Maliyyə və İqtisadiyyat Şöbəsinin Əsasnaməsi

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının
Maliyyə və İqtisadiyyat Şöbəsi haqqında

ƏSASNAMƏ

1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra - Nazirlik) Aparatının müstəqil struktur bölməsi olan Maliyyə və İqtisadiyyat şöbəsinin (bundan sonra - şöbə) fəaliyyət istiqamətlərini, əsas vəzifələrini, hüquqlarını və fəaliyyətinin təşkili qaydasını müəyyən edir.
1.2. Şöbə bu Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində Nazirliyin səlahiyyətinə aid edilmiş hüquq, vəzifə və funksiyaların yerinə yetirilməsi prosesində yaranan maliyyə-iqtisadi münasibətlərdən irəli gələn məsələlərin həllini, mühasibat uçotunun mövcud beynəlxalq maliyyə standartlarına uyğun aparılmasını, Nazirliyin və onun struktur vahidlərinin balansında olan əsas vəsaitlərin uçotunun düzgün təşkil olunmasını, dövlət investisiya proqramı çərçivəsində xərclərin maliyyələşdirilməsinin təmin edilməsini, Nazirliyin bütün struktur bölmələri üzrə ştat cədvəllərinin tərtib və təsdiq üçün təqdim edilməsini, dövlət büdcəsindən Nazirlik üçün ayrılan və digər qanuni mənbələrdən daxil olan vəsaitlərin səmərəli istifadə olunması sahəsində (bundan sonra –müvafiq sahə) fəaliyyəti həyata keçirir.
1.3. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununu və digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər qanunvericilik aktlarını, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin (bundan sonra - nazir) əmr və sərəncamlarını (bundan sonra – təşkilati-sərəncamverici sənədlər) və bu Əsasnaməni rəhbər tutur.
1.4. Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin struktur bölmələri və qurumları, eləcə də mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları və qeyri hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

2. Şöbənin fəaliyyət istiqamətləri
2.0. Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.0.1. Nazirliyin maliyyə-iqtisadi fəaliyyətini təşkil edir və həyata keçirir;
2.0.2. Nazirliyin əmlakının, öhdəliklərinin və bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunu aparır;
2.0.3. Nazirliyin İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən uçot siyasətini və hesabatını təşkil edir;
2.0.4. Nazirliyin aparatının struktur bölmələri və qurumlarla birgə tarif siyasətini formalaşdırır, bu sahədə müvafiq təkliflər hazırlayır və həyata keçirilməsi üzrə tədbirlər görür;
2.0.5. Nazirliyin büdcəsinin proqnozlarının yerinə yetirilməsini təmin edir;
2.0.6. maliyyə-iqtisadi proqnozlarının icrasına nəzarət edir, müvafiq iqtisadi təhlillər aparır, sahənin inkişaflı ilə bağlı təkliflər verir;
2.0.7. qanunvericiliklə müəyyən edilmiş qaydada inventarizasiyanın həyata keçirilməsini təmin edir;
2.0.8. Nazirliyin tabeliyində olan idarələrin maliyyə-təsərrüfat fəaliyyətinə nəzarət edir;
2.0.9. müvafiq sahənin inkişafını təmin edir;
2.0.10. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

