Bəbirlərin populyasiyasının bərpası
Azərbaycanda bəbirin keçmiş arealı Böyük və Kiçik Qafqazı, Alazan çayı vadisini, Talış və Araz çayının orta hissəsini (Naxçıvan MR), bu yaxınlara qədər isə Talışın Azərbaycan hissəsi daxil olmaqla, demək olar ki, bütün Kiçik Qafqazı əhatə edirdi. Daha sonra Azərbaycanda bəbirin arealı sürətlə kiçilməyə başladı. Hal-hazırda, bu növ yalnız Talış dağlarında (Lənkəran, Astara və Lerik rayonlarında), Zəngəzur (Kiçik Qafqazın cənub-şərq hissəsində (Zəngilan, Qubadlı rayonlarında), Qarabağ və Naxçıvan dağlarında (Zəngəzur mahalının Naxçıvana aid olan hissəsində) qeydə alınmışdır.
Cənubi Qafqazda bəbir populyasiyasının mühafizəsi və bərpası istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən IDEA İctimai Birliyinin və Ümumdünya Vəhşi Təbiəti Mühafizə İttifaqının (WWF) dəstəyi ilə bəbirlərin populyasiyasının bərpası ilə bağlı layihə çərçivəsində görülən işlər nəticəsində bəbirlərin yayılma arealı dəqiq müəyyənləşdirilmişdir. Belə ki, ölkədə bəbirlərin sayında artım müşahidə olunaraq davamlı populyasiyasının yarandığı faktlarla sübuta yetirilərək, müasir texnologiyalar (fototələlər) istifadə olunmaqla bəbirin demək olar ki, ölkədə yaşadığı bütün areallarında (Zəngəzur Milli Parkında 13, Hirkan Milli Parkında 5 baş bəbir qeydə alınmışdır) fotoşəkilləri çəkilmişdir. Bundan əlavə, bəbirlərin mühafizə strategiyası çərçivəsində, xüsusi mühafizə olunan ərazilərin yaradılması və genişləndirilməsi, onların potensialının gücləndirilməsi və yerli əhalinin maarifləndirməsinin artırılması işləri aparılmışdır. Hazırda bu istiqamətdə fəaliyyət davam etdirilir.