Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Daxili Nəzarət və audit şöbəsi haqqında
ƏSASNAMƏ
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra - Nazirlik) Aparatının müstəqil struktur bölməsi olan Daxili nəzarət və audit şöbəsinin (bundan sonra - şöbə) fəaliyyət istiqamətlərini, əsas vəzifələrini, hüquqlarını və fəaliyyətinin təşkili qaydasını müəyyən edir.
1.2.Şöbə bu Əsasnamə ilə verilən səlahiyyətlərə əsasən Nazirliyin səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar onun aparatının struktur bölmələrinin, onun strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların (bundan sonra - Nazirliyin struktur bölmələri və qurumları) funksional fəaliyyəti və həmin strukturların əməkdaşlarının xidməti fəaliyyəti üzrə daxili nəzarət tədbirlərini, o cümlədən daxili audit tədbirlərini (bundan sonra - müvafiq sahə) həyata keçirir.
1.3. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununu və digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər qanunvericilik aktlarını, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin (bundan sonra - nazir) əmr və sərəncamlarını (bundan sonra – təşkilati-sərəncamverici sənədlər) və bu Əsasnaməni rəhbər tutur.
1.4. Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin struktur bölmələri və qurumları, eləcə də mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları və qeyri hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
2. Şöbənin fəaliyyət istiqamətləri
2.0. Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.0.1. Nazirliyin struktur bölmələri və qurumlarında daxili nəzarət tədbirlərini təşkil edir və həyata keçirir;
2.0.2. şöbənin fəaliyyətini reqlamentləşdirən və tətbiq etdiyi daxili nəzarət sistemini tənzimləyən normativ-metodiki bazanı formalaşdırır və təkmilləşdirir;
2.0.3. Nazirliyin struktur bölmələri və qurumlarının işinin təşkilinə dair tədbirlərin həyata keçirilməsində iştirak edir;
2.0.4. Nazirliyin qurumlarında daxili maliyyə auditinin aparılmasını təşkil edir;
2.0.5. Nazirliyin fəaliyyəti ilə bağlı analitik iş aparır;
2.0.6. müvafiq sahənin inkişafını təmin edir;
2.0.7. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
3. Şöbənin vəzifələri
3.0. Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, şöbə aşağıdakı vəzifələri həyata keçirir:
3.0.1. normayaratma fəaliyyətindən irəli gələn vəzifələrin yerinə yetirilməsində iştirak etmək;
3.0.2. verilmiş səlahiyyətlər daxilində Nazirliyi başqa təşkilatlarda təmsil etmək;
3.0.3. Nazirliyin fəaliyyəti ilə bağlı analitik iş aparmaq;
3.0.4. Nazirliyin struktur bölmələri və qurumlarının işini əlaqələndirmək;
3.0.5. Nazirliyin struktur bölmələri və qurumlarında bu Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində daxili nəzarət tədbirləri, o cümlədən xidməti araşdırmalar, daxili audit yoxlamaları və monitorinqlər həyata keçirmək;
3.0.6. Nazirliyin struktur bölmələri və qurumları tərəfindən xidməti fəaliyyəti tənzimləyən normativ-hüquqi, digər hüquqi akt və sənədlərin tələblərinə əməl olunmasına nəzarəti həyata keçirmək;
3.0.7. Nazirliyin struktur bölmələri və qurumlarının əməkdaşlarının hərəkətləri (və ya hərəkətsizliyi) barədə vətəndaşlardan, sahibkarlıq subyektlərindən, dövlət orqan və təşkilatlarından, qurumlardan, habelə Nazirliyin struktur bölmələri və qurumlarından daxil olmuş təqdimatlar və müraciətlər üzrə qanunvericiliyə uyğun tədbirlərin görülməsini təmin etmək və nəticələri barədə Nazirliyin rəhbərliyinə təkliflər vermək;
