Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Texniki təminat şöbəsi haqqında
ƏSASNAMƏ
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra - Nazirlik) Aparatının müstəqil struktur bölməsi olan Texniki təminat şöbəsinin (bundan sonra - şöbə) fəaliyyət istiqamətlərini, əsas vəzifələrini, hüquqlarını və fəaliyyətinin təşkili qaydasını müəyyən edir.
1.2. Şöbə bu Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində təsərrüfat, təmir-tikinti fəaliyyəti ilə əlaqədar tələb olunan malların (işlərin, xidmətlərin) satınalınması, təchizatı və təyinatı üzrə istifadəsinin planlaşdırılması, təşkili və nəzarəti, illik satınalma planına uyğun olaraq dövlət satınalmalarının təşkilini və Nazirliyinin tabeli qurumları tərəfindən həyata keçirilən satınalmalarda iştirakı sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyəti həyata keçirir.
1.3. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununu və digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər qanunvericilik aktlarını, Nazirliyin Kollegiya qərarlarını, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin (bundan sonra - nazir) əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.
1.4. Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin aparatının struktur bölmələri, strukturuna daxil olan qurumları və strukturuna daxil olmayan tabeliyindəki digər qurumları (bundan sonra - Nazirliyin struktur bölmələri və qurumları), eləcə də mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
2. Şöbənin fəaliyyət istiqamətləri
2.0. Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.0.1. Nazirliyin aparatının və qurumlarının tələb olunan keyfiyyətdə və miqdarda zəruri mallarla təchizatı işini əlaqələndirir və onların satın alınması ilə bağlı təkliflər verir;
2.0.2. maddi-texniki təchizat və maddi resursların rasional istifadəsi məsələləri üzrə Nazirliyin aparatının struktur bölmələrinin və qurumlarının fəaliyyətinə təşkilati-metodiki rəhbərliyi və koordinasiya işlərini həyata keçirir;
2.0.3. Nazirliyin binalarının tikintisi və təmirini təşkil və buna nəzarət edir;
2.0.4. layihə-smeta sənədlərinin hazırlanması və tikinti-montaj işlərinin yerinə yetirilməsi üzrə podrat tikintisi təşkilatı və layihə təşkilatları ilə lazımi tədbirləri həyata keçirir;
2.0.5. Nazirliyin binalarının təmiri və əsaslı tikintisi planının yerinə yetirilməsi üzrə müvafiq sənədləri tərtib edir və lazımi təşkilatlara təqdim edir;
2.0.6. qanunvericiliklə müəyyən edilmiş qaydada inventarizasiyanın həyata keçirilməsini təmin edir;
2.0.7. Nazirliyin aparatı və tabeli qurumları tərəfindən satınalma planlarının (ilkin və dəqiqləşdirilmiş) “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətlərdə hazırlanaraq təsdiq edilməsi və dövlət satınalmalarının vahid internet portalında (www.etender.gov.az saytında) yerləşdirilməsinə nəzarət edir;
2.0.8. Nazirliyin aparatı və tabeli qurumları tərəfindən tender komissiyalarının formalaşdırılmasında iştirak edir, satınalma müsabiqələrinin (açıq tender, təkliflər sorğusu, kotirovkalar sorğusu) şərtlər toplusunun hazırlanmasına rəhbərlik edir;
2.0.9. Nazirliyin aparatı və tabeli qurumları tərəfindən keçirilən müsabiqələr barədə elan və bildirişlərin dərc edilməsinə, habelə müsabiqə nəticəsində bağlanılmış satınalma müqavilələri barədə məlumatların dövlət satınalmalarının vahid internet portalında yerləşdirilməsinə, malgöndərənlərə (podratçılara) müsabiqələrdə iştirak üçün fərdi dəvətlər göndərilməsinə nəzarət edir;
2.0.10. Satınalma prosedurlarına başlamazdan əvvəl Nazirlik tərəfindən satın alınması planlaşdırılan malların (işlərin, xidmətlərin) ehtimal olunan qiymətinin mövcud qanunvericiliyə əsasən müəyyənləşdirilməsində iştirak edir;
2.0.11. Tender təkliflərinin qiymətləndirilməsi və müqayisəsində, satınalma müqavilələrinin hazırlanmasında iştirak edir;
2.0.12. Tenderin nəticələri haqqında yekun protokolun, satınalma prosedurları haqqında hesabatların tərtib edilməsinə, satınalmanın sənədlər toplusunun müvafiq qaydada hazırlanaraq saxlanılmasına rəhbərlik edir;
2.0.13. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
3.Şöbənin vəzifələri
3.0. Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, şöbə aşağıdakı vəzifələri həyata keçirir:
3.0.1. normayaratma fəaliyyətindən irəli gələn vəzifələrin yerinə yetirilməsində iştirak etmək.
