Etik davranış qaydaları

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri üçün etik davranış qaydaları
 
  1. Ümumi müddəalar
1.1. “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri üçün etik davranış Qaydaları” (bundan sonra – Qaydalar) “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.8-ci maddəsinin icrası məqsədilə hazırlanmışdır.
1.2. Bu Qaydalar “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının qanunlarına, dövlət qulluğunu tənzimləyən digər qanunvericilik aktlarına, korrupsiyaya qarşı mübarizə haqqında qanunvericiliyə uyğun hazırlanmaqla Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparatında, strukturuna daxil olan və ya daxil olmayan tabeliyindəki qurumlarında (bundan sonra – Nazirlik sistemi) fəaliyyət göstərən işçilərin (bundan sonra- işçilər) qulluq etikası və xidməti davranış normalarını, prinsiplərini və onlara əməl edilməsi ilə bağlı münasibətləri müəyyən edir.
1.3. İşçi öz fəaliyyətində insan və vətəndaş hüquqları və azadlıqlarına hörmət, qanunçuluq, humanizm və digər demokratik prinsipləri, yüksək etik davranış normalarını rəhbər tutaraq bu Qaydalara əməl etməyə borcludur.
1.4. Bu Qaydaların tətbiq edilməsinin əsas məqsədi Nazirliyin nüfuzunun artırılması, Nazirliyə və işçiyə ictimai etimadın yüksəldilməsi, onların fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması, Nazirlik sistemində korrupsiyanın və işçilərin fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması, işçi tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi, işçidən gözlənilən davranış barədə vətəndaşların məlumatlandırılması imkanlarının genişləndirilməsindən və Nazirliyin, işçinin fəaliyyətinin qiymətləndirilməsinə vətəndaşların təsiri imkanlarının genişləndirilməsindən ibarətdir.
1.5. Bu Qaydalar işçinin Nazirliyə, digər işçilərə, fiziki və hüquqi şəxslərə, münasibətdə riayət etməli olduğu etik davranış qaydalarını, bu Qaydalara əməl olunmasına nəzarət və onun pozulmasına görə məsuliyyət, habelə işçinin fiziki və hüquqi şəxslərin təzyiq və qeyri-etik davranışlarından müdafiə olunması məsələlərini tənzimləyir.
1.6. İşçi dövlətçiliyi, qanunun aliliyini və insan hüquqlarını rəhbər tutaraq xidməti fəaliyyəti (vəzifə funksiyalarının yerinə yetirilməsi zamanı qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələrin həyata keçirilməsi ilə əlaqədar fəaliyyəti) zamanı, eləcə də xidməti fəaliyyətindən kənar davranışlarında bu Qaydaların tələblərinə əməl etməlidir.

  1. İşçinin etik davranış prinsipləri
2.0. Bu Qaydalar aşağıdakı prinsipləri rəhbər tutmaqla işçinin etik davranış qaydalarını müəyyən edir:
2.0.1. Dövlətçilik və ictimai mənafenin qorunması - dövlətçiliyə yüksək hörmət nümayiş etdirilməsi, dövlətin maraqlarının və nüfuzunun uca tutulması, ictimai mənafenin gözlənilməsi;
2.0.2. Vicdanlılıq və dürüstlük - vəzifə funksiyalarının şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə səmərəli yerinə yetirilməsi, onların icrası zamanı həqiqi faktların, hadisələrin və məlumatların üzə çıxarılması və aidiyyəti üzrə təqdim edilməsi;
2.0.3. Korrupsiyaya qarşı mübarizəyə dəstək - dövlətin korrupsiyaya qarşı mübarizə siyasətinə dəstək olmaqla səlahiyyətləri çərçivəsində korrupsiyanın və korrupsiya təəssüratı yaradan halların qarşısının alınması;
2.0.4. Nümunəvilik - xidməti fəaliyyət, habelə xidməti fəaliyyətdən kənar vaxtı hamılıqla qəbul olunmuş əxlaq, sosial və ailə-məişət dəyərlərinə riayət olunması, Azərbaycan Respublikasının vətəndaşı kimi qanunvericiliklə müəyyən edilmiş vəzifə və öhdəliklərin lazımi səviyyədə icra edilməsi;
2.0.5. Məsuliyyətlilik - vəzifə funksiyalarına məsuliyyətlə yanaşaraq onların vaxtında və keyfiyyətlə icra edilməsi, zəruri bilik və bacarıqların mütəmadi olaraq inkişaf etdirilməsi;
2.0.6. Birlik və əməkdaşlıq - dövlət siyasətinin, dövlət orqanlarının qarşısında duran əsas məqsəd və vəzifələrin lazımi səviyyədə icrasında hər bir işçinin rolunun dərk edilməsi, bu siyasət, məqsəd və vəzifələr üçün birgə səy nümayiş etdirilməsi, əməkdaşlıq və qarşılıqlı köməklik şəklində fəaliyyət göstərilməsi.
 