3.0.8. "Vətəndaşların müraciətləri haqqında" və "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanunlarına əsasən dövlət qulluqçusunun əsas vəzifələri və dövlət qulluğu ilə əlaqədar məhdudiyyətlərə dair müddəalarının tələblərinin pozulması halları, habelə korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciət daxil olduqda xidməti araşdırma və yoxlamalar aparmaq;
3.0.9. səlahiyyətlərinə aid olan məsələlər üzrə nəzarətin həyata keçirilməsinin forma və metodlarını müəyyən etmək və onları təkmilləşdirmək, daxili nəzarət proqramlarını tərtib etmək, Nazirliyin qurumlarında aparılacaq daxili audit və monitorinq planlarını hazırlamaq;
3.0.10. Nazirliyin struktur bölmələri və qurumları və onların əməkdaşları tərəfindən xidməti vəzifələrin və funksiyaların icrası zamanı vətəndaşların, sahibkarlıq subyektlərinin hüquq və qanuni mənafelərinin pozulması hallarının qarşısının alınması ilə bağlı qabaqlayıcı tədbirlərə dair fəaliyyət istiqamətləri üzrə müvafiq təkliflər vermək;
3.0.11. Nazirliyin struktur bölmələri və qurumlarının əməkdaşları tərəfindən yol verilmiş korrupsiya ilə əlaqədar hüquqpozma halları, habelə daxili audit yoxlamalarının və monitorinqlərin nəticələri üzrə qanunvericiliyə uyğun olaraq xidməti araşdırmalar aparmaq;
3.0.12. Nazirin göstərişi ilə Nazirliyin struktur bölmələri və qurumları tərəfindən həyata keçirilən cari və funksional işlərin icra vəziyyətinə praktiki nəzarət etmək məqsədilə həmin tədbirlərdə iştirak etmək;
3.0.13. Nazirliyin struktur bölmələri və qurumlarının əməkdaşları tərəfindən korrupsiya hüquqpozmaları və korrupsiyaya şərait yaradan hüquqpozmalara yol verilməsinin qarşısının alınması üçün zəruri qabaqlayıcı tədbirlər görmək;
3.0.14. Nazirliyin qurumlarında maliyyə vəsaitlərindən səmərəli və təyinatı üzrə istifadə edilməsi üzrə maliyyə auditini həyata keçirmək;
3.0.15. korrupsiya ilə əlaqədar hüquqpozmalara dair daxil olmuş məlumatlar əsasında daxili nəzarət tədbirlərini həyata keçirmək və nəticələri barədə Nazirliyin rəhbərliyinə təkliflər vermək;
3.0.16. daxili nəzarət tədbirləri və auditin nəticələri əsasında cinayət tərkibinin əlamətləri olan əməllər müəyyən edildiyi halda iş üzrə materialların hüquq mühafizə orqanlarına aidiyyəti üzrə göndərilməsi barədə Nazirliyin rəhbərliyinə təqdimat vermək;
3.0.17. Nazirliyin qurumları üzrə inzibatçılığın və təşkilati - idarəetmə işlərinin təkmilləşdirilməsi istiqamətində araşdırmalar aparmaq və nəticələri üzrə Nazirliyin rəhbərliyinə təkliflər vermək;
3.0.18. daxili nəzarət tədbirlərinin nəticələri əsasında Nazirliyin qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması, mütərəqqi və müasir iş proseslərinin tətbiqi üzrə Nazirliyin rəhbərliyinə təkliflər vermək;
3.0.19. daxil olmuş müraciətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada baxılmasını və müvafiq tədbirlərin görülməsini təmin etmək;
3.0.20. fəaliyyət istiqamətləri üzrə qanunvericilik aktlarının, təşkilati-sərəncamverici sənədlərin layihələrini hazırlamaq və ya hazırlanmasında iştirak etmək;
3.0.21. fəaliyyət istiqamətləri üzrə Nazirliyin inkişaf konsepsiyasının (strateji planının) həyata keçirilməsinə köməklik göstərmək;
