Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Beynəlxalq Əməkdaşlıq Şöbəsi haqqında
ƏSASNAMƏ
1. Ümumi müddəalar
1.1. 1.1. Bu Əsasnamə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra - Nazirlik) Aparatının müstəqil struktur bölməsi olan Beynəlxalq Əməkdaşlıq şöbəsinin (bundan sonra - şöbə) fəaliyyət istiqamətlərini, əsas vəzifələrini, hüquqlarını və fəaliyyətinin təşkili qaydasını müəyyən edir.
1.2. Şöbə bu Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində beynəlxalq təşkilatlarla əlaqələrin qurulması və inkişaf etdirilməsi, Nazirliyə həvalə edilmiş beynəlxalq layihələrin idarə olunmasının təşkili və tənzimlənməsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və konvensiyalar, habelə dövlətlərarası və hökumətlərarası komissiyaların ətraf mühitin mühafizəsi üzrə yer alan istiqamətlərdə əməkdaşlığı (bundan sonra - müvafiq sahə) həyata keçirir.
1.3. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununu və digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”ni, digər qanunvericilik aktlarını, Nazirliyin Kollegiya qərarlarını, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin (bundan sonra - nazir) əmr və sərəncamlarını (bundan sonra – təşkilati-sərəncamverici sənədlər) və bu Əsasnaməni rəhbər tutur.
1.4. Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin struktur bölmələri və qurumları, eləcə də mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları və qeyri hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
2. Şöbənin fəaliyyət istiqamətləri
2.0. Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.0.1. müvafiq sahədə beynəlxalq əməkdaşlığı həyata keçirir;
2.0.2. müvafiq sahədə beynəlxalq təşkilatlarla əməkdaşlığın həyata keçirilməsi, möhkəmləndirilməsi, inkişafı, genişləndirilməsi üzrə tədbirlər görür;
2.0.3. müvafiq sahədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və konvensiyalardan irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün müvafiq tədbirlər görür;
2.0.4. Azərbaycan Respublikasının iştirak etdiyi dövlətlərarası və hökumətlərarası komissiyaların ətraf mühitin mühafizəsi üzrə yer alan istiqamətlərdə tədbirləri işləyib hazırlayır və həyata keçirir;
2.0.5. Nazirliyə həvalə edilmiş texniki yardım və ya qrant hesabına həyata keçirilən layihələrin səmərəli idarə olunmasını təmin edir;
2 2.0.6. müvafiq sahənin inkişafını təmin edir.
3. Şöbənin əsas vəzifələri
3.0. Şöbənin əsas vəzifələri aşağıdakılardır:
3.0.1. bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun qanunvericilik aktlarının, müqavilələrin (sazişlərin, konvensiyaların və s.), təşkilatisərəncamverici sənədlərin layihələrini hazırlamaq, belə layihələrin hazırlanmasında və təkmilləşdirilməsində iştirak etmək;
3.0.2. Naziriyin beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyətini hazırlamaq, icrasını təmin etmək məqsədilə kompleks tədbirləri yerinə yetirmək və bu fəaliyyətə metodiki rəhbərlik etmək;
3.0.3. müvafiq sahədə beynəlxalq öhdəliklərin icrasını təşkil etmək və bu sahədə aidiyyəti qurumların işini əlaqələndirmək;
3.0.4. müvafiq sahədə beynəlxalq təşkilatlar və xarici ölkələrin aidiyyəti qurumları və hökumətlərarası komissiyalar ilə əməkdaşlığın təkmilləşdirilməsi istiqamətində təkliflər vermək, əməkdaşlığa dair əlaqələrin yaradılmasını təmin etmək və inkişaf etdirmək;
3.0.5. Nazirliyin strukturlarının beynəlxalq əməkdaşlıqda iştirakını əlaqələndirmək;
3.0.6. ətraf mühitin mühafizəsi sahəsində texniki yardım və qrant hesabına həyata keçirilən beynəlxalq layihələrdə iştirak etmək və bu sahədə dövlət siyasətinin formalaşdırılması üçün təkliflər vermək;
