Atmosfer havasının keyfiyyətinin monitorinqi
2021-ci ildən etibarən atmosfer havasının keyfiyyətinin monitorinqi 6 ədəd avtomatik onlayn rejimdə çalışan stansiya və stasionar müşahidə məntəqələri ilə əhatə olunmamış ərazilərdə Səyyar Laboratoriya vasitəsilə həyata keçirilir. Avtomatik stansiyalardan gündəlik Bakı şəhərinin Səbail, Xətai, Nizami, N.Nərimanov inzibati rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisindən hava keyfiyyəti göstəriciləri - azot 4-oksid, azot 2-oksid, kükürd qazı, ozonun yer səthində səviyyəsi, dəm qazı, hidrogen sulfid, dispers toz hissəcikləri, benzol, etil-benzol, toluol, meta-ksilol, orto-ksilol kimi aromatik qaz birləşmələri üzrə fasiləsiz olaraq monitorinq nəticələri əldə olunur. Avtomatik stansiyalardan atmosfer havasının keyfiyyəti üzrə əldə olunmuş monitorinq nəticələri vasitəsilə gündəlik olaraq havanın keyfiyyəti qiymətləndirilir.
Hava keyfiyyəti üzrə aparılmış monitorinqlər demək olar ki, Avropa İttifaqının tələblərinə uyğunlaşdırılıb, ölçmələr referans metodla həyata keçirilir. Hazırda real vaxt ərzində hava keyfiyyətinə dair məlumatlar əlçatandır və məlumat mübadiləsi vahid bazadan idarə edilir.
Qanunvericilik və metodologiya
Atmosfer havasının çirklənməsinin monitorinqi “Ətraf mühitin mühafizəsi haqqında”, “Hidrometeorologiya fəaliyyəti haqqında”, “Atmosfer havasının mühafizəsi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının qanunları və bu qanunların icrasını tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 01 iyul 2004-cü ildə 90 saylı qərarla təsdiqlənmiş “Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında” Əsasnamə ilə həyata keçirilir. Bu sahədə dövlət nəzarətini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir.