Azərbaycan Respublikası Ekolojiya və Təbii Sərvətlər Nazirliyinin Aparatı haqqında
ƏSASNAMƏ
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra – Nazirlik) Aparatı Nazirliyin vəzifə, funksiya və səlahiyyətlərinin həyata keçirilməsini təmin edən dövlət qulluqçularından ibarət struktur bölmələrini (şöbə və sektorları) özündə birləşdirən struktur vahididir.
1.2. Nazirliyin Aparatı öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Nazirlik haqqında Əsasnaməni, Nazirliyin Kollegiya qərarlarını, əmr və sərəncamlarını (bundan sonra – Nazirliyin hüquqi aktları) və bu Əsasnaməni rəhbər tutur.
1.3. Nazirliyin Aparatı öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin struktur bölmələri, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumları (bundan sonra – Nazirliyin struktur bölmələri və qurumları), eləcə də Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikası Prezidenti Administrasiyası, dövlət orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.4. Nazirliyin Aparatı müstəqil balansa, qanunvericiliyə uyğun istifadəsində (sərəncamında) olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və Azərbaycan və ingilis dillərində öz adı həkk olunmuş möhürə, kargüzarlıq xidmətinin gerbsiz möhürünə, müvafiq ştamplara və blanklara malikdir.
1.5. Nazirliyin Aparatının saxlanma xərcləri və fəaliyyəti, maddi-texniki təminatı Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunla nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir.
1.6. Nazirliyin Aparatı Bakı şəhərində yerləşir.
2. Nazirliyin Aparatının fəaliyyət istiqaməti
2.1. Nazirliyin Aparatının fəaliyyət istiqaməti Nazirlik haqqında Əsasnamədə təsbit olunmuş vəzifə və hüquqların (bundan sonra - Nazirliyin səlahiyyətləri) Nazirlik tərəfindən həyata keçirilməsini təşkil və təmin etməkdən ibarətdir.
3. Nazirliyin Aparatının vəzifələri
3.0. Nazirliyin Aparatı bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun aşağıdakı vəzifələri yerinə yetirir:
3.0.1. Nazirliyin səlahiyyətlərinin həyata keçirilməsini təmin etmək üçün bilavasitə, yaxud Nazirliyin struktur bölmələri və qurumlarını cəlb etməklə müvafiq tədbirlər görmək;
3.0.2. Nazirliyin, o cümlədən nazirin və nazir müavinlərinin fəaliyyətinin hüquqi, analitik-informasiya və təşkilati-texniki təminatını həyata keçirmək;
3.0.3. Nazirliyin fəaliyyəti haqqında hesabatların hazırlanmasını təmin etmək;
3.0.4. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Nazirliyin hüquqi aktlarının, habelə Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırıq və göstərişlərinin icrası ilə əlaqədar Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Nazirliyin hüquqi akt layihələrini hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;
3.0.5. Nazirliyin hüquqi akt layihələrinə dair “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda nəzərdə tutulmuş məcburi ekspertizaların keçirilməsini və müvafiq rəylərin hazırlanmasını təmin etmək;
3.0.6. Nazirlik tərəfindən hazırlanmış normativ hüquqi aktların layihələrini “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 48-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin2011-ci il 27 iyul tarixli 483 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.12-ci bəndinə uyğun normayaratma orqanına təqdim olunmasını təmin etmək;
3.0.7. Nazirliyin normativ hüquqi aktının Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün kağız və elektron daşıyıcılarda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsi üçün tədbirlər görmək;
3.0.8. Nazirliyin hüquqi akt layihələrini hazırlamaq və Nazirliyin struktur bölmələri və qurumları tərəfindən hazırlanmış layihələrin ekspertizasını keçirmək;
3.0.9. Nazirin və nazir müavinlərinin tapşırıqlarını həyata keçirmək;
3.0.10. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, habelə nazirin və nazir müavinlərinin tapşırıqlarının icrasını təşkil etmək;
3.0.11. Nazirlikdə baxılmış məsələlər haqqında məlumatları qanunvericiliyə, Nazirliyin hüquqi aktlarına, nazirin və ya nazir müavinlərinin göstərişlərinə uyğun olaraq, dövlət orqan və qurumlarına, Azərbaycan Pespublikasının Prezidenti və Nazirlər Kabineti tərəfindən yaradılan publik hüquqi şəxslərə və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, habelə müraciət (sorğu) etmiş şəxslərə göndərmək;
3.0.12. Nazirlikdə keçirilən iclaslarda iştirak edən şəxslərin qeydiyyatının aparılmasını təmin etmək;
3.0.13. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin hüquqi aktlarının və tapşırıqlarının, Nazirliyin hüquqi aktlarının, habelə nazirin və nazir müavinlərinin, Nazirliyin Aparat rəhbərinin göstərişlərinin Nazirliyin Aparatının struktur bölmələri struktur bölmələri və qurumları tərəfindən icrasına nəzarəti təşkil və təmin etmək;