  1. İşçinin xidməti fəaliyyətində riayət etməli olduğu etik davranış qaydaları
3.1. İnsanların hüquq, azadlıq, qanuni maraqlarına, şərəf və ləyaqətinə, işgüzar nüfuzuna hörmət - İnsanların hüquq, azadlıq və qanuni maraqlarının təmin olunmasına (qorunmasına və müdafiəsinə) xidmət edilməsi:
3.1.1. bu prinsip işçinin fəaliyyətinin əsas məqsədi olmalıdır;
3.1.2. işçi insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf və ləyaqətini, həmçinin işgüzar nüfuzunu ləkələyə biləcək qərarlar qəbul etməməli və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir;
3.1.3. qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, işçi xidməti vəzifələrinin icrası ilə bağlı fiziki şəxslərin, habelə digər işçinin şəxsi həyatı barədə, həmçinin xidməti fəaliyyəti ilə bağlı əldə etdiyi digər məlumatların konfidensiallığını təmin etməlidir;
3.1.4 işçi, hüquqi şəxslərin işgüzar nüfuzuna hörmətlə yanaşmalı və onların işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.

3.2. Qanunçuluq– vəzifələrinin icrası zamanı Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası qanunlarının, habelə digər normativ hüquqi və normativ xarakterli aktların, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl etməlidir.

3.3. Vicdanlı davranış – insan, cəmiyyət və dövlətin maraqları naminə xidməti vəzifələrin səmərəli, layiqincə yerinə yetirilməsi.
3.3.1. şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə öz vəzifə borcunu səmərəli yerinə yetirməlidir;
3.3.2. bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır;
3.3.3. vəzifə təlimatları və digər aktlarla işçinin üzərinə qoyulmuş vəzifələri vicdanla, yalnız dövlətin mənafelərinə xidmət etmək məqsədi ilə və Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun həyata keçirməli, həmçinin müvafiq səlahiyyəti həyata keçirərkən həmin səlahiyyətin ona verilməsi məqsədlərindən kənara çıxmamalıdır;
3.3.4. öz üzərinə düşən vəzifələri əlavə tapşırıq gözləmədən öz təşəbbüsü ilə yerinə yetirməlidir;
3.3.5. məhkəmələrdə və digər orqanlarda Nazirliyin nümayəndəsi qismində iştirak etdikdə dövlətin mənafeyini müdafiə etmək üçün mümkün olan bütün vasitələrdən istifadə etməlidir.

3.4. Loyallıq- Işçi onun vəzifə funksiyalarına aid olmadığı hallarda işlədiyi və digər dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir.
3.4.1. bu qayda işçinin elmi-pedaqoji fəaliyyəti ilə bağlı çıxışlarına və ya elmi fəaliyyətinə şamil olunmur.
3.4.2. işçi hər bir şəraitdə şərəf və ləyaqətini qorumalı, işçi andına sadiq olmalı, qulluq keçmə ilə bağlı vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə işlədiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli, hər hansı etik normaların pozuntusu təəssüratı  yaradan hərəkətlərdən çəkinməlidir;
3.4.3. işçi açıq çıxışlarla bağlı Nazirlik tərəfindən müəyyən olunmuş qaydalara əməl etməlidir;
3.4.4. işçi qanunvericiliklə nəzərdə tutulmuş məhdudiyyətlərə əməl etməlidir;
3.4.5. işçi ümumqəbul olunmuş milli əxlaq normalarına əməl etməlidir.

3.5. Qərəzsizlik – işçi xidməti vəzifəsini yerinə yetirərkən, o cümlədən qərar qəbul edərkən qərəzsiz olmaq və bu zaman irqinə, milliyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak və qulluq vəziyyətinə, əqidəsinə, ictimai və ya digər birliyə mənsubiyyətinə görə hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə, yaxud belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol verməməlidir.
3.5.1.işçi xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı siyasi bitərəfliyə əməl etməyə borcludur.
3.5.2. işçi özünün və ya maraqlı şəxslərin mənafelərinin onun xidməti vəzifələrinin yerinə yetirilməsinə təsirinə yol verməməli və qanunsuz müdaxilə cəhdlərinin qarşısını qətiyyətlə almalıdır.

3.6. İctimai etimadın və nüfuzun artırılması
3.6.1. işçi Azərbaycan Respublikasının, Nazirliyin nüfuzunu möhkəmləndirməli, dövlət orqanlarında xidmətlə bağlı vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə dövlət orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli, xidməti fəaliyyəti, eləcə də xidməti fəaliyyətindən kənar fəaliyyəti zamanı öz adını və şərəfini uca tutmalıdır.
3.6.2. etik davranış qaydalarının pozulması ilə bağlı yaranmış nəticələri aradan qaldırmalı, ictimai etimadın bərpası üçün zəruri tədbirlər görməlidir;
3.6.3 Nazirliyin və onun vəzifəli şəxslərinin fəaliyyəti barədə kütləvi informasiya vasitələri nümayəndələrinin qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada doğru (dürüst), ictimaiyyəti məlumatlandıran informasiyalar  almasına səlahiyyətləri daxilində köməklik göstərməlidir.
3.6.4. xidməti fəaliyyətini həyata keçirən zaman qeyri-prosesual münasibətlərə yol verməməli, zəruri hallar istisna olmaqla  dövlət dilində danışmalıdır.

