Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Ekoloji Siyasət şöbəsi haqqında
ƏSASNAMƏ
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra - Nazirlik) Aparatının təminedici struktur bölməsi olan Ekoloji Siyasət şöbəsinin (bundan sonra - şöbə) fəaliyyət istiqamətlərini, əsas vəzifələrini, hüquqlarını və fəaliyyətinin təşkili qaydasını müəyyən edir.
1.2. Şöbə bu Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində Azərbaycan Respublikasının ərazisində və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə, o cümlədən tullantıların idarə edilməsi sahəsində (bundan sonra - müvafiq sahə) dövlət siyasətinin müəyyənləşdirilməsi istiqamətində fəaliyyəti həyata keçirir.
1.3. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununu və digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər qanunvericilik aktlarını, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin (bundan sonra - nazir) əmr və sərəncamlarını (bundan sonra – təşkilati-sərəncamverici sənədlər) və bu Əsasnaməni rəhbər tutur.
1.4. Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin struktur bölmələri və qurumları, eləcə də mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları və qeyri hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
2. Şöbənin fəaliyyət istiqamətləri
2.0. Şöbənin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.0.1. müvafiq sahədə vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasəti həyata keçirir;
2.0.2. müvafiq sahədə ekoloji risklərin və problemlərin təhlilini və qiymətləndirilməsini həyata keçirir;
2.0.3. müvafiq sahə üzrə strateji planlamanı və dövlət proqramlarının icrasını əlaqələndirir;
2.0.4. müvafiq sahədə dövlət proqramlarının, strategiyaların və digər bu kimi strateji sənəd layihələrinin hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
2.0.5. aidiyyəti dövlət qurumları ilə birlikdə tullantısız və ya aztullantılı istehsalın inkişafının təşviqi ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin edir;
2.0.6. müvafiq sahədə həyata keçirilən dövlət siyasətinin dayanıqlı inkişaf məqsədləri və hədəfləri ilə uzlaşdırılmasını təmin edir;
2.0.7. iqtisadiyyatın müxtəlif sahələrinin dayanıqlı inkişafına, enerji və resurs səmərəliliyinə nail olmaq məqsədilə aidiyyəti qurumlarla koordinasiyalı şəkildə fəaliyyət göstərir;
2.0.8. müvafiq sahədə qurumlararası fəaliyyəti əlaqələndirir;
2.0.9. müvafiq sahədə dövlət maraqlarının qorunmasını təmin edir;
2.0.10.müvafiq sahədə dövlət tənzimləməsini və əlaqələndirməni həyata keçirir;
2.0.11.müvafiq sahənin inkişafını təmin edir.
3. Şöbənin vəzifələri
3.0. Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, şöbə aşağıdakı vəzifələri həyata keçirir:
3.0.1. müvafiq sahə üzrə dövlət siyasətinin müəyyənləşdirilməsi və həyata keçirilməsində iştirak etmək;
3.0.2. ekoloji siyasətin əsas prinsiplərinin və istiqamətlərinin müəyyənləşdirmək;
3.0.3. ətraf mühitin vəziyyətini təhlil etmək, ekoloji təhdidləri və riskləri müəyyənləşdirmək;
3.0.4. müvafiq sahədə prioritetlərin müəyyənləşdirilməsi, bunun əsasında strategiyaların, sektor strateji planların, inkişaf konsepsiyalarının, dövlət proqramlarının, fəaliyyət planlarının və s. strateji sənəd layihələrinin hazırlanmasını təmin etmək;
3.0.5. sektoral idarəetmədə strateji planlamanı həyata keçirmək;
3.0.6. strategiyaların, sektor strateji planların, inkişaf konsepsiyalarının, dövlət proqramlarının, milli fəaliyyət planlarının, tədbirlər planlarının və s. icrasını əlaqələndirmək;
3.0.7. strateji sənəd layihələrinin icrası istiqamətində illik iş planlarını tərtib etmək və həyata keçirilməsi üçün müvafiq qurumlarla birlikdə təşkilati tədbirlər görmək;
3.0.8. qəbul edilmiş strateji sənədlər üzrə hesabatların hazırlanmasında iştirak etmək;
3.0.9. müvafiq sahədə layihələrin hazırlanmasında iştirak etmək və bu layihələrin dövlət siyasətinə uyğunlaşdırılmasını təmin etmək məqsədilə təkliflər hazırlamaq;
