Hüquq və İnsan Resursları Şöbəsinin Əsasnaməsi

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Hüquq və insan resursları şöbəsi haqqında

ƏSASNAMƏ

1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra - Nazirlik) Aparatının müstəqil struktur bölməsi olan Hüquq və insan resursları şöbəsinin (bundan sonra - şöbə) fəaliyyət istiqamətlərini, əsas vəzifələrini, hüquqlarını və fəaliyyətinin təşkili qaydasını müəyyən edir.
1.2. Şöbə bu Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində Nazirliyin Aparatının struktur bölmələrinin və strukturuna daxil olan və olmayan tabeliyindəki qurumlarının (bundan sonra – struktur bölmələr və qurumlar) fəaliyyəti ilə bağlı hüquqi aktların hazırlanması, hüquqi aktların ekspertizası, digər qurumlardan daxil olan normativ hüquqi akt layihələrinin razılaşdırılması və hüquqi təminat, Nazirliyin Aparatının struktur bölmələri və qurumlarının fəaliyyəti ilə bağlı dövlət qulluğu və əmək qanunvericiliyi sahəsində münasibətlərin tənzimlənməsi, dövlət qulluğuna qəbul və dövlət qulluğu vəzifələrinin tutulması, əməkdaşların əlavə təhsil və təlim ehtiyaclarının ödənilməsi və attestasiyası, xidməti fəaliyyətin qiymətləndirilməsi, habelə insan resurslarının idarə edilməsi işlərinin təşkili və tənzimlənməsi sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyəti həyata keçirir.
1.3. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununu və digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər qanunvericilik aktlarını, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin (bundan sonra - nazir) əmr və sərəncamlarını (bundan sonra – təşkilati-sərəncamverici sənədlər) və bu Əsasnaməni rəhbər tutur.
1.4. Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin struktur bölmələri və qurumları, eləcə də mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları və qeyri hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

2. Şöbənin fəaliyyət istiqamətləri
2.0. Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.0.1. Nazirliyin struktur bölmələri və qurumlarında normayaratma fəaliyyətinin həyata keçirilməsini təmin edir;
2.0.2. Nazirliyin struktur bölmələri və qurumlarında normayaratma fəaliyyətinin həyata keçirilməsinə metodiki və əməli rəhbərliyi həyata keçirir, digər qurumlardan daxil olan normativ hüquqi akt layihələrinin ekspertizasını və razılaşdırılmasını həyata keçirir;
2.0.3. Nazirliyin struktur bölmələri və qurumlarında hüquqi təminat, hüquqi təhlil və ekspertiza işlərinin təşkilini və təkmilləşdirilməsini təmin edir;
2.0.4. Nazirliyin məhkəmələrdə iddiaçı və cavabdeh qismində təmsil olunmasını, hüquqi və qanuni mənafelərinin müdafiəsini təşkil edir;
2.0.5. Nazirliyin struktur bölmələri və qurumları tərəfindən aşkar olunmuş inzibati xətalar və cinayət əməlləri üzrə araşdırmalar aparılmasını təmin edir;
2.0.6. Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun vətəndaşların və sahibkarların hüquqlarının pozulduğu hallarda qanunvericiliyə uyğun tədbirlər görür, onların hüquq və qanuni mənafelərinin gözlənilməsi üçün tədbirlər görülməsində iştirak edir;
2.0.7. Nazirliyin struktur bölmələri və qurumlarının əməkdaşları tərəfindən bilavasitə korrupsiya hüquqpozmalarına və korrupsiyaya şərait yaradan hüquqpozmalara yol verilməsinin qarşısının alınması üçün zəruri qabaqlayıcı tədbirlər görülməsində iştirak edir;
2.0.8. Nazirliyin qurumlarının hüquq və kadr xidmətləri üzərində funksional rəhbərliyi həyata keçirir;
2.0.9. insan resurslarının inkişafı üzrə tədbirlər sistemini hazırlayaraq həyata keçirir, o cümlədən müvafiq sahədə yüksəkixtisaslı kadrlara olan tələbatı öyrənir, kadr hazırlığını təmin edir, mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görür, kadr siyasətini həyata keçirir;
2.0.10. Nazirliyin aparatında və qurumlarında dövlət qulluğu sahəsinə və əmək qanunvericiliyinə dair hüquqi aktların tələblərinə əməl edilməsinə ümumi nəzarəti həyata keçirir;
2.0.11. dövlət qulluğuna qəbul və vakant inzibati vəzifələrin tutulması ilə bağlı zəruri tədbirləri həyata keçirir, orqanın kadrların formalaşdırılmasını və insan resurslarının səmərəli idarə edilməsini və müvafiq sahənin inkişafını təmin edir;
2.0.12. müvafiq sahənin inkişafını təmin edir.

