsirkar olan şəxslərə bu zərərin könüllü ödənilməsi barədə tələblər irəli sürmək və ya iddiaları məhkəməyə təqdim etmək;
4.0.14. ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin pozulmasına səbəb olan sənaye və digər obyektlərin layihələndirilməsini, tikilməsini, yenidən qurulmasını və ya genişləndirilməsini qadağan etmək;
4.0.15. ekoloji tələblərin pozulması ilə əlaqədar müəssisələrdə, qurğu və obyektlərdə həyata keçirilən işləri məhdudlaşdırmaq və ya müvəqqəti dayandırmaq, onların istismara verilməsini qadağan etmək, təsərrüfat və başqa fəaliyyətlərini məhdudlaşdırmaq, dayandırmaq və ya qadağan edilməsi barədə qərar qəbul etmək;
4.0.16. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq nəzarət funksiyalarının icrası zamanı xüsusi geyimlə təmin olunmaq, xüsusi vasitələr, xidməti silah gəzdirmək və saxlamaq;
4.0.17. İdarənin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Nazirliyə təkliflər vermək;
4.0.18. ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulduğu hallar aşkar edildikdə, müvafiq protokol tərtib etmək və bu pozuntuların aradan qaldırılması məqsədilə qanunvericilikdə nəzərdə tutulan digər tədbirlər görmək;
4.0.19. müvafiq sahədə işçi qruplar və komissiyalar yaratmaq;
4.0.20. müvafiq sahə ilə bağlı konfranslar, seminarlar və digər tədbirlər keçirmək;
4.0.21. fəaliyyəti ilə bağlı Nazirliyə hesabatlar vermək;
4.0.22. öz vəzifələrini icra edərkən digər dövlət orqanları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərmək;
4.0.23. bu Əsasnamə ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

5. İdarənin fəaliyyətinin təşkili
5.1. İdarənin fəaliyyətinə Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən rəis rəhbərlik edir.
5.2. Rəis İdarəyə həvalə edilmiş vəzifə və funksiyaların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.
5.3. İdarənin Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad olunan rəis müavini vardır. İdarənin rəisinin müavini İdarə rəisinin ona həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyır.
5.4. İdarənin rəisi aşağıdakı səlahiyyətlərə malikdir:
5.4.1. İdarənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
5.4.2. səlahiyyətləri çərçivəsində İdarənin fəaliyyətinə dair əmr, sərəncam və göstərişlər verir, onların icrasını təşkil edir və yoxlayır;
5.4.3. qanunvericiliklə müəyyən olunmuş qaydada işçilərə (rəis və rəis müavini istisna olmaqla) məzuniyyətlər verir, həvəsləndirmə tədbirləri görür, İdarənin nomenklaturasına daxil olan işçiləri vəzifəyə təyin edir və vəzifədən azad edir, rəis müavini və sektor müdirləri istisna olmaqla digər işçilər barəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.7-ci maddəsinə əsasən Qanunun 25.2.1-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri görür, rəis müavini və sektor müdirləri barəsində intizam tənbeh tədbirlərinin görülməsi barədə Nazirliyə təqdimatlar verir;
5.4.4. ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraata başlayır, inzibati araşdırma aparır və yaxud bu barədə sərəncam verir, inzibati xətalar haqqında işlərə baxır, təqsirkar şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görür və inzibati tənbehin tətbiq edilməsi barədə qərar qəbul edir, təqsirkarların inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi haqqında materialları müvafiq olaraq məcburi icra və hüquq-mühafizə orqanlarına göndərir;
5.4.5. İdarənin işçilərinin say həddi və ştat cədvəli barədə təkliflər verir;
5.4.6. İdarənin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi barədə Nazirliyə təkliflər verir;
5.4.7. işçilərin peşə hazırlığı və əlavə təhsili üçün zəruri tədbirlər görür;
5.4.8. dövlət və yerli özünüidarəetmə orqanları ilə, hüquqi və fiziki şəxslərlə münasibətlərdə İdarəni təmsil edir;
5.4.9. Nazirliyin verdiyi səlahiyyətlər daxilində İdarənin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı məhkəmələrdə Nazirliyi təmsil edir;
5.4.10. İdarəyə ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsini təmin edir və bu barədə hesabatı Nazirliyə təqdim edir;
5.4.11. İdarənin illik və perspektiv iş planlarının tərtib olunmasını təmin edir;
5.4.12. İdarənin fəaliyyətinə dair əmr, sərəncam və göstərişlər verir, habelə onların icrasına nəzarəti həyata keçirir;
5.5. İdarə Nazirliyə müəyyən edilmiş qaydada hesabat verir.
5.6. İdarənin əməkdaşları nəzarət etdikləri sahələr üzrə üzərində fərqləndirici nişanları olan xüsusi geyim forması ilə təmin edilirlər.
5.7. İdarənin öz səlahiyyətləri daxilində qəbul etdiyi qərarların icrası onun xidməti ərazisində yerləşən digər mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumları, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları, fiziki, vəzifəli və hüquqi şəxslər üçün məcburi xarakter daşıyır.
5.8. İdarənin əməkdaşları öz vəzifə borclarını yerinə yetirmək üçün qanunvericiliklə müəyyən edilmiş qaydada xidməti silah gəzdirirlər.

6. İdarənin yenidən təşkili və ləğvi
6.1. İdarə qanunvericilikdə nəzərdə tutulmuş qaydada yenidən təşkil və ya ləğv edilir.