3.0.10. tullantıların idarə olunması sahəsində dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı təkliflər hazırlamaq;
3.0.11. müvafiq sahədə dövlət tənzimləməsi mexanizmlərinin təkmilləşdirilməsinə dair təkliflər vermək;
3.0.12. tullantıların idarə edilməsi sahəsində dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsində iştirak etmək;
3.0.13. Azərbaycan Respublikası Prezidentinin müəyyənləşdirdiyi hallar istisna olmaqla, müvafiq sahəyə aid məsələlərə dair tarif siyasətinin formalaşdırılmasında iştirak etmək, dövlət tərəfindən tənzimlənən tariflər barədə təkliflər vermək, habelə dövlət tərəfindən tənzimlənməyən xidmətlər üzrə tətbiq olunan ödəniş siyasətinin formalaşmasında iştirak etmək;
3.0.14. müvafiq sahə ilə bağlı təhlillər, ümumiləşdirmələr və tədqiqatlar aparmaq, metodiki və analitik materiallar, tövsiyələr hazırlamaq, qarşıya çıxan problemlərin və çatışmazlıqların həlli yollarını prioritetləşdirmək;
3.0.15. ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi ilə bağlı təkliflər vermək;
3.0.16. ekoloji layihələr həyata keçirən təşkilatlarla əlaqələrin inkişafı üzrə təkliflər vermək;
3.0.17. ətraf mühitin mühafizəsi sahəsi üzrə Dayanıqlı İnkişaf Məqsədləri, hədəf və göstəricilərinə nail olunması istiqamətində əlaqələndirməni təmin etmək;
3.0.18. Nazirliyin müvafiq qurumu ilə birlikdə meşə sahələrinin mühafizəsi, bərpası, onlardan səmərəli istifadə və yeni meşə sahələrinin salınması sahəsində dövlət siyasətini formalaşdırmaq;
3.0.19. Nazirliyin müvafiq qurumu ilə birlikdə bioloji müxtəlifliyin, o cümlədən su bioresurslarının mühafizəsi, artırılması, xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsinin genişləndirilməsi və ekoturizmin inkişafı istiqamətində dövlət siyasətini formalaşdırmaq;
3.0.20. aidiyyəti dövlət qurumları ilə birlikdə iqtisadiyyatın müxtəlif sahələrinin dayanıqlı inkişafına nail olmaq məqsədilə təbii sərvətlərdən səmərəli istifadə, enerji səmərəliliyi və alternativ enerji mənbələrindən istifadənin artırılması istiqamətində təkliflər vermək;
3.0.21. Nazirliyin müvafiq qurumları və aidiyyəti dövlət qurumları ilə birlikdə su ehtiyatlarının qiymətləndirilməsi, mühafizəsi, tullantı sularının təkrar emalı, alternativ su mənbələrinin araşdırılması və su ehtiyatlarından dayanıqlı istifadə sahəsində dövlət siyasətini formalaşdırmaq;
3.0.22. aidiyyəti dövlət qurumları ilə birlikdə torpaq ehtiyatlarının qiymətləndirilməsi, mühafizəsi, çirklənmiş torpaqların bərpası, onlardan dayanıqlı istifadə sahəsində dövlət siyasətini formalaşdırmaq;
3.0.23. Nazirliyin struktur bölmələri və aidiyyəti dövlət qurumları ilə birlikdə atmosfer havasının keyfiyyətinin yaxşılaşdırılması, iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində beynəlxalq öhdəliklərə nail olmaq məqsədilə istixana effekti yaradan qaz tullantılarının azaldılması sahəsində dövlət siyasətini formalaşdırmaq;
3.0.24. ekoloji təhlükəsizliyin təmin edilməsi, təbii ekoloji sistemlərə təsərrüfat və digər fəaliyyət nəticəsində dəyə biləcək zərərin qarşısının alınması məqsədilə təkliflər vermək;
3.0.25. ekoloji təhlükəsizlik sahəsində müvafiq icra hakimiyyəti orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsi və bu fəaliyyətə metodiki dəstək göstərilməsi istiqamətində tövsiyələr hazırlamaq;
3.0.26. ekoloji tarazlığın təmin edilməsi məqsədilə təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlarda ekoloji menecmentin inkişaf etdirilməsi üçün təkliflər vermək;
3.0.27. fövqəladə ekoloji vəziyyətin, ekoloji fəlakət zonalarının müəyyən edilməsi və bu sahədə müvafiq dövlət tədbirlərinin həyata keçirilməsi üzrə təkliflər hazırlamaq;
3.0.28. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində baş verən ekoloji proseslərin kompleks öyrənilməsində iştirak etmək;
3.0.29. çirklənmə mənbələri üzərində aparılmış müşahidələrin nəticələri barədə təhlil olunmuş məlumatlar əsasında təkliflər hazırlamaq;