3. Şöbənin vəzifələri
3.0. Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, şöbə aşağıdakı vəzifələri həyata keçirir:
3.0.1. normayaratma fəaliyyətindən irəli gələn vəzifələrin yerinə yetirilməsində iştirak etmək;
3.0.2. Nazirliyin aparatının xərclər smetasını tərtib etmək;
3.0.3. Nazirliyin aparatının əmlakının, öhdəliklərinin və bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunu aparmaq;
3.0.4. növbəti büdcə ili üzrə Nazirliyin büdcəsinin layihəsini hazırlamaq;
3.0.5. Nazirliyin mühasibat uçotunun təşkil və aparmaq, o cümlədən maliyyə hesabatlarını hazırlamaq və müvafiq orqanlara təqdim etmək;
3.0.6. Nazirliyin və tabeliyində olan qurumların maliyyə-iqtisadi fəaliyyətini təhlil etmək, onların fəaliyyətinin səmərəliliyinin artırılması barədə təklif vermək;
3.0.7. Nazirliyin və tabeliyində olan qurumlara daxil olan maliyyə vəsaitlərinin, mal-materialların, əsas vəsaitlərin uçotunun, onların hərəkəti ilə əlaqədar əməliyyatların mühasibat uçotu sənədlərində düzgün əks etdirilməsinə nəzarət etmək;
3.0.8. Nazirliyin aparatının işçilərinə əmək haqqının, mükafat, ezamiyyə və sair digər ödənişlərin və xərclərin hesablanmasının təmin edilməsi və qanunvericiliklə müəyyən edilmiş tutulmaları həyata keçirmək, Nazirliyin fəaliyyətinin maliyyələşdirilməsi məqsədi ilə pul vəsaitinin banklardan və digər kredit təşkilatlarından alınması və təyinatı üzrə xərclənməsi ilə əlaqədar zəruri tədbirləri görmək;
3.0.9. büdcə qanunvericiliyinə uyğun olaraq, Nazirliyin gəlir və xərclər smetasında dəqiqləşmə aparılması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırılması haqqında təkliflər vermək;
3.0.10. əmək normaları və normativlərinin təhlili əsasında əmək bölgüsü və optimal ştat sayının düzgün qurulmasını, ştat intizamının, tarif şərtlərinin gözlənilməsini, vəzifə maaşlarının, onlara əlavələrin və üstəliklərin, habelə sosial xarakterli ödəmələrin qanunvericiliyə uyğunluğunu təmin etmək;
3.0.11. büdcə (o cümlədən məqsədli büdcə fondları) və büdcədənkənar vəsaitlərin icrası üzrə struktur vahidlərindən alınan hesabatlar əsasında dövri hesabatları tərtib edir və aidiyyəti orqanlara göndərilmək üçün Nazirliyin rəhbərliyinə təqdim etmək;
3.0.12. Dövlət Xəzinədarlıq Agentliyi ilə Nazirliyə aid olan maliyyə resurslarının və pul vəsaitlərinin dövri üzləşdirilməsini həyata keçirmək;
3.0.13. kassa qalığına dair yoxlamaların qanunvericiliklə müəyyən edilmiş müddətdə aparmaq;
3.0.14. bank əməliyyatlarında hesablara müxabirləşmə verilməsi, bank və xəzinə əməliyyatlarının həyata keçirilməsi üçün zəruri tədbirlər görmək;
3.0.15. nazirliyin kassa əməliyyatlarını aparmaq;
3.0.16. mühasibat məlumatlarının, ilkin uçot sənədlərinin, mühasibat uçotu reyestrlərinin və digər uçot sənədlərinin məzmununun məxfiliyini qorumaq;
3.0.17. Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar, mərkəzlərdə göstərilən xidmətlərə görə daxil olan vəsait və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
3.0.18. müəyyən edilmiş ştat sayı və əməyin ödənilməsi fondu dairəsində Nazirliyin aparatının və tabeliyində olan qurumların ştat cədvəlinin layihəsinin hazırlamaq, digər maddələri üzrə təxsisatlarını və limitlərini planlaşdırmaq;
3.0.19. əsas vəsaitlərin, azqiymətli tez köhnələn əşyaların, qeyri-maddi aktivlərin mədaxili və hərəkətinin uçotunu aparmaq;
3.0.20. şöbənin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxılması üçün qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;
3.0.21. Nazirliyin işçilərinin müraciətləri əsasında onlara arayışlar vermək;
3.0.22. Nazirin tapşırığı ilə hesabatlar, arayışlar və məlumat hazırlamaq;
3.0.23. Nazirliyin aparatının struktur bölmələri və qurumları ilə birgə tarif siyasətini formalaşdırmaq;
3.0.24. Şöbənin fəaliyyəti barədə Nazirə illik hesabatı təqdim etmək;
3.0.25. Nazirliyin aparatının struktur bölmələri və qurumları ilə birlikdə tarif siyasətinin formalaşdırılması istiqamətlərinin müəyyən edilməsində və tariflərin təkmilləşdirilməsi ilə əlaqədar təkliflərin hazırlanmasında iştirak etmək;
3.0.26. Nazirliyin qurumları tərəfindən mühasibat uçotunun və hesabatının aparılması üzərində metodik rəhbərliyi həyata keçirmək;
3.0.27. Nazirlik üzrə mühasibat uçotunun beynəlxalq standartlara uyğun təşkilini qurumlar ilə birlikdə həyata keçirmək;
3.0.28. maliyyə qanunvericiliyi və mühasibat uçotu qaydalarına uyğun olaraq, Nazirliyin qurumlarda maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunu təşkil etmək, material, əmək və maliyyə resurslarından qənaətlə istifadə edilməsinə və dövlət əmlakının qorunmasına nəzarət etmək;
3.0.29. Nazirliyin istifadəsində olan əmlakın qorunub saxlanması, təyinatı üzrə səmərəli istifadə edilməsi, uçotu, qeydiyyata alınması üzrə tədbirlərin görülməsində iştirak etmək;
3.0.30. əmlakın idarə olunması ilə bağlı yazışmalar aparmaq və bu sahədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə fəaliyyəti əlaqələndirmək;
3.0.31. qurumlarda lüzumsuz xərclərin və itkilərin qarşısının alınması və təsərrüfatdaxili ehtiyatların aşkar edilməsi məqsədilə mühasibat uçotu sənədlərinin məlumatlarına əsasən təhlillər aparmaq və yol verilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görülməsində iştirak etmək;
3.0.32. qurumların fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi ilə əlaqədar aidiyyəti şöbələrlə birlikdə tədbirlər görmək;
3.0.33. qurumların və Nazirliyin aparatının işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün tədbirlər görülməsində iştirak etmək;
3.0.34. qurumların ştat cədvəllərinin strukturuna uyğun tərtib olunmasına və ona riayət edilməsinə nəzarət etmək;
3.0.35. qurumların özəlləşdirilməsi ilə əlaqədar təkliflərin hazırlanmasında iştirak etmək;
3.0.36. qurumlarda proqnozlaşdırmanın vəziyyətinə, maliyyə-təsərrüfat fəaliyyətinin və uçotun təşkilinə və əməyin ödənişi qaydalarına nəzarət edilməsi məqsədilə yerlərdə araşdırmalar aparmaq və praktiki köməkliklər göstərmək;
3.0.37. Azərbaycan Respublikasının Prezidentinin müvafiq fərman və sərəncamları ilə təsdiq edilmiş Dövlət Proqramlarından şöbəyə aid olanların icrası ilə əlaqədar hesabatlar hazırlayaraq aidiyyəti dövlət orqanlarına təqdim etmək;
3.0.38. statistik hesabat formalarının təkmilləşdirilməsi ilə əlaqədar aidiyyəti şöbələr və qurumlarla birlikdə təkliflər vermək;
3.0.39. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən qoyulmuş qaydalar əsasında Nazirliyin fəaliyyəti haqqında aylıq, rüblük, illik statistik hesabatları tərtib etmək, statistika orqanlarına təqdim edilməsini təmin etmək;
3.0.40. Nazirliyin struktur vahidlərinin büdcə və büdcədənkənar vəsaitlərinin icrası haqqında, habelə fəaliyyət istiqamətlərinə uyğun hesabatlar almaq;
3.0.41. müvafiq sahə üzrə göstəricilərin dünya ölkələri ilə müqayisəli təhlillərini aparmaq və göstəricilərin yaxşılaşdırılması ilə əlaqədar təkliflər vermək;
3.0.42. Nazirliyin normayaratma fəaliyyətindən irəli gələn vəzifələri həyata keçirir;
3.0.43. Nazir tərəfindən şöbəyə tapşırılmış digər vəzifələri yerinə yetirmək;
3.0.44. qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını təmin etmək;
3.0.45. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

