Bəndovan Dövlət Təbiət Yasaqlığı

1961-ci ilin noyabr ayında Salyan və Qaradağ rayonlarının ərazisində yaradılmışdır. Yasaqlığın yaradılmasında əsas məqsəd bu ərazidəki ceyranları və digər məməli heyvanları, köçəri quş növlərini və digər oturaq quş növlərini qoruyub artırmaqdır. Sahəsi 4930 hektardır.

Yasaqlığın ərazisi heyvanlar aləmi ilə zəngindir. Burada məməlilərdən ceyran (Gazella subgutturosa), boz dovşan (Lepus europaeus), adi tülkü (Vulpes vulpes), adi çaqqal (Canis aureus), boz canavar (Canis lupus), adi porsuq (Meles meles)  və s. rast gəlinir. Xəzər dənizinin sahil sularında Xəzər suiti (Phoca caspica), çoxlu müxtəlif balıqlar  yayılmışdır. Ərazidə quşlardan qu quşu (Cygnus sp.), yaşılbaş ördək (Anas platyrhynchos), qırmızıbaş dalğıc (Aythya ferina), müxtəlif növ vağlar, kiçik qarabatdaq (Microcarbo pygmaeus), adi qaşqaldaq (Fulica atra), adi bəzgək (Tetrax tetrax),adi  turac (Francolinus francolinus), adi bildirçin (Coturnix coturnix) və s. yayılmışdır.