3.0.22. fəaliyyət istiqamətlərinə uyğun olaraq xarici dövlətlərin qabaqcıl təcrübəsini öyrənmək və yeniliklərin tətbiqi məqsədilə Nazirliyin rəhbərliyinə təkliflər vermək, onların tətbiqi ilə bağlı metodiki köməklik göstərmək;
3.0.23. audit zamanı aşkar etdiyi nöqsanların aradan qaldırılması barədə qurumlara tövsiyələr vermək;
3.0.24. Nazirliyin iş planının layihəsini tərtib etmək və Nazirliyin, o cümlədən şöbənin iş planının icrasına nəzarət etmək;
3.0.25. şöbənin əməkdaşları tərəfindən xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını təmin etmək;
3.0.26. şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin etmək;
3.0.27. aparılan daxili nəzarət, audit və monitorinqlərin nəticələrini ümumiləşdirərək Nazirliyin rəhbərliyinə müvafiq təkliflər vermək;
3.0.28. şöbənin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görür;
3.0.29. qanunvericiliklə müəyyən edilmiş qaydada şöbəyə daxil olmuş müraciətlərə baxılmasını təmin etmək;
3.0.30. fəaliyyət istiqamətlərinə uyğun qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
4. Şöbənin hüquqları
4.0. Şöbənin öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqları vardır:
4.0.1. fəaliyyət istiqamətləri üzrə Nazirliyin struktur bölmələri və qurumları tərəfindən hazırlanmış qanunvericilik aktlarının, təşkilati-sərəncamverici sənədlərin layihələrinə dair təkliflər vermək;
4.0.2. fəaliyyət istiqamətləri ilə bağlı təhlillər aparmaq;
4.0.3. xidməti zərurətlə əlaqədar qurumlara, dövlət, qeyri-dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə müvafiq qaydada sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
4.0.3. Nazirliyin struktur bölmələri və qurumlarında daxili nəzarət tədbirləri, o cümlədən daxili audit yoxlamaları, xidməti araşdırmalar, monitorinqlər və müşahidə-baxış tədbirləri həyata keçirmək, zərurət yarandığı hallarda daxili nəzarətin məqsədləri üçün Nazirliyin struktur bölmələri və qurumlarının funksional vəzifələrinə aid olan nəzarət və monitorinq tədbirlərinin həyata keçirilməsi barədə məsələ qaldırmaq;
4.0.4. daxili nəzarət tədbirinin həyata keçirilməsi üçün lazımi şərait yaratmaq və nəzarət tədbirinin vaxtında başa çatdırılmasına nəzarət etmək, eləcə də göstərilən müddət ərzində daxili nəzarət tədbirinin başa çatdırılması mümkün olmadıqda nəzarət tədbirinin müddətinin artırılması üçün Nazirliyin rəhbərliyinə müraciət etmək;
4.0.5. Nazirliyin struktur bölmələri və qurumlarının əməkdaşlarının korrupsiya ilə bağlı hüquqpozmalara yol vermə hallarına dair daxil olmuş materiallar üzrə xidməti araşdırmalar və yoxlamalar aparmaq, daxili nəzarət tədbirləri nəticəsində aşkar edilmiş hüquqpozmalar və onlara aidiyyəti olan şəxslər barədə sənədləri, hesabatları və məlumatları qurumlardan götürmək, yaranmış xidməti zərurətlə əlaqədar maneəsiz olaraq qurumların yerləşdiyi inzibati və xidməti binalara, iş yerlərinə daxil olmaq və nəzarət tədbirləri həyata keçirmək;
4.0.6. bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi məqsədilə Nazirliyin struktur bölmələri və qurumlarının əməkdaşlarını, hüquqi və fiziki şəxsləri onların nümayəndələrini və vətəndaşları şöbəyə dəvət etmək, onlardan icraatda olan iş üzrə lazımi məlumat, arayış və izahatlar almaq;