3.0.2. Nazirliyin aparatı üçün malların (işlərin, xidmətlərin) satınalınması ilə bağlı aidiyyəti strukturlarla birlikdə qanunvericiliklə nəzərdə tutulmuş işləri təşkil etmək və tənzimlənməsini həyata keçirmək, satın alınan malların (işlərin, xidmətlərin) müvafiq keyfiyyət tələblərinə (standartlarına) uyğunluğuna nəzarət etmək;
3.0.3. Nazirliyin aparatının struktur bölmələrinin səmərəli işləməsi üçün lazımı şəraitin yaradılmasını, onların təsərrüfat inventarı ilə təmin etmək, onların mühafizəsi, təmir olunmasına nəzarətin vaxtında həyata keçirilməsi və inzibati binanın lift təsərrüfatına, elektrik şəbəkəsi qurğusunun istismarına, yanğınsöndürən avtomatikaya, su kəməri və qaz şəbəkəsinə, kondinsionerlə təchizata, isitmə sistemi və santexnikaya nəzarəti və profilaktikanı texniki qayda və normalarla həyata keçirmək;
3.0.4. Nazirliyin aparatının balansında olan binanın, inventar və avadanlıqların, qurğuların səmərəli istismar olunması, təyinatı üzrə istifadə edilməsi, onların təmiri və qorunması, eləcə də xidmət sahələrini və onları əhatə edən ərazidə təmizliyə riayət edilməsini təmin etmək, istilik və soyutma sistemlərinə, su, kanalizasiya xətlərinə nəzarət etmək;
3.0.5. Nazirliyin aparatına xidmət göstərmək üçün müqavilələrin bağlanmasında lazımi sənədlərin rəsmiləşdirilməsi, lazımi təsərrüfat materiallarının, avadanlığın, inventarın alınması və saxlanması, habelə onların sərfinin uçotunun aparılması və müəyyən olunmuş qaydada hesabatların tərtib edilməsini təşkil etmək;
3.0.6. Nazirliyin anbarına nəzarət, mal-materialların və əsas vəsaitlərin səmərəli istifadəsini təmin etmək, balansda olan istismar müddəti başa çatmış və istifadəyə yararsız olan avadanlıqların qanunvericiliyə uyğun olaraq balansdan silinməsini, Nazirliyin balansında olan əmlakın qiymətləndirilməsini və yenidən qiymətləndirilməsini təşkil etmək;
3.0.7. Nazirliyin inzibati binasının (iş sahəsinin) və yerləşdiyi ərazidə yanğından mühafizəsi, həmin binada (sahədə) sanitar-gigiyenik normalara riayət olunması və təmizlik işlərinin aparılması ilə bağlı tədbirlər görmək;
3.0.8. fəaliyyət istiqamətlərinə uyğun vətəndaşlardan, dövlət və yerli özünüidarəetmə orqanlarından, qeyri-hökumət təşkilatlarından, hüquqi və fiziki şəxslərdən daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını təmin etmək;
3.0.9. Nazirliyin rəhbərliyinin keçirdiyi müşavirələrin, iclasların, görüşlərin və digər bu kimi tədbirlərin maddi-texniki təminatı ilə bağlı tədbirlər görmək;
3.0.10. Nazirliyin aparatının maddi-texniki təchizatının cari vəziyyəti və inkişafı perspektivləri haqqında təkliflər hazırlamaq və rəhbərliyə təqdim etmək;
3.0.11. Nazirliyin fəaliyyəti üçün zəruri şəraitin yaradılması və ehtiyacları üçün əsaslı tikinti və təmir işlərinin aparılması ilə bağlı layihə və smeta sənədlərinin hazırlanmasını təşkil etmək;
3.0.12. Nazirliyin tabeliyində olan mərkəzi və yerli qurumlarında təmir-tikinti işinin təşkili zamanı yol verilmiş pozuntuların aradan qaldırılması üçün tədbirlər görmək və onların aradan qaldırılmasına nəzarət etmək;
3.0.13. Nazirliyin sistemində yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiq edilməsi ilə bağlı maddi-texniki məsələləri həll etmək;
3.0.14. Nazirliyin və tabeli qurumların binalarının əsaslı və cari təmirini planlaşdırmaq və təmir-tikinti işlərinə nəzarət etmək;
3.0.15. Nazirliyin binalarının təmiri və əsaslı tikintisi planının yerinə yetirilməsi üzrə müvafiq sənədləri tərtib etmək və lazımi təşkilatlara təqdim etmək;
3.0.16. Nazirliyin və tabeli qurumların əsas fondlarının cari və əsaslı təmiri planının işlənib hazırlanmasında və təsərrüfat xərclərinin smetasının tərtibində iştirak və onlara nəzarət etmək;
3.0.17. xidmət üzrə müqavilələrin bağlanılması üçün lazım olan sənədləri tələb etmək, təsərrüfat mallarının saxlanmasını təşkil etmək, təsərrüfat məqsədləri üçün ayrılmış material və vəsaitin səmərəli istifadəsinə nəzarət etmək;