3. Şöbənin vəzifələri
3.0. Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, şöbənin vəzifələri aşağıdakılardır:
3.0.1. normayaratma fəaliyyətindən irəli gələn vəzifələrin yerinə yetirilməsində iştirak etmək və ya yerinə yetirilməsini təşkil etmək;
3.0.2. verilmiş səlahiyyətlər daxilində Nazirliyi başqa təşkilatlarda təmsil etmək;
3.0.3. Nazirliyin fəaliyyətini tənzimləyən hüquqi aktların, təşkilati-sərəncamverici və digər normativ sənədlərin layihələrini hazırlamaq və ya hazırlanmasında iştirak etmək;
3.0.4. Nazirliyin struktur bölmələri və qurumları tərəfindən normayaratma fəaliyyətinin həyata keçirilməsinə, normativ hüquqi təminat işlərinin aparılmasına metodiki və əməli rəhbərliyi həyata keçirmək və daimi nəzarətdə saxlamaq, bununla bağlı monitorinqlər həyata keçirmək və hesabatlar tələb etmək;
3.0.5. Nazirliyə daxil olan və Nazirliyin struktur bölmələri və qurumları tərəfindən hazırlanmış normativ hüquqi akt layihələrinin və digər təşkilati-sərəncamverici sənədlərin, beynəlxalq müqavilələrin və digər müqavilə layihələrinin hüquqi ekspertizasını həyata keçirmək və onların Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğuna dair rəylər vermək;
3.0.6. Azərbaycan Respublikasının Prezidenti tərəfindən Nazirliyə verilmiş tapşırıqlara əsasən beynəlxalq müqavilə və saziş layihələrinin və Nazirliyin fəaliyyəti ilə bağlı müqavilələrin hazırlanmasında iştirak etmək və belə müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək;
3.0.7. Nazirliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün təkliflər vermək;
3.0.8. Azərbaycan Respublikasının məhkəmələrində Nazirliyin, xarici dövlətlərin məhkəmələrində (arbitrajlarda) Azərbaycan Respublikasının hüquq və qanuni mənafelərini müdafiə etmək, məhkəmə baxışları ilə əlaqədar prosessual sənədlərin (iddia ərizələrinin, iddia ərizələrinə dair etirazların və s.) hazırlanmasını təşkil etmək;
3.0.9. dövlət, məhkəmə, yerli özünüidarəetmə orqanları, müəssisə və təşkilatlar, beynəlxalq və qeyri-hökumət təşkilatları, hüquqi və fiziki şəxslər tərəfindən Nazirliyə ünvanlanmış və icrası şöbəyə tapşırılmış müraciətlərə müəyyən olunmuş qaydada baxılmasını və müvafiq tədbirlərin görülməsini təmin etmək;
3.0.10. müvafiq hüquqi aktlarda və dövlət proqramlarında Nazirliyə həvalə edilmiş tədbirlərin, habelə təşkilati-sərəncanverici sənədlərdə nəzərdə tutulmuş tədbirlərin (tapşırıqların) həyata keçirilməsində iştirak etmək;
3.0.11. Nazirliyin struktur bölmələri və qurumlarına Nazirliyin fəaliyyəti prosesində, habelə fəaliyyət istiqamətləri üzrə hüquqi yardım göstərmək, arayışlar, rəylər və qanunvericiliyin tələblərinə əməl olunması istiqamətində hüquqi məsləhətlər vermək;
3.0.12. Nazirliyin normativ hüquqi aktlarının Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsini təmin etmək;
3.0.13. Nazirlikdə qanunvericilik bazasını formalaşdırmaq, Nazirliyin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları, təşkilati-sərəncamverici sənədləri təhlil etmək, onların mütəmadi olaraq yenilənməsinə və təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq;
3.0.14. fəaliyyət istiqamətlərinə uyğun olaraq şöbənin iş planını, görülmüş işlər haqqında dövrlər üzrə hesabatlar hazırlamaq və Nazirliyin Kollegiyasında müzakirə edilməli məsələlərə dair təkliflər vermək;
3.0.15. qanunvericilik aktlarında və dövlət proqramlarında Nazirliyə həvalə edilmiş tədbirlərin, tapşırıqların icrası ilə bağlı əlaqələndirmə tədbirlərini həyata keçirmək;
3.0.16. fəaliyyət istiqamətləri ilə bağlı insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq;