4.0.7. bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar Nazirliyin struktur bölmələri və qurumlarından şifahi və yazılı qaydada şöbənin müəyyən etdiyi formada, müddətlərdə və dövrlər üzrə arayış, məlumat, hesabat və izahatlar (o cümlədən, “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi qaydaları”na əsasən Nazirliyin işçilərinin nazir tərəfindən müəyyən olunan müvafiq quruma təqdim etdikləri maliyyə xarakterli məlumatlar haqqında sənədləri) almaq, habelə Nazirlikdə tətbiq olunan bütün elektron informasiya resurslarına daxil olmaq;
4.0.8. zərurət yarandıqda daxili nəzarət tədbirləri ilə əhatə olunmuş dövr üzrə təkrar daxili nəzarət tədbirləri həyata keçirmək;
4.0.9. daxili nəzarət tədbirlərinin xüsusiyyətləri nəzərə alınmaqla və zərurət yarandıqda Nazirliyin sturukturlarından, kənar idarə və təşkilatlardan mütəxəssis və ekspertlərin cəlb olunması üçün Nazirliyin rəhbərliyi qarşısında məsələ qaldırmaq;
4.0.10. Nazirliyin strukturlarının əməkdaşları tərəfindən qanunvericilik aktlarının, təşkilati-sərəncamverici sənədlərin tələblərinin pozulmasını doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair təkliflər vermək və zərurət yarandığı hallarda əməli köməklik göstərmək, eləcə də əməkdaşların müvafiq məsuliyyətə cəlb olunması məsələsinə baxılması barədə təqdimatlar vermək;
4.0.11. daxili nəzarət tədbirlərinin nəticələrinə əsasən Nazirliyin mənafeyini qorumaq, baş verə biləcək qanun pozuntusunun qarşısını almaq, icra və əmək intizamını təmin etmək məqsədilə qurumların əməkdaşlarının işdən müvəqqəti kənarlaşdırılması barədə rəhbərliyə təkliflər vermək;
4.0.12. qanunvericiliyə uyğun olaraq, konfidensiallıq əsasında şöbənin fəaliyyətinə kömək etməyə razılıq verən şəxslərlə əməkdaşlıq etmək;
4.0.13. Nazirliyin struktur bölmələri və qurumları tərəfindən hüquqi akt və sənədlərin hazırlanmasında iştirak etmək, onlara dair rəy və təkliflər vermək;
4.0.14. öz vəzifələrinin icrası ilə bağlı zərurət yarandıqda qurumların əməkdaşlarından xidməti vəsiqələrini təqdim etmələrini tələb etmək;
4.0.15. fəaliyyət istiqamətlərinə uyğun xarici dövlətlərin təcrübəsini öyrənmək və bu sahədə fəaliyyətin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;
4.0.16. Nazirlikdə və digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında, fəaliyyətinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli yerli və beynəlxalq tədbirlərdə Nazirliyi təmsil etmək, onların işində iştirak etmək, müvafiq sahədə mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün təkliflər vermək;
4.0.17. fəaliyyət istiqamətini əhatə edən məsələlərə dair rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;
4.0.18. müvafiq sahədə mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün təkliflər vermək;
4.0.19. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
5. Şöbənin fəaliyyətinin təşkili
5.1. Şöbənin strukturu və əməkdaşlarının sayı nazir tərəfindən müəyyən və təsdiq edilir. Nazir tərəfindən səlahiyyət verilmiş şəxs istisna olmaqla, heç kəs şöbənin fəaliyyətinə müdaxilə edə bilməz.
5.2. Şöbənin fəaliyyətinə nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir. Şöbə müdiri şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır. Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada şöbə müdirinin müavini və ya nazir tərəfindən təyin olunmuş digər şəxs həyata keçirir.
5.3. Şöbənin digər əməkdaşları nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.