3.0.18. qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını təmin etmək;
3.0.19. səlahiyyətləri çərçivəsində Nazirliyin inkişaf konsepsiyasının (strateji planının) həyata keçirilməsini təmin etmək;
3.0.20. şöbənin iş planını, fəaliyyəti ilə bağlı hesabatları dövrlər üzrə hazırlamaq;
3.0.21. Nazirliyin aparatı və tabeli qurumları tərəfindən mal (iş və xidmətlərin) satın alınmasının “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq qaydada həyata keçirilməsini təmin etmək;
3.0.22. Dövlət satınalmaları ilə bağlı qəbul edilmiş yeni normativ-texniki şərtləri, təlimatları, qayda və normaları əldə etmək;
3.0.23. Nazirliyin strukturlarına dövlət satınalmaları haqqında lazım olan izahat və məsləhətlər vermək, onlara daim metodiki köməkliklər göstərmək;
3.0.24. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
4. Şöbənin hüquqları
4.0. Şöbənin öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqları vardır:
4.0.1. fəaliyyət istiqamətləri üzrə Nazirliyin struktur bölmələri və qurumları tərəfindən hazırlanmış qanunvericilik aktlarının, təşkilati-sərəncamverici sənədlərin layihələrinə dair təkliflər vermək;
4.0.2. bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar səlahiyyətləri daxilində Nazirliyin aparatının struktur bölmələrinə və qurumlarına müvafiq qaydada sorğular ünvanlamaq və onlardan müvafiq məlumatları (sənədləri) almaq;
4.0.3. Nazirliyin aparatının struktur bölmələrinin və qurumlarının təsərrüfat və maddi-texniki təchizatı ilə əlaqədar məsələlərin baxıldığı iclaslarda iştirak etmək;
4.0.4. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;
4.0.5. fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət orqanlarına, bələdiyyələrə, fiziki və hüquqi şəxslərə müraciətlərin layihələrini hazırlamaq;
4.0.6. fəaliyyət dairəsinə aid edilmiş məsələlərlə bağlı səlahiyyətləri daxilində Nazirliyi dövlət orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər qarşısında təmsil etmək;
4.0.7. Nazirlikdə və digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında, fəaliyyətinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli yerli və beynəlxalq tədbirlərdə Nazirliyi təmsil etmək, onların işində iştirak etmək;
4.0.8. fəaliyyət istiqamətlərinə uyğun xarici dövlətlərin təcrübəsini öyrənmək və bu sahədə fəaliyyətin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;
4.0.9. müvafiq sahədə mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün təkliflər vermək;
4.0.10. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;
4.0.11. müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək;
4.0.12. Nazirliyin tabeliyində olan idarə, müəssisə və təşkilatlardan həyata keçirilmiş satınalmalar barədə məlumatlar və dövrü hesabatları tələb etmək;
4.0.13. Nazirliyin tabeliyində olan idarə, müəssisə və təşkilatlardan növbəti il üzrə satınalma planlarının hazırlanaraq, təsdiq edildikdən sonra www.etender.gov.az saytında yerləşdirilməsini tələb etmək;
4.0.14. Nazirliyin tabeliyində olan idarə, müəssisə və təşkilatların satınalmalar üzrə məsul şəxslərindən satınalma prosedurlarının həyata keçirilməsi zamanı müvafiq qanunvericiliyin tələblərinə və bu sahədə mövcud olan qayda və normativ aktların, o cümlədən “Dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxslərin Davranış Kodeksi”nin tələblərinə riayət etmələrini tələb etmək;
4.0.15. Satınalma prosedurlarının həyata keçirilməsi zamanı qanun pozuntusu aşkar olunduqda, hesabatlar vaxtında təqdim edilmədikdə, müvafiq struktur vahidinin təqsirkar vəzifəli şəxsi barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbir görülməsi üçün Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinə təqdimat vermək;
4.0.16. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
5. Şöbənin fəaliyyətinin təşkili
5.1. Şöbənin strukturu və əməkdaşlarının sayı nazir tərəfindən müəyyən və təsdiq edilir. Nazir tərəfindən səlahiyyət verilmiş şəxs istisna olmaqla, heç kəs şöbənin fəaliyyətinə müdaxilə edə bilməz.