3.0.7. Azərbaycan Respublikasının tərəfdar çıxdığı ətraf mühitin mühafizəsinə dair beynəlxalq sazişlər, konvensiya, protokol və digər beynəlxalq müqavilələr üzrə öhdəlik və vəzifələrin yerinə yetirilməsi üçün təkliflər vermək;
3.0.8. müvafiq sahədə Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiyaların əlaqələndirilməsini təmin etmək;
3.0.9. konvensiyalar və beynəlxalq layihələr üzrə milli əlaqələndiricilərin fəaliyyətini tənzimləmək;
3.0.10. müvafiq sahədə ikitərəfli və çoxtərəfli əlaqələr, dövlətlərarası və hökumətlərarası komissiyaların, beynəlxalq müqavilələr və konvensiyaların fəaliyyəti üzrə mövcud vəziyyəti araşdırmaq və nəticələrinə dair arayışlar, təkliflər və icmal hesabatlar hazırlamaq;
3.0.11. beynəlxalq donor təşkilatlar, maliyyə institutları və digər xarici donorlarla əməkdaşlığı həyata keçirmək, texniki yardım və qrantların cəlb edilməsi üçün prioritet sahələrin müəyyənləşdirilməsi ilə bağlı təkliflər vermək və idarə olunmasını təmin etmək;
3.0.12. beynəlxalq müqavilələrdən (sazişlərin, konvensiyaların və s.) və beynəlxalq təşkilatlar çərçivəsində qəbul olunmuş digər sənədlərdən irəli gələn öhdəliklərin icrasına Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun nəzarəti həyata keçirmək, ölkənin qeyd olunan sənədlərdə iştirakının məqsədəuyğunluğuna dair rəy vermək;
3.0.13. Nazirliyin fəaliyyət istiqamətləri üzrə keçirilən beynəlxalq forum, konfrans, sərgi, digər tədbirlərdə iştirak etmək və bu kimi tədbirlərin ölkədə keçirilməsinə dair təklif vermək;
3.0.14. Nazirliyin fəaliyyəti barədə beynəlxalq təbliğat və təşviqat işini əlaqələndirmək, habelə zəruri məlumatların beynəlxalq, regional və digər xarici təşkilatlarda yayılması üçün tədbirlər görmək;
3.0.15. Nazirliyin nümayəndələrinin müvafiq sahə üzrə təşkil edilən beynəlxalq və regional miqyaslı beynəlxalq tədbirlərdə ( konfrans, konqres, simpozium, sammit, seminar, iclas, görüş, təqdimat mərasimi, sərgi, rəsmi və işgüzar ziyafətlər) iştirakını təmin etmək və bununla əlaqədar təkliflər hazırlamaq, nazirliyin struktur bölmə və qurumlarının rəhbərlərinin təklifləri əsasında təqdimatlar hazırlamaq;
3.0.16. müvafiq sahədə fəaliyyəti təkmilləşdirmək məqsədilə xarici ölkələrdən mütəxəssislər cəlb etmək, Nazirliyin əməkdaşlarının xarici ölkələrdəki ixtisasartırma və təhsil kurslarına göndərilməsini təmin etmək;
3.0.17. xarici ölkələrdən dəvət edilən şəxslərin ölkəyə səfərlərinin təşkilinə və bununla əlaqədar zəruri tədbirlərin həyata keçirilməsinə rəhbərlik və nəzarət etmək;
3.0.18. xarici ölkələrin müvafiq qurumları ilə hökumətlərarası sazişlərin (o cümlədən, müqavilə, anlaşma memorandumu, niyyət protokolu və s.) hazırlanmasına rəhbərlik etmək və bu sənədlərin hazırlanması üzrə xaricə ezam olunan nümayəndələrin tərkibində, eləcə də bu məqsədlə xaricdən gələn xarici ölkə nümayəndə heyətləri ilə danışıqlarda və müzakirələrdə Nazirliyi təmsil edəcək əməkdaşları müəyyən etmək;
3.0.19. xarici əlaqələrin və beynəlxalq əməkdaşlığın genişləndirilməsi məqsədilə müvafiq sahədə beynəlxalq və regional miqyaslı tədbirləri (konfrans, konqres, simpozium, sammit, seminar, iclas, görüş, təqdimat mərasimi, sərgi, rəsmi və işgüzar tədbirlər) təşkil etmək;
3.0.20. Nazirliyin kollegiya iclasları üçün beynəlxalq əlaqələrin inkişaf etdirilməsi ilə əlaqədar yerinə yetirilmiş işlər və nəzərdə tutulan tədbirlər haqqında hesabatlar hazırlamaq;
3.0.21. müvafiq sahədə ikitərəfli və çoxtərəfli əlaqələr, dövlətlərarası və hökumətlərarası komissiyaların fəaliyyəti sahələrində təkliflər vermək, bununla bağlı keçirilən danışıqlarda iştirak etmək;
3.0.22. fəaliyyət istiqamətləri üzrə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin (sazişlərin) icrasına nəzarət etmək və həmin müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsi üçün tədbirlər görmək;