5.4. Şöbə müdiri:
5.4.1. şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
5.4.2. tabeliyində olan sektorlar və əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra və etik davranış qaydalarına riayət etmələrinə nəzarət edir;
5.4.3. şöbəyə həvalə olunmuş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədləri imzalayır, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə icra edilməsinə nəzarət edir;
5.4.4. şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Nazirliyin rəhbərliyinə təqdimatlar verir;
5.4.5. şöbənin inzibati vəzifə tutan dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir;
5.4.6. şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Nazirliyin struktur bölmələri və qurumlarından zəruri məlumat və sənədləri alır və yerlərdə fəaliyyət istiqamətlərinə uyğun araşdırma aparır;
5.4.7. şöbə üzrə daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;
5.4.8. şöbədə kargüzarlıq işlərinin aparılmasını, xidməti və məxfilik rejimini təmin edir;
5.4.9. Nazirliyin aparatının struktur bölmələrindən, qurumlarından əmr, qərar və sənədlərin icrası haqqında məlumatlar alır və yerlərdə araşdırma aparır;
5.4.10. şöbəni təmsil edir.
5.5. Şöbənin əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.
5.6. Şöbənin hər bir əməkdaşı ona məlum olan və dövlət sirri, yaxud xidməti sirr təşkil edən məlumatların mühafizə olunmasına görə öz vəzifəsinə və səlahiyyətlərinə uyğun məsuliyyət daşıyırlar.
5.7. Şöbənin strukturuna İnzibati-təşkilati nəzarət sektoru və daxili audit sektoru daxildir:
6. Şöbənin strukturuna daxil olan sektorların vəzifələr
6.1. Daxili audit sektorunun vəzifələri aşağıdakılardır:
6.1.1. Daxili nəzarət məqsədləri üçün Nazirliyin strukturlarında daxili audit yoxlamaları və monitorinqlə əhatə edilməli olan fəaliyyət sahələrini müəyyən etmək, daxili auditin və monitorinqin keçirilmə metodikasını və prosedurunu hazırlamaq;
6.1.2. Daxili audit yoxlamalarının (və ya monitorinqlərin) vaxtında həyata keçirilməsinin təşkilini təmin etmək;
6.1.3. Şöbənin əməkdaşlarının peşə hazırlığının təkmilləşdirilməsi və ixtisaslarının artırılması istiqamətində Nazirliyin təmsil olunduğu təlim və tədris kurslarında iştirak edəcək əməkdaşlar barədə şöbənin rəhbərliyinə təkliflər vermək;
6.1.4. "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun dövlət qulluqçusunun əsas vəzifələri və dövlət qulluğu ilə əlaqədar məhdudiyyətlərə dair müddəalarının tələblərinin pozulması halları üzrə xidməti yoxlamalar və araşdırmalar aparmaq;
6.1.5. Nazirliyin strukturlarında çalışan əməkdaşlar barədə, o cümlədən daxili nəzarət tədbirlərinin nəticələri üzrə dövlət qulluğu, əmək və digər qanunvericilik aktlarının və bu Əsasnamənin müddəalarının pozulması ilə əlaqədar xidməti araşdırmalar aparmaq;