3.0.30. təbii mühitə antropogen təsirin mənfi nəticələrinin aradan qaldırılması üzrə tövsiyələr hazırlamaq;
3.0.31. ətraf mühitin ekstremal çirklənməsinin qarşısının alınması üzrə fəaliyyətlərin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;
3.0.32. əhalinin ekoloji təhsili və maarifləndirilməsi üzrə təkliflər vermək;
3.0.33. seminar, konfrans, simpozium və digər tədbirlərdə müvafiq mütəxəssislərin iştirakı haqqında təkliflər vermək;
3.0.34. Nazirliyin müvafiq qurumlarının ətraf mühitin mühafizəsi və monitorinqi sahəsində fəaliyyətinin yaxşılaşdırılması məqsədilə təkliflər vermək, onlara metodiki köməklik göstərmək;
3.0.35. vahid informasiya sisteminin formalaşdırılmasında, bu sahədə dövlət məlumatlar fondunun yaradılması və idarə edilməsində iştirak etmək;
3.0.36. Nazirliyin müvafiq qurumları tərəfindən görülmüş işlər barədə hesabatları qəbul etmək, təhlilini aparmaq;
3.0.37. Nazirin qanuni tapşırıq və göstərişlərinin icrası, Şöbənin və Nazirlik üzrə iş planlarında nəzərdə tutulmuş müvafiq tədbirlərin vaxtında yerinə yetirilməsini təmin etmək məqsədilə tədbirlər görmək;
3.0.38. daxil olan məktub, teleqram, şikayət və ərizələrə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və müddətdə baxmaq, bu istiqamətdə müvafiq tədbirlərin görülməsini təmin etmək;
3.0.39. fəaliyyət istiqamətlərinə uyğun qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
4. Şöbənin hüquqları
4.0. Şöbənin öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqları vardır:
4.0.1. fəaliyyət istiqamətləri üzrə rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə ilə bağlı hazırlanmış sənəd layihələrinin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq;
4.0.2. Nazirliyin müvafiq qurumları tərəfindən həyata keçirilən tədbirlərin təhlilini aparmaq;
4.0.3. müvafiq sahədə əsas istiqamətlərin müəyyənləşdirilməsi barədə təkliflər vermək;
4.0.4. müvafiq sahədə sənəd layihələrini hazırlamaq;
4.0.5. təbii ehtiyatlara və çirkləndirici maddələrin təbii mühitə atılmasına görə nəzərdə tutulmuş ödəniş normativlərinin təkmilləşdirilməsində iştirak etmək;
4.0.6. müvafiq sahədə normativ hüquqi aktların, normativlərin və standartların hazırlanmasında iştirak etmək;
4.0.7. fəaliyyət istiqamətlərinə uyğun konfranslarda, seminarlarda, danışıqlarda və digər tədbirlərdə qanunvericiliklə müəyyən olunmuş qaydada Nazirliyin nümayəndəsi qismində iştirak etmək;
4.0.8. bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar səlahiyyətləri daxilində Nazirliyin struktur bölmələri və qurumlarına müvafiq qaydada sorğular ünvanlamaq və onlardan müvafiq məlumatları (sənədləri) almaq;
4.0.9. Nazirliyin tabeli qurumlarından müvafiq sahədə görülmüş işlər barədə məlumat və hesabatları əldə etmək;
4.0.10. Nazirliyin struktur bölmələrində və qurumlarda idarəetmənin təkmilləşdirilməsi, səlahiyyətlərin dəqiqləşdirilməsi, fəaliyyətin yaxşılaşdırılması barədə təkliflər hazırlamaq;
4.0.11. fond materiallarından müəyyənləşdirilmiş qaydada pulsuz istifadə etmək;
4.0.12. müvafiq sahədə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin Nazirliklə əməkdaşlığını əlaqələndirmək;
4.0.13. Nazirlikdə və digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında Nazirliyi təmsil etmək, onların işində iştirak etmək;
4.0.14. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;
4.0.15. şöbənin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün təkliflər vermək;
4.0.16. fəaliyyət istiqamətlərinə uyğun qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
5. Şöbənin fəaliyyətinin təşkili
5.1. Şöbənin strukturu və əməkdaşlarının sayı nazir tərəfindən müəyyən və təsdiq edilir. Şöbə bilavasitə aparat rəhbərinə tabedir və onun qarşısında hesabat verir. Nazir tərəfindən səlahiyyət verilmiş şəxs istisna olmaqla, heç kəs şöbənin fəaliyyətinə müdaxilə edə bilməz.