3.0.23. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası üzrə fəaliyyətləri, o cümlədən iqlim dəyişmələrinə təsirin yumşaldılması və adaptasiya sahəsində aidiyyəti qurumların işini əlaqələndirmək;
3.0.24. fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə qanunvericiliyə uyğun olaraq baxılmasını təmin etmək;
3.0.25. fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını təmin etmək;
3.0.26. şöbənin iş planını, fəaliyyəti ilə bağlı hesabatları hazırlamaq;
3.0.27. şöbənin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
3.0.28. fəaliyyət istiqamətlərinə uyğun qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
4. Şöbənin hüquqları
4.0 Şöbə bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
4.0.1. fəaliyyət istiqamətləri uyğun Nazirliyin struktur bölmələrinə, qurumlara, dövlət, qeyri-dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə müvafiq qaydada sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
4.0.2. Nazirliyə ünvanlanmış və icrası şöbəyə həvalə edilmiş müraciətlərə baxmaq, araşdırmalar aparmaq və bu sahədə Nazirliyin aparatının struktur bölmələrinin və vəzifəli şəxslərinin iştirakının təmin edilməsi üçün təkliflər vermək;
4.0.3. fəaliyyət istiqamətlərinə uyğun Nazirliyi dövlət orqanları, yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları, KİV-lər, hüquqi və fiziki şəxslər qarşısında, o cümlədən, digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında təmsil etmək;
4.0.4. fəaliyyət istiqamtlərinə uyğun dövlət və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əməkdaşlıq etmək;
4.0.5. müvafiq sahədə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;
4.0.6. beynəlxalq müqavilələrin layihələrini hazırlamaq, yaxud hazırlanmasında iştirak etmək;
4.0.7. Nazirliyin fəaliyyət istiqamətləri üzrə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr üzrə öhdəliklərin icrasına nəzarət etmək;
4.0.8. xarici dövlətlərin və beynəlxalq təşkilatların müvafiq sahədə təcrübələrinə əsasən fəaliyyətin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;
4.0.9. xarici dövlətlərin aidiyyəti orqanları və qurumları ilə, beynəlxalq təşkilatlarla, xarici hüquqi və fiziki şəxslərlə danışıqlar aparmaq;
4.0.10. beynəlxalq konvensiyalar və layihələr üzrə milli əlaqələndiricilərdən bu istiqamətdəki fəaliyyətləri barədə hesabatların qəbulunu həyata keçirmək;
4.0.11. beynəlxalq təşkilatlarla əməkdaşlıq üçün əhəmiyyət kəsb edən layihələrin müəyyənləşdirilməsi üzrə təkliflər vermək, onların tərəfdaşlıq proqramlarında, təsisat və institutlarının təşəbbüs və tədbirlərində iştirak etmək;
4.0.12. Nazirliyin rəhbərliyinin razılığı ilə şöbənin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı şəhərlərarası və beynəlxalq telefon danışıqları aparmaq;
4.0.13. Nazirin əmr və göstərişləri ilə nəzərdə tutulmuş başqa tapşırıqları həyata keçirmək;
4.0.14. Nazirlikdə həyata keçirilən rəsmi və işgüzar qəbullarda, görüşləri təşkil etmək;
4.0.15. fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə rəy vermək, təhlillər, ümumiləşdirmələr, monitorinqlər və tədqiqatlar aparmaq, analitik materiallar hazırlamaq, şöbəyə daxil olmuş sənədləri icra etmək;
4.0.16. müvafiq sahədə mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün təkliflər vermək;
4.0.17. fəaliyyət istiqamətlərinə uyğun qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
5. Şöbənin fəaliyyətinin təşkili
5.1. Şöbənin strukturu və əməkdaşlarının sayı nazir tərəfindən müəyyən və təsdiq edilir. Şöbə bilavasitə Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavininə tabedir və onun qarşısında hesabat verir. Nazir tərəfindən səlahiyyət verilmiş şəxs istisna olmaqla, heç kəs şöbənin fəaliyyətinə müdaxilə edə bilməz.
