Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Ətraf Mühitin və Təbii Sərvətlərin İdarə Edilməsi şöbəsi haqqında
ƏSASNAMƏ
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra - Nazirlik) Aparatının müstəqil struktur bölməsi olan Ətraf Mühitin və Təbii Sərvətlərin İdarə Edilməsi şöbəsinin (bundan sonra - Şöbə) fəaliyyət istiqamətlərini, əsas vəzifələrini, hüquqlarını və fəaliyyətinin təşkili qaydasını müəyyən edir.
1.2. Şöbə bu Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində ətraf mühitin mühafizəsinin qiymətləndirilməsi və planlaşdırılması, təbii mühitin monitorinqi, hidrometeoroloji xidmətin təşkili, təhlükəli tullantıların idarə olunması, bioloji müxtəlifliyin qorunması, yaşıllıq ərazilərinin miqyasının genişləndirilməsi, meşəlik ərazilərinin artırılması, təbii sərvətlərdən səmərəli istifadə, xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə olunması, geologiya, geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla) və kartoqrafiya fəaliyyəti də daxil olmaqla Nazirliyin tabeliyinə və strukturuna daxil olan bütün xidmət sahələrinin idarə olunmasını tənzimləyir, işğaldan azad olunan ərazilərdə ətraf mühit və təbii sərvətlər üzrə monitorinqlərin keçirilməsini, təbii ehtiyatlara vurulan zərərin qiymətləndirilməsi (bundan sonra-müvafiq sahə) sahəsində fəaliyyəti həyata keçirir.
1.3. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununu və digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər qanunvericilik aktlarını, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin (bundan sonra - nazir) əmr və sərəncamlarını (bundan sonra – təşkilati-sərəncamverici sənədlər) və bu Əsasnaməni rəhbər tutur.
1.4. Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin struktur bölmələri və qurumları, eləcə də mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları və qeyri hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
2. Şöbənin fəaliyyət istiqamətləri
2.0. Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.0.1. müvafiq sahədə Nazirliyin struktur bölmə və qurumları, digər dövlət orqanları (qurumları) ilə əməkdaşlığın aparılmasını təmin edir;
2.0.2. ətraf mühitin mühafizəsi və planlaşdırılması, həmçinin təbii ehtiyatlardan səmərəli istifadə sahəsində görülmüş işləri təhlil edir və qiymətləndirir;
2.0.3. işğaldan azad olunan ərazilərdə ətraf mühitə və təbii sərvətlərə vurulan zərərin ilkin qiymətləndirilməsi, ekosistemin bərpası və monitorinq işlərinin tənzimlənməsi üzrə tədbirlər görür;
2.0.4. Nazirliyin müvafiq sahə üzrə fəaliyyət istiqamətlərinə dair tədbirlər hazırlayır və həyata keçirir;
2.0.5. müvafiq sahənin inkişafını təmin edir;
2.0.6. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
3. Şöbənin vəzifələri
3.0. Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, şöbə aşağıdakı vəzifələri həyata keçirir:
3.0.1. ekoloji norma və qaydaların hazırlanmasında iştirak etmək;
3.0.2. verilmiş səlahiyyətlər daxilində Nazirliyi başqa təşkilatlarda təmsil etmək;
3.0.3. atmosfer havasının və torpaq örtüyünün monitorinqi və mühafizəsi sahəsində qüvvədə olan normativlərə, qaydalara və tələblərə əməl olunmasına nəzarəti həyata keçirən qurumların fəaliyyətini əlaqələndirmək və görülən işləri qiymətləndirmək;