3.0.17. fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını təmin etmək;
3.0.18. dövlət qulluğu ilə bağlı müsahibələrin (müsabiqə üzrə, daxili və ümumi) keçirilməsini Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə razılaşdırılmış qaydada təşkil etmək, müsahibələrdən keçmiş işçilərin işə qəbulunu həyata keçirmək;
3.0.19. insan resurslarının idarə edilməsinə dair dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsi üzrə təkliflərin hazırlanması və icrasında iştirak etmək;
3.0.20. insan resurslarının inkişafı, fiziki və intellektual imkanlarının səmərəli istifadə sahəsində tədbirlər hazırlamaq və həyata keçirmək;
3.0.21. Nazirliyin qurumlarında insan resurslarının idarəedilməsi sahəsində işlərin təşkilinə nəzarət etmək və bununla bağlı monitorinqlər həyata keçirmək, hesabatlar tələb etmək;
3.0.22. Nazirliyin struktur bölmələri və qurumlarında yüksək ixtisaslı peşəkar mütəxəssislərlə komplektləşdirilməsi, kadrların seçilməsi, yerləşdirilməsi istiqamətində kadr strategiyasını həyata keçirmək;
3.0.23. dövlət qulluğu hesab edilməyən vəzifələr üzrə tələbləri müəyyən etmək və onların qiymətləndirilməsini həyata keçirmək;
3.0.24. inzibati vəzifə tutan dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinin həyata keçirilməsində iştirak etmək və qanunvericiliyə uyğun aparılmasına nəzarət etmək;
3.0.25. inzibati vəzifə tutan dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələrini təhlil etmək, illik yekun hesabatları hazırlamaq və bu barədə Dövlət İmtahan Mərkəzinə məlumat vermək;
3.0.26. dövlət qulluğu vəzifələri üzrə qanunvericiliyə uyğun olaraq tələblər müəyyən etmək və qulluq funksiyalarının hazırlanması işini təmin etmək;
3.0.27. dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması üçün tələb olunan məlumatların, müsahibə və müsabiqə proqramlarının, vəzifə təlimatlarının aidiyyəti üzrə vaxtında təqdim edilməsi üçün zəruri tədbirlərin görülməsini təmin etmək;
3.0.28. daimi dövlət qulluğuna qəbul olunmuş dövlət qulluqçularının qanunverciliyə uyğun təntənəli surətdə and içməsini təmin etmək; 3.0.29. Nazirliyin struktur bölmələri və qurumlarında ştat vahidlərinin seçim nəticəsində təqdim edilmiş şəxslər vasitəsilə təmin edilməsi, kadrların rotasiyası, vəzifəyə təyin və ya vəzifədən azad edilməsi, etik məsuliyyətə cəlb edilməsi və mükafatlandırılması, əmək şəraitinin yaxşılaşdırılması və işçi məmnunluğunun təmin edilməsi ilə bağlı rəhbərliyə təkliflər vermək, bu barədə sənədləşmə işlərini aparmaq;
3.0.30. Nazirliyin struktur bölmələri və qurumlarında işçilərin rotasiyası, vəzifəyə təyin və ya vəzifədən azad edilməsi, inzibati və etik məsuliyyətə cəlb edilməsi, onların mükafatlandırılması, əmək şəraitinin yaxşılaşdırılması və işçi məmnunluğunun təmin edilməsi ilə bağlı işlərə nəzarət etmək, şöbə daxilində bu işləri həyata keçirmək;
3.0.31. Nazirliyin struktur bölmələri və qurumlarında inzibati və etik məsuliyyətə cəlb edilmiş əməkdaşlarının statistikasının aparılmasını təmin etmək;
3.0.32. işçilərin əlavə təhsil, təlim ehtiyaclarını müəyyən etmək, peşə hazırlığının artırılması, etik davranış və korrupsiyaya qarşı mübarizə və digər istiqamətlərdə davamlı olaraq təlimlər və seminarlar təşkil etmək;
3.0.33. dövlət qulluqçularına tutduqları vəzifəyə və qulluq stajına uyğun ixtisas dərəcələrinin verilməsi ilə bağlı təkliflər vermək;
3.0.34. staj müddətində olan dövlət qulluqçuları, yeni təyin olunmuş dövlət qulluqçuları, habelə digər işçilərin yeni iş mühitinə adaptasiya işinin aparılmasının həyata keçirilməsini təmin etmək;