5.2. Şöbənin fəaliyyətinə nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir. Şöbə müdiri şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır. Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada nazir tərəfindən təyin olunmuş şəxs həyata keçirir.
5.3. Şöbənin digər əməkdaşları nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.
5.4. Şöbə müdiri:
5.4.1. şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
5.4.2. tabeliyində olan sektorlar və əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra və etik davranış qaydalarına riayət etmələrinə nəzarət edir;
5.4.3. şöbəyə həvalə olunmuş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədləri imzalayır, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə icra edilməsinə nəzarət edir;
5.4.4. şöbə üzrə Nazirliyin Kollegiyasında müzakirə olunmalı məsələləri müəyyən edir və bu barədə təkliflərini Nazirliyin rəhbərliyinə təqdim edir, şöbə tərəfindən bu Əsasnamənin 1.3-cü bəndində göstərilən qanunvericilik aktlarının və təşkilati-sərəncamverici sənədlərin vaxtında və lazımi səviyyədə icrasını təmin edir;
5.4.5. şöbənin əməkdaşları barədə həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Nazirliyin rəhbərliyinə təqdimatlar verir;
5.4.6. şöbənin inzibati vəzifə tutan dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir;
5.4.7. şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Nazirliyin struktur bölmələri və qurumlarından zəruri məlumat və sənədləri alır və yerlərdə fəaliyyət istiqamətlərinə uyğun araşdırma aparır;
5.4.8. şöbə üzrə daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;
5.4.9. şöbədə kargüzarlıq işlərinin aparılmasını və xidməti rejimi təmin edir;
5.4.10. Nazirliyin aparatının struktur bölmələrindən, qurumlarından əmr, qərar və sənədlərin icrası haqqında məlumatların alınmasını təmin edir;
5.4.11. şöbəni təmsil edir.
5.5. Şöbənin əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.
5.6. Şöbənin hər bir əməkdaşı ona məlum olan və dövlət sirri, yaxud xidməti sirr təşkil edən məlumatların mühafizə olunmasına görə öz vəzifəsinə və səlahiyyətlərinə uyğun məsuliyyət daşıyırlar.
5.7. Şöbənin strukturuna “Təsərrüfat”, “Texniki təminat” və “Satınalmalar” sektorları daxildir:
5.7.1. Təsərrüfat sektoru, fəaliyyət istiqamətləri nəzərə alınmaqla, bu Əsasnamənin 3.0.3-3.0.7-ci yarımbəndlərində nəzərdə tutulmuş vəzifələri həyata keçirir, 3.0.8-3.0.10-cu, 3.0.17-3.0.20-ci, 3.0.24-cü yarımbəndlərində nəzərdə tutulmuş vəzifələrin həyata keçirilməsində iştirak edir;
5.7.2. Texniki təminat sektoru, fəaliyyət istiqamətləri nəzərə alınmaqla, bu Əsasnamənin 3.0.1-3.0.2-ci, 3.0.11-3.0.16-cı yarımbəndlərində nəzərdə tutulmuş vəzifələri həyata keçirir, 3.0.8-3.0.10-cu, 3.0.17-3.0.20-ci, 3.0.24-cü yarımbəndlərində nəzərdə tutulmuş vəzifələrin həyata keçirilməsində iştirak edir;
5.7.3. Satınalmalar sektoru, fəaliyyət istiqamətləri nəzərə alınmaqla, bu Əsasnamənin 3.0.21-3.0.23-cü yarımbəndlərində nəzərdə tutulmuş vəzifələri həyata keçirir, 3.0.8-ci, 3.0.18- 3.0.20-ci, 3.0.24-cü yarımbəndlərində nəzərdə tutulmuş vəzifələrin həyata keçirilməsində iştirak edir.