3.0.4. dövlət uçotuna alınaraq normalaşdırılan atmosfer havasına atılan zərərli maddələrin və atmosfer havasına fiziki təsir mənbələrinin müəssisə, təşkilatlar, şəhər və digər yaşayış məntəqələri üzrə siyahısını və ekoloji təhlükəlilik dərəcəsinin müəyyən edilməsi işini təşkil etmək və icrasına nəzarət etmək;
3.0.5. çirklənmə mənbələrinin uçotunun və təhlükə potensiallı obyektlərin qeydiyyatının aparılması, ətraf mühitə zərərli maddələrin atılmasının (axıdılmasının) limitlərinin müəyyən edilməsi işlərinə nəzarət etmək;
3.0.6. dövriyyədən çıxmış torpaqların kənd, meşə, balıqçılıq və ya digər təsərrüfatlarda istifadəsi və ayrılması şərtlərinə uyğun olaraq həmin regionun ekoloji tarazlığını təmin edən vəziyyətə gətirilməsi şərtlərinin müəyyən edilməsi işində iştirak etmək;
3.0.7. ölkə ərazisində formalaşan istehsalat, məişət, eləcə də plastik və təhlükəli tullantıların qanunvericiliyə uyğun qaydada idarə edilməsi ilə bağlı müvafiq təkliflər vermək;
3.0.8. xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması, onların statusunun müəyyən edilməsi, habelə bu ərazilərdə xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq edilən fəaliyyət zonalarının və sanitar-mühafizə zonalarının müəyyənləşdirilməsi məqsədilə tədbirlər görmək, bu məqsədlə təkliflər vermək;
3.0.9. Azərbaycan Respublikasının “Qırmızı Kitabı”nın aparılmasının təşkili üçün aidiyyəti qurumlarla birlikdə tədbirlər görmək;
3.0.10. bioloji müxtəlifliyin qorunması, ovçuluq təsərrüfatlarının mühafizəsi və istifadəsi ilə bağlı funksiyalara nəzarət etmək, bununla əlaqədar hesabatları tələb etmək, təhlil edib fəaliyyətin təkmilləşdirilməsi üçün təkliflər hazırlamaq;
3.0.11. yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatları aidiyyəti qurumlardan tələb etmək, təhlil etmək, hesabatlar hazırlamaq;
3.0.12. ekoloji təhlükəsizliyin təmin edilməsi, təbii ekoloji sistemlərə təsərrüfat fəaliyyəti və digər fəaliyyət nəticəsində dəyə biləcək zərərin qarşısını almaq üçün görülmüş tədbirlər barədə hesabatlar tələb etmək və hesabatları təhlil etməklə təkliflər hazırlamaq;
3.0.13. dövlət ekoloji ekspertizasının təşkilinə, həyata keçirilməsinə, habelə ekoloji ekspertiza rəyinin verilməsində “Ətraf mühitin mühafizəsi haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası qanunlarının, digər normativ hüquqi aktların tələblərinə riayət olunmasına nəzarətin həyata keçirməsi məqsədilə Dövlət Ekoloji Ekspertiza Agentliyindən hesabatlar tələb etmək, digər tədbirlər görmək;
3.0.14. ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə qiymətləndiricilərə ixtisas attestatının verilməsinə dair təkliflərə baxmaq;
3.0.15. Nazirliyin Elmi-Texniki Şurasına daxil olan texniki tapşırıqlara baxaraq rəy vermək;
3.0.16. hidrometeoroloji fəaliyyətlə bağlı fəaliyyətə dair hesabatlar üzrə təhlillər aparmaq, aidiyyəti təkliflər nəzərə alınmaqla təqdimatlar hazırlamaq;
3.0.17. balıqartırma və balıqyetişdirmə müəssisələrinin fəaliyyətinin əsas istiqamətlərini dəyişdirmədən balıqçılıq haqqında qanunvericiliyə uyğun akvakultura (o cümlədən dəniz akvakulturası (marikultura) əmtəə balıqçılığının yaradılması üçün Nazirliyin aidiyyəti struktur bölmə və qurumları ilə birlikdə tədbirlər görmək, bu istiqamətdə strategiya hazırlanmasında iştirak etmək;