3.0.35. rəhbər vəzifələr üzrə ehtiyat kadrlar siyahısını formalaşdırmaq və ehtiyat kadrlar siyahısına daxil edilmiş şəxslər barədə illik fəaliyyət planını hazırlamaq, bu barədə məlumatı müvafiq icra hakimiyyəti orqanına təqdim etmək, ehtiyat kadrlarla bağlı olan digər işləri aparmaq, perspektivli kadrların peşəkarlığının artırılmasına dair təkliflər hazırlamaq;
3.0.36. işçi dövriyyəsini araşdırmaq, statistikasını aparmaq, bununla bağlı təkliflər hazırlamaq və rəhbərliyə təqdim etmək;
3.0.37. Nazirliyin struktur bölmələri və qurumlarında işçilərin komanda quruculuğu işinin korporativ, sosial-mədəni və motivasiya tədbirlərinin təşkil edilməsini təmin etmək;
3.0.38. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq vakant inzibati dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə, ümumi müsahibə və daxili müsahibəyə çıxarılması nəzərdə tutulan vəzifələri müəyyən etmək və rəhbərliyin bu barədə qəbul etdiyi qərarı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə təqdim etmək;
3.0.39. dövlət qulluğuna kadrların seçilməsi məqsədilə qanunvericiliyə uyğun olaraq keçirilən müsabiqə və ya müsahibələrdə nümayəndə qismində iştirak etmək, yaxud nümayəndənin iştirakını təmin etmək, müsahibə və ya müsabiqə əsasında təyinat aparıldıqda, sənədləşdirmə işlərini həyata keçirmək;
3.0.40. dövlət qulluqçularının reyestrinin və dövlət qulluğu ilə əlaqədar yaradılan digər məlumat bazalarının aparılması üçün zəruri tədbirlər görmək və reyestrə daxil edilmiş məlumatlarda baş vermiş dəyişikliklər haqqında məlumatların müvafiq dövlət orqanına hər ay verilməsini təmin etmək;
3.0.41. qanunvericiliyə uyğun olaraq iş vaxtından istifadənin uçot cədvəli (tabel), iş stajları barədə arayış və məzuniyyət qrafiklərinin hazırlanması, əməkdaşlara məzuniyyətlərin verilməsi, məzuniyyətlərin qeydiyyatının aparılması, ezamiyyətə göndərilmənin rəsmiləşdirilməsi işlərini informasiya texnologiyaları vasitəsilə həyata keçirmək;
3.0.42. Nazirliyin aparatında əməkdaşlarının şəxsi işlərinin, arxiv işlərinin, həmçinin digər sənədlərin müəyyən olunmuş qaydada uçotunu, qeydiyyatını həyata keçirmək, saxlanmasını və onlarda olan məlumatların yayılmamasını təmin etmək, qurumlarda bu işlərin həyata keçirilməsinin təmin edilməsi ilə bağlı aidiyyəti olaraq metodiki tövsiyələr vermək;
3.0.43. Nazirliyin qurumlarında kadrlar üzrə fəaliyyətin həyata keçirilməsinə cavabdeh olan şəxslərlə davamlı olaraq metodiki və maarifləndirici tədbirlər həyata keçirmək;
3.0.44. işçilərə xidməti vəsiqələrin və əmək kitabçalarının verilməsi, əmək kitabçalarının doldurulması, onların qeydiyyatının aparılması və saxlanması işlərini təmin etmək;
3.0.45. dövlət orqanlarından, qeyri hökumət təşkilatlarından və fiziki şəxslərdən daxil olan müraciətləri araşdırmaq və aidiyyəti üzrə cavablandırmaq;
3.0.46. qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını təmin etmək;
3.0.47. səlahiyyətləri çərçivəsində Nazirliyin inkişaf konsepsiyasının (strateji planının) həyata keçirilməsini təmin etmək;
3.0.48. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

4. Şöbənin hüquqları
4.0. Şöbənin öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqları vardır:
4.0.1. fəaliyyət istiqamətləri üzrə Nazirliyin struktur bölmələri və qurumları tərəfindən hazırlanmış hüquqi aktlarının, beynəlxalq müqavilələrin, təşkilati-sərəncamverici sənədlərin layihələrinə dair təkliflər hazırlamaq;
4.0.2. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, Nazirliyin fəaliyyət istiqamətlərinə aid hüquqi aktların və təşkilati-sərəncamverici sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq;