3.0.14. Nazirliyin kollegiya iclaslarının, nazirin, nazir müavinlərinin və ya Aparat rəhbərinin sədrlik etdiyi iclasların, habelə Nazirliyin Aparatında təşkil edilən digər görüş və müşavirələrin hazırlanması və maddi-texniki təchizatını təmin etmək, eləcə də belə iclas, görüş, müşavirə və digər tədbirlərdə müzakirə ediləcək məsələlərlə bağlı sənədləri hazırlamaq;
3.0.15. Nazirliyin hüquqi aktlarını, o cümlədən nazirin, nazir müavinlərinin və Aparat rəhbərinin sədrlik etdikləri iclasların protokollarını, habelə nazirin və nazir müavinlərinin imzaladığı digər sənədləri rəsmiləşdirmək;
3.0.16. Nazirin, nazir müavinlərinin, habelə Aparat rəhbərinin çıxışlarını və məruzələrini hazırlamaq;
3.0.17. Nazirin və nazir müavinlərinin səfərlərini, habelə onların iştirakı ilə keçirilən tədbirlərin protokol təminatını təşkil etmək;
3.0.18. Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin imzalanması və təsdiq olunması üçün tədbirlər görmək;
3.0.19. Nazirliyin normativ hüquqi aktlarını rəsmi şərh etmək, hüquqi aktları izah etmək;
3.0.20. dövlət orqan və qurumlarından, beynəlxalq və yerli təşkilatlardan, fiziki və hüquqi şəxslərdən daxil olan məlumat və təklifləri təhlil edib ümumiləşdirərək, nazirə və nazir müavinlərinə təqdim etmək;
3.0.21. Nazirliyin kollegiya iclaslarını təşkil etmək, kollegiya iclasının gündəliyini kollegiyanın sədri ilə razılaşdırmaq;
3.0.22. Nazirliyin Aparatının fəaliyyəti haqqında əhalinin məlumatlandırılması, internet saytının yaradılması, Nazirliyin malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsi və bu informasiyanın daim yenilənməsini təmin etmək;
3.0.23. Nazirliyin qurumlarının işini əlaqələndirmək və onların fəaliyyətinə funksional nəzarəti və rəhbərliyi həyata keçirmək;
3.024. Nazirliyin Aparatının əməkdaşlarını təlimlərə cəlb etmək və bu məqsədlə ezam, həmçinin əməkdaşların ixtisasının artırılması və əlavə təhsili üçün tədbirlər görmək;
3.0.25. Nazirliyin Aparatında kargüzarlığı təşkil etmək, əmək və icra intizamına riayət olunması üzrə işin təşkili vəziyyətini yoxlamaq;
3.0.26. fiziki və hüquqi şəxslərdən daxil olmuş müraciətləri (sorğuları) təhlil etmək və onlara baxılmasını təmin etmək, fiziki şəxslərin qəbulunu həyata keçirmək;
3.0.27. Nazirliyin Aparatının maliyyə, təsərrüfat və maddi-texniki təminatı məsələlərini həll etmək;
3.0.28. Nazirliyin vahid kompüter şəbəkəsinin, informasiya və proqram təminatının yaradılmasını və təkmilləşdirilməsini təmin etmək, elektron xidmətlərinin təmin olunması və təkmilləşdirilməsi üzrə fəaliyyəti əlaqələndirmək, Nazirliyin rəsmi internet səhifəsinin, elektron poçt ünvanlarının fəaliyyətinin tənzimlənməsi, informasiya təhlükəsizliyinin təmini ilə əlaqədar tədbirləri görmək;
3.0.29. Nazirliyin dövlət qulluğu və kadr işinin, əmək münasibətlərinin tənzimlənməsi və təkmilləşdirilməsi işlərini təmin etmək;
3.0.30. bu Əsasnamə, Nazirlik haqqında Əsasnamə, habelə Azərbaycan Respublikası Prezidentinin, Nazirlər Kabinetinin və Nazirliyin hüquqi aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
4. Nazirliyin Aparatının hüquqları
4.0. Nazirliyin Aparatı öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:
4.0.1. Nazirliyin səlahiyyətlərinin həyata keçirilməsinə dair təkliflər vermək;
4.0.2. müvafiq hüquqi aktların layihələrini hazırlamaq və aidiyyəti dövlət orqanları ilə razılaşdırmaq, habelə onların hazırlanmasında iştirak etmək;
4.0.3. təhlillər aparmaq, təkliflər, tövsiyələr, rəylər, arayışlar, analitik və digər yönümlü materiallar hazırlamaq, onları nazirə və nazir müavinlərinə təqdim etmək;
4.0.4. Nazirliyin hüquqi aktları ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində qeyri-hökumət təşkilatları, beynəlxalq təşkilatlar və xarici ölkələrin dövlət orqanları ilə əməkdaşlıq etmək, əməkdaşlığa dair təkliflər hazırlamaq;
4.0.5. Nazirliyin hüquqi aktları ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində beynəlxalq, ölkə və ya region miqyaslı tədbirlərdə iştirak etmək;
4.0.6. hər hansı məsələnin araşdırılması və ya həlli üçün aidiyyəti dövlət orqanlarının, habelə müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin əməkdaşlarını, müstəqil ekspert və mütəxəssisləri cəlb etməklə işçi qruplar yaratmaq;
4.0.7. dövlət və yerli özünüidarəetmə orqanlarına, müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrinə, habelə fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə yazılı və ya şifahi sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
4.0.8. müxtəlif görüşlər, iclaslar, müşavirələr və digər tədbirlər keçirmək;
4.0.9. Nazirliyin struktur bölmələrinin və qurumlarının iclaslarında iştirak etmək;
4.0.10. Nazirliyin Aparatının əməkdaşlarının sosial vəziyyətinin, əmək şəraitinin yaxşılaşdırılması barədə aidiyyəti üzrə təkliflər vermək;
4.0.11. bu Əsasnamə, Nazirlik haqqında Əsasnamə, habelə Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Nazirliyin hüquqi aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