6.1.6. Nazirliyin strukturlarının əməkdaşları tərəfindən yol verilmiş hüquq pozuntularını ümumiləşdirmək, təhlil etmək, onların fəaliyyətində olan qanun pozuntularının profilaktikasını təmin etmək və nöqsanların baş vermə səbəb və şəraitinin aradan qaldırılması ilə bağlı preventiv tədbirlərə dair təkliflər vermək;
6.1.7. Nazirliyin strukturlarının əməkdaşlarının korrupsiya ilə əlaqədar hüquqpozmalarını, onların xidməti, əmək, icra intizamını və qanunvericilik aktlarının, təşkilati-sərəncamverici sənədlərin tələblərini pozması, Nazirlikdə dövlət qulluğu ilə bir araya sığmayan fəaliyyətlə məşğul olması hallarını araşdırmaq, cinayət tərkibinin əlamətləri müəyyən edildiyi halda cinayət təqibinin həyata keçirilməsi üçün materialların aidiyyəti üzrə göndərilməsi barədə məsələ qaldırmaq, korrupsiya ilə əlaqədar hüquqpozmalara yol vermiş əməkdaşlar barəsində qanunvericiliyə uyğun tədbirlərin görülməsini təmin etmək;
6.1.8. Daxili nəzarət tədbirlərinin nəticələri əsasında Nazirliyin strukturlarının fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması, mütərəqqi və müasir iş proseslərinin tətbiqi üzrə təkliflər vermək;
6.1.9. Nazirliyin strukturlarında aparılacaq daxili audit yoxlamalarının və monitorinqlərin planlarını tərtib etmək;
6.1.10. Şöbə tərəfindən həyata keçirilən daxili nəzarət tədbirləri nəticəsində Nazirliyin strukturlarının fəaliyyətində, habelə əməkdaşlarının vəzifələrinin icrasında aşkar olunmuş nöqsan və pozuntuları xarakterinə görə təsnifləşdirmək, nəticəsi üzrə müvafiq tədbirlərin görülməsi üçün şöbənin rəhbərliyinə təkliflər vermək;
6.1.11. Nazirliyin strukturlarının fəaliyyətində yol verilə biləcək nöqsan və çatışmazlıqların vaxtında müəyyənləşdirilməsi üçün elektron və kağız informasiya daşıyıcıları əsasında fəaliyyət göstəricilərinin ilkin təhlilini aparmaq, təhlilin nəticəsinə uyğun olaraq aidiyyəti şöbələrlə razılaşdırmaqla daxili audit yoxlaması və monitorinq planlarının layihəsini hazırlayaraq, baxılmaq üçün şöbənin rəhbərliyinə təqdim etmək;
6.1.12. Nazirliyin strukturlarında daxili nəzarət sisteminin tətbiqinə əməli və metodiki rəhbərliyi həyata keçirmək;
6.1.13. Nazirlikdə tətbiq olunan daxili nəzarət sisteminin inkişaf etdirilməsi məqsədilə digər dövlətlərin qabaqcıl təcrübəsinin öyrənilməsinə və bu sahədə yeniliklərin təbiqinə dair təkliflər vermək;
6.1.14. Şöbənin əməkdaşları tərəfindən mövcud qanunvericilik aktlarının, təşkilati-sərəncamverici sənədlərin öyrənilməsini, bununla əlaqədar müvafiq treninqlərin keçirilməsini təşkil etmək;
6.1.15. Fəaliyyət istiqamətləri üzrə qanunvericilik aktlarının, təşkilati sərəncamverici sənədlərin layihələrini hazırlamaq və ya hazırlanmasında iştirak etmək;