4.Şöbənin hüquqları
4.0. Şöbənin öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqları vardır:
4.0.1. fəaliyyət istiqamətləri üzrə Nazirliyin struktur bölmələri və qurumları tərəfindən hazırlanmış qanunvericilik aktlarının, təşkilati-sərəncamverici sənədlərin layihələrinə dair təkliflər vermək;
4.0.2. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;
4.0.3. müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
4.0.4. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;
4.0.5. fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət orqanlarına, bələdiyyələrə, fiziki və hüquqi şəxslərə müraciətlərin layihələrini hazırlamaq;
4.0.6. fəaliyyət dairəsinə aid edilmiş məsələlərlə bağlı səlahiyyətləri daxilində Nazirliyi dövlət orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər qarşısında təmsil etmək;
4.0.7. Nazirlikdə və digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında, fəaliyyətinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli yerli və beynəlxalq tədbirlərdə Nazirliyi təmsil etmək, onların işində iştirak etmək;
4.0.8. satınalma prosedurlarının həyata keçirilməsi zamanı qanun pozuntusu aşkar olunduqda, hesabatlar vaxtında təqdim edilmədikdə, müvafiq struktur vahidinin təqsirkar vəzifəli şəxsi barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbir görülməsi üçün Nazirliyə təqdimat vermək;
4.0.9. fəaliyyət istiqamətlərinə uyğun xarici dövlətlərin təcrübəsini öyrənmək və bu sahədə fəaliyyətin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;
4.0.10. müvafiq sahədə mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün təkliflər vermək;
4.0.11. müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək;
4.0.11. fəaliyyət istiqamətlərinə uyğun xarici dövlətlərin təcrübəsini öyrənmək və bu sahədə fəaliyyətin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;
4.0.12. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;
4.0.13. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