3.0.18. dövlət meşə fondu torpaqlarının sərhədlərinin pozulması hallarının qarşısını almaq məqsədilə bu torpaqlarla həmsərhəd dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi zamanı həmin torpaqların sərhəd xətlərinin dəqiqləşdirilməsində iştirakı təşkil etmək;
3.0.19. meşəsalma məqsədilə həyata keçirilən tədbirlərə, habelə meşə fondunun məhsuldar olmayan torpaq sahələrini minimuma endirmək üçün tədbirlərə dair Nazirliyin aidiyyəti qurumundan hesabatlar tələb etmək, təhlil əsasında təkliflər hazırlamaq;
3.0.20. təbiəti mühafizə, təbiətdən istifadə,geodeziya və kartoqrafiya sahəsində dövlət standartlarının hazırlanmasında iştirak etmək;
3.0.21. ətraf mühitin mühafizəsi sahəsində aparılan monitorinqləri və nəzarət tədbirlərini təhlil etmək və qiymətləndirmək;
3.0.22. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində və onun sahil zolağı boyu yerləşən ərazilərdə ətraf mühitə antropogen təsirlərin öyrənilməsi, proseslərin müşahidəsi və proqnozlaşdırılması, həmçinin təbii sərvətlərdən səmərəli istifadə olunmasına nəzarət fəaliyyətləri ilə bağlı aidiyyəti qurumlardan hesabatlar tələb etmək, təhlilləllər aparmaq və qiymətləndirmək;
3.0.23. Nazirliyin aidiyyəti struktur bölmələri ilə birlikdə ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə sahəsində layihələrin və təkliflərin hazırlanmasında iştirak etmək;
3.0.24. müəssisələr tərəfindən Nazirliyə təqdim edilən 2 TG (su təsərrüfatı, atmosfer havası, tullantılar, tibbi tullantılar) Dövlət statistik hesabatlarının təhlilinin aparılmasında iştirak etmək və təkliflər vermək;
3.0.25. ETSN-in gördüyü işlər barəsində ümumiləşdirilmiş hesabatın hazırlanması məqsədilə Nazirliyin qurumlarından hesabatların alınması, təhlil edilməsi və aidiyyəti üzrə təqdim edilməsi;
3.0.26. geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla) və kartoqrafiya fəaliyyətinə dair Nazirliyin aidiyyəti qurumunun təkliflərini araşdıraraq təqdimatlar hazırlamaq;
3.0.27. yer təkinin istifadəsi sahəsində “Yerin təki haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunları və digər qanunvericilik aktlarına uyğun həyata keçirilən fəaliyyətə dair Nazirliyin aidiyyəti qurumlarından hesabatlar tələb etmək, Nazirliyin aidiyyəti struktur bölmələri ilə birlikdə bu istiqamətdə layihələrin, təkliflərin hazırlanmasını təşkil etmək;
3.0.28. dövlət sifarişləri üzrə illik iş və obyektlər planlarının razılaşdırılmasını, aylıq, rüblük və illik hesabatların yoxlanmasını və qəbulunu həyata keçirmək;
3.0.29. dövlət sifarişləri üzrə fəaliyyətinin qüvvədə olan normativ-texniki sənədlərin, standartların, normativlərin, təlimatların, qaydaların və metodiki göstərişlərin tələblərinə uyğun aparılması üçün tövsiyələr hazırlamaq;
3.0.30. Agentliklər üzrə aylıq, rüblük və illik hesabatların yoxlanmasını, aralıq və yekun hesabatlara dair rəylərin verilməsini və qəbulunu həyata keçirmək;
3.0.31. Agentlikləri üzrə fəaliyyətinin qüvvədə olan normativ-texniki sənədlərin, standartların, normativlərin, təlimatların, qaydaların və metodiki göstərişlərin tələblərinə uyğun aparılması üçün tövsiyələr hazırlamaq;
3.0.32. Nazirliyin aidiyyəti strukturları ilə birlikdə dövlət büdcəsinin vəsaiti hesabına yerinə yetirilən işlərin dövlət sifarişi layihələrinin hazırlanmasını, müzakirəsini və təsdiq üçün təqdim olunmasını təmin etmək;