6.1.16. Daxili nəzarət fəaliyyətini təmin etmək üçün elektron informasiya sistemini yaratmaq;
6.1.17 Müəssənin fəaliyyətinin inkişafı və səmərəliliyinin yüksəldilməsi üçün təkliflər vermək.
6.1.18. Nəzarət və idarəetmənin səmərəliliyinin qiymətləndirilməsi və inkişafı üçün təkliflər vermək.
6.1.19. Təsərrüfat subyektinə öz məqsədlərinə nail olmaqda köməklik edən obyektiv, təminatverici məsləhət vermək.
6.1.20. Mühasibat uçotunun aparılmasının və maliyyə hesabatlarının düzgünlüyünü və etibarlılığını yoxlamaq
6.1.21. Maliyyə vəsaitlərindən səmərəli və təyinatı üzrə istifadə edilməsinin düzgünlüyünü araşdırmaq.
6.1.22. Zəruri hallarda təsərrüfat subyektinin vəzifəli şəxslərindən əlavə məlumatlar və izahatlar almaq.
6.1.23. Auditin nəticəsinə dair rəy bildirmək.
6.1.24. Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
6.2 İnzibati - Təşkilati nəzarət sektorunun vəzifələri aşağıdakılardır:
6.2.1. Nazirin, onun səlahiyyət verdiyi nazir müavininin və şöbə müdirinin göstərişi ilə və dövlət orqanlarından, Nazirliyin strukturlarından daxil olmuş və ya şöbə tərəfindən əldə edilmiş (o cümlədən, nəzarət tədbirləri vasitəsilə), kütləvi və elektron informasiya vasitələrində əks etdirilmiş məlumatlar, vətəndaşların fiziki və hüquqi şəxslərin müraciətləri, habelə məhkəmə və hüquq mühafizə orqanlarından daxil olmuş xüsusi qərarlar, təqdimatlar və sair sənədlər əsasında xidməti araşdırmalar aparmaq, müvafiq fəaliyyət sahələri üzrə daxili audit yoxlamaları və monitorinqlər həyata keçirmək, nəticələrini müvafiq qaydalara uyğun olaraq Nazirliyin rəhbərliyinə təqdim etmək;
6.2.2. Nazirliyin strukturlarının əməkdaşlarının korrupsiya ilə bağlı törədilmiş və ya hazırlanan hüquqpozmaları ilə əlaqədar daxil olmuş müraciətlərlə bağlı öz səlahiyyətləri daxilində araşdırmalar aparmaq, bununla bağlı aidiyyəti şəxslər barəsində sənədləri, hesabatları və məlumatları qanunvericiliyə uyğun tələb etmək və götürmək, zərurət olduqda yerində yoxlamalar və monitorinqlərin aparılması ilə bağlı şöbə müdirinə təklif vermək;
6.2.3. Şöbəyə daxil olmuş məktub və müraciətlər əsasında Nazirliyin strukturlarında nöqsana yol vermiş əməkdaşlardan və aidiyyəti şəxslərdən məlumat, arayış və izahatlar alaraq, yoxlamaların nəticələri barədə materialların Nazirliyin rəhbərliyinə təqdim edilməsini təşkil və təmin etmək;
6.2.4. Şöbəyə daxil olmuş məktub və müraciətlərin araşdırılması zamanı qanunvericiliyin tələblərinin pozulması, habelə vətəndaşlara, fiziki və hüquqi şəxslərə münasibətdə qanunvericiliyin düzgün tətbiq edilməməsi halları aşkar olunduqda müvafiq tədbirlərin görülməsi və zərurət yarandığı hallarda daxili audit məqsədləri üçün dövlət nəzarəti tədbirlərinin həyata keçirilməsi barədə məsələ qaldırmaq;
6.2.5. Nazirliyin strukturlarının əməkdaşları tərəfindən xidməti vəzifələrinin icrası zamanı vətəndaşların, fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin gözlənilməsi üzrə fəaliyyətlərinə nəzarəti həyata keçirmək;
6.2.6. Nazirliyin əməkdaşlarının korrupsiya ilə əlaqədar hüquqpozmaları üzrə Azərbaycan Respublikası ilə hüquqi yardım göstərilməsi barədə müqaviləsi olan xarici dövlətlərin rəsmi müraciətləri ilə bağlı araşdırmalar aparmaq;
6.2.7. Öz səlahiyyətləri daxilində daxili nəzarət tədbirləri zamanı aşkar edilmiş nöqsan və çatışmazlıqların baş vermə səbəblərini və şəraitini müəyyənləşdirmək, aradan qaldırılması prosedurları barədə şöbənin rəhbərliyinə təkliflər vermək;
6.2.8. Öz səlahiyyətləri daxilində daxili nəzarət tədbirləri zamanı Nazirliyin strukturlarının əməkdaşları tərəfindən törədilən və ya hazırlanan korrupsiya ilə bağlı hüquqpozmalara yol verilməsi halları aşkar edildikdə, materialların dərhal hüquq mühafizə orqanlarına aidiyyəti üzrə təqdim olunmasını təmin etmək;
6.2.9. Fəaliyyət istiqamətləri üzrə qanunvericilik aktlarının, təşkilati-sərəncamverici sənədlərin layihələrini hazırlamaq və ya hazırlanmasında iştirak etmək;
6.2.10. Nazirliyin strukturlarında aparılacaq daxili audit yoxlamalarının və monitorinq planlarının tərtib edilməsində iştirak etmək;
6.2.11. Zəruri hallarda təsərrüfat subyektinin vəzifəli şəxslərindən əlavə məlumatlar və izahatlar almaq.
6.2.12. Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.