4.0.3. Nazirliyin struktur bölmələri və qurumları tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsini ümumiləşdirmək, təhlil etmək və bu təcrübənin təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq;
4.0.4. bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
4.0.5. Bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar Nazirliyin struktur bölmələri və qurumlarına sorğular ünvanlamaq və onlardan müvafiq məlumatları (sənədləri) almaq;
4.0.6. Nazirliyin struktur bölmələri və qurumları tərəfindən hazırlanmış sənəd layihələrinin (məktub, arayış, sorğu, hüquqi akt və s.) hüquqi ekspertizasını həyata keçirmək və onların qanunvericiliyə uyğunluğunu yoxlamaq;
4.0.7. Nazirliyin struktur bölmələri və qurumlarının əməkdaşları tərəfindən qanunvericiliyin, təşkilati-sərəncam sənədlərinin tələblərinin pozulmasını, habelə onlara həvalə edilmiş vəzifə və funksiyaların lazımınca icra edilməməsini doğuran səbəb və şəraitin aradan qaldırılmasına, səlahiyyətlərin dəqiqləşdirilməsinə, fəaliyyətin yaxşılaşdırılmasına dair təkliflər hazırlamaq;
4.0.8. insan resurslarının idarə edilməsi sahəsində təcrübə mübadiləsi məqsədilə digər dövlət orqanlarının və hüquqi şəxslərin insan resursları sahəsində fəaliyyəti həyata keçirən qurumları ilə əməkdaşlıq etmək;
40.0.9. fəaliyyət dairəsinə aid edilmiş məsələlərlə bağlı Nazirliyi dövlət orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər qarşısında təmsil etmək, hüquq və qanuni mənafelərini müdafiə etmək;
4.0.10. dövlət qulluqçularının tutduqları vəzifəyə və qulluq stajına uyğun olaraq, habelə onların peşəkarlığı, idarəçilik təcrübəsi və əmək funksiyalarını yerinə yetirmək sahəsində göstəriciləri nəzərə alınmaqla, onlara ilkin və növbəti ixtisas dərəcələrinin verilməsi məqsədilə Nazirliyin rəhbərliyinə təkliflər vermək;
4.0.11. əməkdaşların ali təhsil müəssisələrinə, (xarici ölkələrin ali təhsil müəssisələri də daxil olmaqla) yenidən hazırlıq və ixtisasartırma kurslarına göndərilməsi barədə Nazirliyin rəhbərliyinə təkliflər vermək;
4.0.12. Nazirlikdə və digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında, fəaliyyətinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli yerli və beynəlxalq tədbirlərdə Nazirliyi təmsil etmək, onların işində iştirak etmək;
4.0.13. fəaliyyət istiqamətlərinə uyğun digər dövlətlərin təcrübəsini öyrənmək və müvafiq sahədə fəaliyyətin təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlamaq;
4.0.14. Nazirliyin struktur bölmələrində və qurumlarda idarəetmənin təkmilləşdirilməsi, səlahiyyətlərin dəqiqləşdirilməsi, fəaliyyətin yaxşılaşdırılması barədə təkliflər hazırlamaq;
4.0.15. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;
4.0.16. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

5. Şöbənin fəaliyyətinin təşkili
5.1. Şöbənin strukturu və əməkdaşlarının sayı nazir tərəfindən müəyyən və təsdiq edilir. Şöbə bilavasitə Aparat rəhbərinə tabedir və onun qarşısında hesabat verir. Nazir tərəfindən səlahiyyət verilmiş şəxs istisna olmaqla, heç kəs şöbənin fəaliyyətinə müdaxilə edə bilməz.
5.2. Şöbənin fəaliyyətinə nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir. Şöbə müdiri şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
5.3. Şöbə müdirinin nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini vardır. Şöbə müdirinin müavini şöbə müdiri tərəfindən ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır. Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada şöbə müdirinin müavini həyata keçirir.
5.4. Şöbənin digər əməkdaşları nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.