5. Şöbənin fəaliyyətinin təşkili
5.1. Şöbənin strukturu və əməkdaşlarının sayı nazir tərəfindən müəyyən və təsdiq edilir. Nazir tərəfindən səlahiyyət verilmiş şəxs istisna olmaqla, heç kəs şöbənin fəaliyyətinə müdaxilə edə bilməz.
5.2. Şöbənin fəaliyyətinə nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir. Şöbə müdiri şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır. Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada şöbəmüdirinin müavini və ya nazir tərəfindən təyin olunmuş digər şəxs həyata keçirir.
5.3. Şöbənin digər əməkdaşları nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.
5.4. Şöbə müdiri:
5.4.1. şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
5.4.2. tabeliyində olan sektorlar və əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra və etik davranış qaydalarına riayət etmələrinə nəzarət edir;
5.4.3. şöbəyə həvalə olunmuş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədləri imzalayır, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə icra edilməsinə nəzarət edir;
5.4.4. şöbə üzrə Nazirliyin Kollegiyasında müzakirə olunmalı məsələləri müəyyən edir və bu barədə təkliflərini Nazirliyin rəhbərliyinə təqdim edir, şöbə tərəfindən bu Əsasnamənin 1.3-cü bəndində göstərilən qanunvericilik aktlarının və təşkilatisərəncamverici sənədlərin vaxtında və lazımi səviyyədə icrasını təmin edir;
5.4.5. şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Nazirliyin rəhbərliyinə təqdimatlar verir;
5.4.6. şöbənin inzibati vəzifə tutan dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir;
5.4.7. şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Nazirliyin struktur bölmələri və qurumlarından zəruri məlumat və sənədləri alır və yerlərdə fəaliyyət istiqamətlərinə uyğun araşdırma aparır;
5.4.8. şöbə üzrə daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;
5.4.9. şöbədə kargüzarlıq işlərinin aparılmasını, xidməti və məxfilik rejimini təmin edir;
5.4.10. Nazirliyin aparatının struktur bölmələrindən, qurumlarından əmr, qərar və sənədlərin icrası haqqında məlumatlar alır və yerlərdə araşdırma aparır;
5.4.11. şöbəni təmsil edir.
5.5. Şöbənin əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.
5.6. Şöbənin hər bir əməkdaşı ona məlum olan və dövlət sirri, yaxud xidməti sirr təşkil edən məlumatların mühafizə olunmasına görə öz vəzifəsinə və səlahiyyətlərinə uyğun məsuliyyət daşıyırlar.
5.7. Şöbənin strukturuna İqtisadi təhlil, proqnoz və maliyyələşdirmə sektoru və Mühasibatlıq və əsas vəsaitlərin uçotu sektoru daxildir.
5.7.1. İqtisadi təhlil, proqnoz və maliyyələşdirmə sektoru fəaliyyət istiqamətləri nəzərə alınmaqla, bu Əsasnamənin 3.0.2, 3.0.4, 3.0.6, 3.0.9, 3.0.10, 3.0.18, 3.0.25, 3.0.32, 3.0.33, 3.0.34, 3.0.35, 3.0.37, 3.0.41-ci yarımbəndlərində nəzərdə tutulmuş vəzifələri həyata keçirir, 3.0.1, 3.0.11, 3.0.17, 3.0.20, 3.0.24, 3.0.28, 3.0.29, 3.0.31, 3.0.36, 3.0.38, 3.0.42, 3.0.43, 3.0.44, 3.0.45-ci yarımbəndlərində nəzərdə tutulmuş vəzifələrin həyata keçirilməsində iştirak edir.
5.7.2. Mühasibatlıq və əsas vəsaitlərin uçotu sektoru fəaliyyət istiqamətləri nəzərə alınmaqla, bu Əsasnamənin 3.0.3, 3.0.5, 3.0.7, 3.0.8, 3.0.11, 3.0.12, 3.0.13, 3.0.14, 3.0.15, 3.0.16, 3.0.17, 3.0.19, 3.0.20, 3.0.21, 3.0.26, 3.0.27, 3.0.28, 3.0.29, 3.0.30, 3.0.31, 3.0.38, 3.0.39, 3.0.40-cı yarımbəndlərində nəzərdə tutulmuş vəzifələri həyata keçirir, 3.0.1, 3.0.2, 3.0.4, 3.0.9, 3.0.20, 3.0.24, 3.0.33, 3.0.36, 3.0.37, 3.0.41, 3.0.42, 3.0.43, 3.0.44, 3.0.45-ci yarımbəndlərində nəzərdə tutulmuş vəzifələrin həyata keçirilməsində iştirak edir.