3.0.33. Dövlət Sifarişində nəzərdə tutulan tutulan işlərin seçmə qaydasında yerində yoxlanılmasını aparmaq
3.0.34. geodeziya, kartoqrafiya sahəsində dövlət büdcəsi hesabına görülən işlərin texniki-layihə sənədlərinin ekspertizasının aparılmasını həyata keçirmək;
3.0.35. Azərbaycan Respublikası qonşu dövlətlər arasında, o cümlədən digər azad olunmuş ərazilərdə delimitasiya və demarkasiya ilə bağlı hazırlıq işlərinin aparılması məqsədilə hüquqi, kartoqrafik, torpaqdan istifadə, təsərrüfat-iqtisadi və digər materialların öyrənilməsi işlərində aidiyyəti üzrə iştirak etmək;
3.0.36. işğaldan azad edilmiş ərazilərdə aparılmış monitorinq nəticələrinə dair hesabatları tələb etmək, qiymətləndirmək və təkliflər vermək;
3.0.37. işğaldan azad edilmiş ərazilərdə ətraf mühitin mühafizəsi, tullantıların idarə edilməsi, ekoloji maarifləndrimə, meşəbərpa, yeni yaşıllıq sahələrinin salınması, hidrometeoroloji şəbəkənin bərpası, su bioresurslarının artırılması, fauna və flora növlərinin reintroduksiyası, xüsusi mühafizə olunan təbiət ərazilərində infrastrukturun yaradılması və ekosistemin bərpası, eləcə də geodeziya, kartoqrafiya və geologiya sahəsində aparılan tədbirlər ilə bağlı məlumatları aidiyyəti struktur bölmələrdən tələb etmək, qiymətləndirmək və bu sahədə təkliflər vermək;
3.0.38. işğaldan azad olunmuş ərazilərin bərpa və yenidənqurma prosesini əks etdirən rəqəmsal inteqrasiya xəritəsinin yaradılmasında aidiyyəti üzrə iştirak etmək;
3.0.39. işğaldan azad edilmiş ərazilərdə müxtəlif növ təbii ehtiyatlara dəymiş ziyanın müəyyən edilməsi üçün ETSN-in muvafiq qurumları ilə birgə aidiyyəti məlumat və materialların qarşılıqlı mubadiləsini təşkil etmək və yekun nəticə məlumatlarının tərtib edilməsinə nəzarət etmək;
3.0.40. işğaldan azad edilmiş ərazilərdə işğaladək və işğaldan sonrakı dövrə aid məlumat bazasını formalaşdırmaq və bu baza məlumatları əsasında təhlillərin aparılmasını təşkil etmək;
3.0.41. Nazirliyin kollegiya iclasları üçün Nazirliyin tabeli qurumları üzrə yerinə yetirilmiş işlər və nəzərdə tutulan tədbirlər haqqında hesabatlar hazırlamaq;
3.0.42. müvafiq sahədə ikitərəfli və çoxtərəfli əlaqələr, dövlətlərarası və hökumətlərarası komissiyaların fəaliyyəti sahələrində təkliflər vermək, bununla bağlı keçirilən danışıqlarda iştirak etmək;
3.0.43. fəaliyyət istiqamətləri üzrə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin (sazişlərin) icrasına nəzarət olunmasında iştirak etmək;
3.0.44. fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə qanunvericiliyə uyğun olaraq baxılmasını təmin etmək;
3.0.45. qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını təmin etmək;
3.0.46. səlahiyyətləri çərçivəsində Nazirliyin inkişaf konsepsiyasının (strateji planının) həyata keçirilməsini təmin etmək;
3.0.47. şöbənin iş planını, fəaliyyəti ilə bağlı hesabatları dövrlər üzrə hazırlamaq;
3.0.48.qurumlar tərəfindən iş planlarının icra edilməsini nəzarətdə saxlamaq, bununla bağlı rüblük hesabatları qəbul etmək, müvafiq təhlillər aparmaq və Nazirliyin digər şöbələrinin təklifləri nəzərə alınmaqla iş planlarında nəzərdə tutulan tədbirlərin icrası barəsində rübdə bir dəfə rəhbərliyə məlumat vermək.