5. Nazirliyin Aparatının fəaliyyətinin təşkili
5.1. Nazirliyin Aparatı fəaliyyətini Aparatın struktur bölmələri vasitəsilə həyata keçirir.
5.2. Nazirliyin Aparatının struktur bölmələri kurasiya üzrə vəzifə bölgüsünü rəhbər tuturlar.
5.3. Nazirliyin Aparatının işçilərinin say həddini Azərbaycan Respublikasının Prezidenti müəyyən edir.
5.4. Nazirliyin Aparatına Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Aparat rəhbəri rəhbərlik edir. Aparat rəhbəri ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
5.5. Nazirliyin Aparatının inzibati vəzifə tutan digər işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Nazirlik haqqında Əsasnaməyə uyğun həyata keçirilir.
5.6. Aparat rəhbəri nazirə və nazir müavinlərinə tabedir.
5.7. Aparat rəhbəri:
5.7.1. Nazirliyin Aparatının fəaliyyətini təşkil edir və ona rəhbərlik edir, habelə kurasiya üzrə Nazirliyin Aparatının struktur bölmələrinin rəhbərlərinin işini əlaqələndirir, onlara müvafiq tapşırıqlar verir;
5.7.2. Nazirin sədrlik etdiyi Nazirliyin iclasları, habelə nazirin və nazir müavinlərinin rəhbərliyi ilə keçirilən görüş, müşavirə və digər tədbirləri təşkil edir;
5.7.3. Kurasiya üzrə Nazirliyin Aparatının struktur bölmələrinin fəaliyyət istiqamətlərinə dair təklifləri təsdiq olunmaq üçün nazirə təqdim edir;
5.7.4. Nazirliyin Aparatını təmsil edir;
5.7.5. Nazirin və nazir müavinlərinin tapşırıqlarının icrasını təşkil edir;
5.7.6. Nazirliyin səlahiyyətlərinin həyata keçirilməsi üçün Nazirliyin Aparatının struktur bölmələrinə və qurumlara müvafiq tapşırıqlar verir, bu tapşırıqların icrasına nəzarət edir və onlardan zəruri məlumatlar alır;
5.7.7. Nazirliyin Aparatının struktur bölmələrinin, həmçinin Nazirliyin tabeliyində olan qurumların işini əlaqələndirir və onların fəaliyyətinə nəzarəti həyata keçirir;
5.7.8. “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, Nazirliyin Aparatında məxfiləşdirilməli məlumatların siyahısının hazırlanmasını və təsdiq üçün nazirə təqdim olunmasının təmin edilməsini təşkil edir, dövlət sirrinin mühafizəsinin təmin olunmasına nəzarət edir;
5.7.9. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, Nazirliyin Aparatında informasiyanın əldə olunmasına məhdudiyyət qoymaq yolu ilə onu xidməti istifadə üçün nəzərdə tutulması barədə təklifləri nazirə təqdim edir;
5.7.10. Nazirliyin Kollegiya iclaslarının gündəliyi layihəsinin hazırlanmasını və müvafiq materiallarla birlikdə nazirə təqdim edilməsini təşkil edir;
5.7.11. Nazirliyin iclaslarında kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı, video və foto çəkilişlər, habelə səsyazma aparılması qaydasını müəyyən edir;
5.7.12. Nazirlik tərəfindən təşkil olunan iclaslarda iştirak edir;
5.7.13. Nazirliyin Aparatının əməkdaşlarının maddi təminatının, əmək və sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə nazirə təkliflər verir;
5.7.14. bu Əsasnamə, Nazirlik haqqında Əsasnamə, Nazirliyin hüquqi aktları, eləcə də nazirin və nazir müavinlərinin tapşırığı ilə müəyyən edilən digər səlahiyyətləri həyata keçirir.
5.8. Aparat rəhbəri öz vəzifələrini yerinə yetirə bilmədikdə, ezamiyyətdə və ya məzuniyyətdə olduqda, onun səlahiyyətlərini nazir tərəfindən müəyyən edilmiş şəxs həyata keçirir.
5.9. Aparatın əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.