5.5. Şöbə müdiri:
5.5.1. şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
5.5.2. tabeliyində olan sektorlar və əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra və etik davranış qaydalarına riayət etmələrinə nəzarət edir;
5.5.3. şöbəyə həvalə olunmuş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədləri imzalayır, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə icra edilməsinə nəzarət edir;
5.5.4. şöbə üzrə Nazirliyin Kollegiyasında müzakirə olunmalı məsələləri müəyyən edir və bu barədə təkliflərini Nazirliyin rəhbərliyinə təqdim edir, şöbə tərəfindən bu Əsasnamənin 1.3-cü bəndində göstərilən qanunvericilik aktlarının və təşkilati-sərəncamverici sənədlərin vaxtında və lazımi səviyyədə icrasını təmin edir;
5.5.5. şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Nazirliyin rəhbərliyinə təqdimatlar verir;
5.5.6. şöbənin inzibati vəzifə tutan dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini təşkil və təmin edir;
5.5.7. şöbənin əməkdaşlarının ixtisasının artırılması və əmək şəraitinin yaxşılaşdırılması üçün müvafiq tədbirləri həyata keçirir;
5.5.8. şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Nazirliyin struktur bölmələri və qurumlarından zəruri məlumat və sənədləri alır və yerlərdə fəaliyyət istiqamətlərinə uyğun araşdırma aparır;
5.5.9. şöbə üzrə daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;
5.5.10. şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;
5.5.11. Nazirliyin struktur bölmələri və qurumlarından təşkilati-sərəncamverici sənədlərin icrası haqqında məlumatlar alır və yerlərdə araşdırma aparır;
5.5.12. şöbəni təmsil edir.
5.6. Şöbənin əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.
5.7. Şöbənin hər bir əməkdaşı ona məlum olan və dövlət sirri, yaxud xidməti sirr təşkil edən məlumatların mühafizə olunmasına görə öz vəzifəsinə və səlahiyyətlərinə uyğun məsuliyyət daşıyırlar.
5.8. Şöbənin strukturuna Hüquqi aktların təhlili və ekspertizası sektoru, Hüquqi tənzimləmə və məhkəmələrlə iş sektoru, Dövlət qulluğu və kadr işinin təşkili sektoru və İnsan kapitalının inkişafı sektoru daxildir:
5.8.1. Hüquqi aktların təhlili və ekspertizası sektoru, fəaliyyət istiqamətləri nəzərə alınmaqla, bu Əsasnamənin 3.0.4-3.0.6, 3.0.11-3.0.13, 3.0.15-ci yarımbəndlərində nəzərdə tutulmuş vəzifələri həyata keçirir, 3.0.1-3.0.3, 3.0.7-3.0.11, 3.0.14-3.0.17, 3.0.24, 3.0.45- 3.0.48-ci yarımbəndlərində nəzərdə tutulmuş vəzifələrin həyta keçirilməsində iştirak edir;
5.8.2. Hüquqi tənzimləmə və məhkəmələrlə iş sektoru, fəaliyyət istiqamətləri nəzərə alınmaqla, bu Əsasnamənin 3.0.8-ci və 3.0.9-cu yarımbəndində nəzərdə tutulmuş vəzifələri həyata keçirir, 3.0.1-3.0.7, 3.0.10, 3.0.11, 3.0.14-3.0.17, 3.0.24, 3.0.45-3.0.48-ci yarımbəndlərində nəzərdə tutulmuş vəzifələrin həyta keçirilməsində iştirak edir.
5.8.3. Dövlət qulluğu və kadr işinin təşkili sektoru, fəaliyyət istiqamətləri nəzərə alınmaqla, bu Əsasnamənin 3.0.19, 3.0.21 - 3.0.24, 3.0.26, 3.0.27-3.0.30, 3.0.32, 3.0.34- 3.0.37, 3.0.39 - 3.0.45-ci yarımbəndlərində nəzərdə tutulmuş vəzifələri həyata keçirir, 3.0.7, 3.0.9, 3.0.10, 3.0.14, 3.0.16-3.0.18, 3.0.20, 3.0.25, 3.0.29, 3.0.31, 3.0.45-3.0.48-ci yarımbəndlərində nəzərdə tutulmuş vəzifələrin həyata keçirilməsində iştirak edir.
5.8.4. İnsan kapitalının inkişafı sektoru fəaliyyət istiqamətləri nəzərə alınmaqla bu Əsasnamənin 3.0.20, 3.0.32, 3.0.34, 3.0.37-ci yarımbəndlərində nəzərdə tutulmuş vəzifələri həyata keçirir, 3.0.7, 3.0.9, 3.0.10, 3.0.14, 3.0.16, 3.0.17, 3.0.19, 3.0.21, 3.0.24, 3.0.28, 3.0.29, 3.0.36, 3.0.45-3.0.49-ci yarımbəndlərində nəzərdə tutulmuş vəzifələrin həyata keçirilməsində iştirak edir.