3.0.49. Nazirliyin tabeli qurumlarının proqnoz tapşırıqlarını, fonda daxilolmalar, xüsusi və büdcədənkənar vəsaitlərlərin icrasına dair hesabatları tələb etmək, qiymətləndirmək və təkliflər vermək;
3.0.50. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
4. Şöbənin hüquqları
4.0 Şöbə bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
4.0.1. fəaliyyət istiqamətlərinə uyğun Nazirliyin struktur bölmələrinə, qurumlara, dövlət, qeyri-dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə müvafiq qaydada sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
4.0.2. Nazirliyə ünvanlanmış və icrası şöbəyə həvalə edilmiş müraciətlərə baxmaq, araşdırmalar aparmaq və bu sahədə Nazirliyin aparatının struktur bölmələrinin və vəzifəli şəxslərinin iştirakının təmin edilməsi üçün təkliflər vermək;
4.0.3. fəaliyyət istiqamətlərinə uyğun Nazirliyi dövlət orqanları, yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları, KİV-lər, hüquqi və fiziki şəxslər qarşısında, o cümlədən, digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında təmsil etmək;
4.0.4. fəaliyyət istiqamtlərinə uyğun dövlət və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əməkdaşlıq etmək;
4.0.5. müvafiq sahədə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;
4.0.6. beynəlxalq müqavilələrin layihələrini hazırlamaq, yaxud hazırlanmasında iştirak etmək;
4.0.7. Nazirliyin fəaliyyət istiqamətləri üzrə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr üzrə öhdəliklərin icrasında iştirak etmək;
4.0.8. xarici dövlətlərin və beynəlxalq təşkilatların müvafiq sahədə təcrübələrinə əsasən fəaliyyətin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;
4.0.9. Nazirlikdə həyata keçirilən rəsmi və işgüzar qəbullarda, görüşlərdə iştirak etmək;
4.0.10. xidmət sahələrinin idarə olunması zamanı aşkar edilən çatışmazlıqların müəyyən olunmuş müddətdə aradan qaldırılması üçün Nazirliyin qurumlarına təqdimatlar vermək;
4.0.11. vəzifə və funksiyalarının icrası məqsədilə Nazirliyin qurumlarının arxiv və fondlarında saxlanılan məlumat və materiallardan qanunvericiliyin tələblərinə uyğun istifadə etmək;
4.0.12. xidmət sahələrinin fəaliyyətinə aidiyyəti üzrə nəzarəti həyata keçirmək.
4.0.13. fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə rəy vermək, təhlillər, ümumiləşdirmələr, monitorinqlər və tədqiqatlar aparmaq, analitik materiallar hazırlamaq, şöbəyə daxil olmuş sənədləri icra etmək;
4.0.14. müvafiq sahədə mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün təkliflər vermək;
4.0.15. qurumlardan iş planlarının icrası ilə bağlı rüblük hesabatları tələb etmək, təlillər apararaq qiymətləndirmək və təqdimatlar vermək.
4.0.16. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;
4.0.17. fəaliyyət dairəsinə aid edilmiş məsələlərlə bağlı səlahiyyətləri daxilində Nazirliyi dövlət orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər qarşısında təmsil etmək;
4.0.18. fəaliyyət istiqamətlərinə uyğun xarici dövlətlərin təcrübəsini öyrənmək və bu sahədə fəaliyyətin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;
4.0.19. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;
4.0.20. müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək;
4.0.21. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
5. Şöbənin fəaliyyətinin təşkili
5.1. Şöbənin strukturu və əməkdaşlarının sayı nazir tərəfindən müəyyən və təsdiq edilir.
5.2. Şöbənin fəaliyyətinə nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir. Şöbə müdiri şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır. Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada şöbə müdirinin müavini və ya nazir tərəfindən təyin olunmuş digər şəxs həyata keçirir.
5.3. Şöbənin digər əməkdaşları nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.
5.4. Şöbə müdiri:
5.4.1. şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
5.4.2. tabeliyində olan sektorlar və əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra və etik davranış qaydalarına riayət etmələrinə nəzarət edir;
5.4.3. şöbəyə həvalə olunmuş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədləri imzalayır, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə icra edilməsinə nəzarət edir;
5.4.4. şöbə üzrə Nazirliyin Kollegiyasında müzakirə olunmalı məsələləri müəyyən edir və bu barədə təkliflərini Nazirliyin rəhbərliyinə təqdim edir, şöbə tərəfindən bu Əsasnamənin 1.3-cü bəndində göstərilən qanunvericilik aktlarının və təşkilati-sərəncamverici sənədlərin vaxtında və lazımi səviyyədə icrasını təmin edir;
5.4.5. şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Nazirliyin rəhbərliyinə təqdimatlar verir;
5.4.6. şöbənin inzibati vəzifə tutan dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir;
5.4.7. şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Nazirliyin struktur bölmələri və qurumlarından zəruri məlumat və sənədləri alırvə yerlərdə fəaliyyət istiqamətlərinə uyğun araşdırma aparır;
5.4.8. şöbə üzrə daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;
5.4.9. şöbədə kargüzarlıq işlərinin aparılmasını, xidməti və məxfilik rejimini təmin edir;
5.4.10. Nazirliyin aidiyyəti struktur bölmələrindən əmr, qərar və sənədlərin icrası haqqında məlumatları əldə edir, araşdırma aparır və təkliflər verir.