5.2. Şöbənin fəaliyyətinə nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir. Şöbə müdiri şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır. Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini nazir tərəfindən təyin olunmuş digər şəxs həyata keçirir.
5.3. Şöbənin digər əməkdaşları nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.
5.4. Şöbə müdiri:
5.4.1. şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
5.4.2. tabeliyində olan sektorlar və əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edir;
5.4.3. şöbəyə həvalə olunmuş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədləri imzalayır, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə icra edilməsinə nəzarət edir;
5.4.4. Nazirliyin rəhbərliyinə təkliflərini təqdim edir, şöbə tərəfindən bu Əsasnamənin 1.2-ci bəndində göstərilən qanunvericilik aktlarının və təşkilati-sərəncamverici sənədlərin vaxtında və lazımi səviyyədə icrasını təmin edir;
5.4.5. şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Nazirliyin rəhbərliyinə təqdimatlar verir;
5.4.6. şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Nazirliyin struktur bölmələri və qurumlarından zəruri məlumat və sənədləri alır və yerlərdə fəaliyyət istiqamətlərinə uyğun araşdırma aparır;
5.4.7. şöbə üzrə daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;
5.4.8. şöbədə kargüzarlıq işlərinin aparılmasını, xidməti və məxfilik rejimini təmin edir;
5.4.9. şöbəni təmsil edir.
5.5. Şöbənin əməkdaşları öz vəzifələrinin icrası zamanı fəaliyyətinin bu Əsasnamə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olmasına görə məsuliyyət daşıyır.
5.6. Şöbənin hər bir əməkdaşı ona məlum olan və dövlət sirri, yaxud xidməti sirr təşkil edən məlumatların mühafizə olunmasına görə öz vəzifəsinə və səlahiyyətlərinə uyğun məsuliyyət daşıyırlar.
5.7. Şöbənin strukturuna İqlim dəyişmələri və beynəlxalq təşkilatlarla iş sektoru və Beynəlxalq müqavilələr sektoru daxildir;
5.7.1. İqlim dəyişmələri və beynəlxalq təşkilatlarla iş sektoru fəaliyyət istiqamətləri nəzərə alınmaqla, bu Əsasnamənin 3.0.1, 3.0.2, 3.0.3, 3.0.4, 3.0.5, 3.0.6, 3.0.9, 3.0.11, 3.0.12, 3.0.13, 3.0.14, 3.0.15, 3.0.16, 3.0.17, 3.0.19, 3.0.20, 3.0.23, 3.0.24, 3.0.25, 3.0.26, 3.0.27 və 3.0.28-ci yarımbəndlərində nəzərdə tutulmuş vəzifələri həyata keçirir, 3.0.7, 3.0.8, 3.0.10, 3.0.18, 3.0.21, 3.0.22-ci yarımbəndlərində nəzərdə tutulmuş vəzifələrin həyata keçirilməsində iştirak edir;
5.7.2. Beynəlxalq müqavilələr sektoru fəaliyyət istiqamətləri nəzərə alınmaqla, bu Əsasnamənin 3.0.1, 3.0.2, 3.0.3, 3.0.4, 3.0.5, 3.0.7, 3.0.8, 3.0.9, 3.0.10, 3.0.12, 3.0.13, 3.0.14, 3.0.15, 3.0.16, 3.0.17, 3.0.18, 3.0.19, 3.0.20, 3.0.21, 3.0.22, 3.0.23, 3.0.25, 3.0.26, 3.0.27, 3.0.28 və 3.0.29-cu yarımbəndlərində nəzərdə tutulmuş vəzifələri həyata keçirir, 3.0.6, 3.0.11-ci yarımbəndlərində nəzərdə tutulmuş vəzifələrin həyata keçirilməsində iştirak edir.