5.2. Şöbənin fəaliyyətinə nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir. Şöbə müdiri şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır. Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini nazir tərəfindən təyin olunmuş digər şəxs həyata keçirir.
5.3. Şöbənin digər əməkdaşları nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.
5.4. Şöbə müdiri:
5.4.1. şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
5.4.2. tabeliyində olan sektorlar və əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edir;
5.4.3. şöbəyə həvalə olunmuş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədləri imzalayır, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə icra edilməsinə nəzarət edir;
5.4.4. şöbə üzrə Nazirliyin Kollegiyasında müzakirə olunmalı məsələləri müəyyən edir və bu barədə təkliflərini Nazirliyin rəhbərliyinə təqdim edir, şöbə tərəfindən bu Əsasnamənin 1.2- ci bəndində göstərilən qanunvericilik aktlarının və təşkilati-sərəncamverici sənədlərin vaxtında və lazımi səviyyədə icrasını təmin edir;
5.4.5. şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Nazirliyin rəhbərliyinə təqdimatlar verir;
5.4.6. şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Nazirliyin struktur bölmələri və qurumlarından zəruri məlumat və sənədləri alır və yerlərdə fəaliyyət istiqamətlərinə uyğunlaşdırma aparır;
5.4.7. şöbə üzrə daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;
5.4.8. şöbədə kargüzarlıq işlərinin aparılmasını, xidməti və məxfilik rejimini təmin edir;
5.4.9. Nazirliyin aparatının struktur bölmələrindən, qurumlarından əmr, qərar və sənədlərin icrası haqqında məlumatlar alır və yerlərdə araşdırma aparır;
5.4.10. şöbəni təmsil edir.
5.5. şöbənin əməkdaşları öz vəzifələrinin icrası zamanı fəaliyyətinin bu Əsasnamə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olmasına görə məsuliyyət daşıyır.
5.6. şöbənin hər bir əməkdaşı ona məlum olan və dövlət sirri, yaxud xidməti sirr təşkil edən məlumatların mühafizə olunmasına görə öz vəzifəsinə və səlahiyyətlərinə uyğun məsuliyyət daşıyırlar.
5.7. şöbənin strukturuna Ətraf mühit siyasəti və davamlı inkişaf sektoru, Tullantıların idarə olunması sektoru və Strateji planlama və dövlət proqramları ilə iş sektoru daxildir:
5.7.1. Ətraf mühit siyasəti və davamlı inkişaf sektoru fəaliyyət istiqamətləri nəzərə alınmaqla, bu Əsasnamənin 3.0.1, 3.0.2, 3.0.9, 3.0.15, 3.0.16, 3.0.18, 3.0.19, 3.0.20, 3.0.21, 3.0.22, 3.0.23, 3.0.27, 3.0.28, 3.0.29, 3.0.30 və 3.0.31-ci yarımbəndlərində nəzərdə tutulmuş vəzifələri həyata keçirir, digər bütün yarımbəndlərdə nəzərdə tutulmuş vəzifələrin həyata keçirilməsində iştirak edir;
5.7.2. Tullantıların idarə olunması sektoru fəaliyyət istiqamətləri nəzərə alınmaqla, bu Əsasnamənin 3.0.1, 3.0.9, 3.0.10, 3.0.11, 3.0.12, 3.0.13, 3.0.14, 3.0.29 və 3.0.31 yarımbəndlərdə nəzərdə tutulmuş vəzifələri həyata keçirir, digər bütün yarımbəndlərdə nəzərdə tutulmuş vəzifələrin həyata keçirilməsində iştirak edir;
5.7.3. Strateji planlama və dövlət proqramları ilə iş sektoru fəaliyyət istiqamətləri nəzərə alınmaqla, bu Əsasnamənin 3.0.3, 3.0.4, 3.0.5, 3.0.6, 3.0.7, 3.0.8, 3.0.14 və 3.0.17-cu yarımbəndlərində nəzərdə tutulmuş vəzifələri həyata keçirir, digər bütün yarımbəndlərdə nəzərdə tutulmuş vəzifələrin həyata keçirilməsində iştirak edir.