5.4.11. şöbəni təmsil edir.
5.5. Şöbənin əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.
5.6. Şöbənin əməkdaşlarını sektordaxili və şöbələrarası rotasiyası ilə bağlı təkliflər verir.
5.7. Şöbənin hər bir əməkdaşı ona məlum olan dövlət sirri, yaxud xidməti sirr təşkil edən məlumatların mühafizə olunmasına görə öz vəzifəsinə və səlahiyyətlərinə uyğun məsuliyyət daşıyırlar.
5.8. Şöbənin strukturuna Ətraf mühitin mühafizəsinin qiymətləndirilməsi və planlaşdırılması sektoru, Dövlət sifarişləri və dövlət agentlikləri ilə iş sektoru və İşğaldan azad edilmiş ərazilərlə iş sektoru daxildir:
5.8.1. Ətraf mühitin mühafizəsinin qiymətləndirilməsi və planlaşdırılması sektoru fəaliyyət istiqamətləri nəzərə alınmaqla, bu Əsasnamənin 3.0.3; 3.0.4; 3.0.5, 3.0.6; 3.07; 3.0.8; 3.0.9; 3.0.10; 3.0.11; 3.0.12; 3.0.14; 3.0.16; 3.0.17; 3.0.19; 3.0.21; 3.0.22; 3.0.23; 3.0.24; 3.0.25; yarımbəndlərində nəzərdə tutulmuş vəzifələri həyata keçirir, 3.0.1; 3.0.2; 3.0.13; 3.0.15; 3.0.20; 3.0.41; 3.0.42; 3.0.43; 3.0.44; 3.0.45; 3.0.46; 3.0.47; 3.0.48; 3.0.49; 3.0.50 yarımbəndlərində nəzərdə tutulmuş vəzifələrin həyata keçirilməsində iştirak edir;
5.8.2. Dövlət sifarişləri və dövlət agentlikləri ilə iş sektoru fəaliyyət istiqamətləri nəzərə alınmaqla, 3.0.13; 3.0.18; 3.0.20; 3.0.25; 3.0.26; 3.0.27; 3.0.28; 3.0.29; 3.0.30; 3.0.31; 3.0.32; 3.0.34 bu Əsasnamənin yarımbəndlərində nəzərdə tutulmuş vəzifələri həyata keçirir, 3.0.1; 3.0.2; 3.0.15; 3.0.17; 3.0.35, 3.0.41; 3.0.42; 3.0.43; 3.0.44; 3.0.45; 3.0.46; 3.0.47; 3.0.48; 3.0.49; 3.0.50 yarımbəndlərində nəzərdə tutulmuş vəzifələrin həyata keçirilməsində iştirak edir.
5.8.3. İşğaldan azad edilmiş ərazilərlə iş sektoru fəaliyyət istiqamətləri nəzərə alınmaqla, bu Əsasnamənin 3.0.36; 3.0.37; 3.0.38; 3.0.39; 3.0.40; yarımbəndlərində nəzərdə tutulmuş vəzifələri həyata keçirir, 3.0.1; 3.0.2; 3.0.13; 3.0.15; 3.0.35, 3.0.41; 3.0.42; 3.0.43; 3.0.44; 3.0.45; 3.0.46; 3.0.47; 3.0.48; 3.0.49; 3.0.50 yarımbəndlərində nəzərdə tutulmuş vəzifələrin həyata keçirilməsində iştirak edir