3.7. Mədəni davranış – işçi ünsiyyətdə olduğu bütün şəxslərlə, o cümlədən birbaşa və yuxarı rəhbəri, həmkarları və ya tabeliyində olan şəxslərlə davranışında nəzakətli, xeyirxah, diqqətli və təmkinli olmalıdır. Peşə fəaliyyəti ilə əlaqədar iradları, tənqidi fikirləri qəbul etməli, qiymətləndirməli və onlardan düzgün nəticə çıxarmalıdır.
3.7.1. geyimində ciddi işgüzar üsluba üstünlük verməli və səliqəli olmalıdır;
3.7.2 Nazirliyin işçisi olmasını qabartmamalı, zərurət olmadan xidməti vəsiqəsini nümayiş etdirməməlidir.

3.8. Peşəkarlıq və fərdi məsuliyyətin artırılması – işçinin öz məsuliyyətinin dərindən dərk edilməsi, xidməti vəzifələrinin yüksək peşəkarlıqla icra edilməsi, tabeliyində olan işçilərin peşəkar inkişafına məsuliyyət daşıması:
3.8.1. işçi peşəkarlığını fasiləsiz olaraq artırmalıdır;
3.8.2. rəhbər şəxs tabeliyində olan şəxslərin müvafiq sahə üzrə peşəkarlığının artırılması üçün zəruri tədbirlər görməli və şərait yaratmalıdır;
3.8.3. etik davranışı və öz peşəkar fəaliyyəti ilə Nazirliyə hüquqi və fiziki şəxslərin inamını artırmalı və möhkəmləndirməlidir.
3.8.4. öz fəaliyyətini qanunvericiliklə və vəzifə təlimatları ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində yerinə yetirməlidir;
3.8.5. qanunvericilik aktları və vəzifə təlimatları ilə onun üzərinə hansı vəzifələrin qoyulduğunu bilməli, peşəkarlıq səviyyəsinin artırılması üçün tədbirlər görməlidir;
3.8.6. hazırladığı əmr, sərəncam və digər normativ-hüquqi və normativ xarakterli aktların layihələrini qanunvericiliyin tələblərinə uyğun tərtib etməlidir;

3.9. Yüksək səviyyədə xidmət göstərmək – vətəndaşlara və digər şəxslərə keyfiyyət, operativlik, vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında xidmətlər göstərilməsi.

3.10. Əmr, sərəncam və tapşırıqların yerinə yetirilməsiişçi birbaşa və ya yuxarı rəhbərin əmr, sərəncam və şifahi tapşırıqlarını, habelə sektor, şöbə müdirlərinin və daha yuxarı rəhbərlərinin yazılı və şifahi tapşırıqlarını düzgün və vaxtında icra etməlidir.
3.10.1. birbaşa və ya yuxarı rəhbər tərəfindən ona verilən əmrin, sərəncamın və ya tapşırığın qanuna və ya digər normativ hüquqi akta zidd olmasına əmindirsə, bu barədə yazılı əsaslandırmanı birbaşa və ya yuxarı rəhbərinə təqdim etməlidir. O, birbaşa rəhbərindən bu əmr, sərəncam və ya tapşırığın yazılı şəkildə təsdiq olunmasını tələb etməlidir. Birbaşa rəhbərindən yazılı şəkildə təsdiq edilmiş əmr, sərəncam və ya tapşırıq almasına baxmayaraq, işçi onların qanuna, yaxud digər normativ hüquqi akta zidd olmasına inanmaqda davam edərsə, o, həmin əmr, sərəncam və ya tapşırığın yerinə yetirilməsindən imtina edə bilər.
3.10.2. qanuni göstərişlərin yerinə yetirilməməsi, qanunsuz göstərişlərin verilməsi və ya qanunsuz göstərişlərin yerinə yetirilməsi qanunvericiliklə müəyyən olunmuş intizam məsuliyyətinə səbəb olur.
3.10.3. əmrlə hər hansı komissiyanın üzvü və ya rəhbəri təyin edilmişdirsə, həmin komissiyanın işində müəyyən edilmiş qaydada iştirak etməli və öz üzərinə düşən vəzifələri tam yerinə yetirməli, komissiyanın iş reqlamentinə riayət etməlidir.

3.11. Korrupsiyanın və maraqların toqquşmasının qarşısının alınması –Işçi tərəfindən qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etmək və ya qərarlar qəbul etmək qadağandır.
3.11.1. işçi onun hərəkətlərinin (hərəkətsizliyinin) və ya qərarlarının qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə gətirib çıxarmasını istisna edən tədbirlər görməlidir.
3.11.2 işçi hər hansı vəzifənin yerinə yetirilməsi və ya yerinə yetirilməməsi müqabilində fiziki və ya hüquqi şəxslərdən maddi və ya qeyri-maddi nemət, imtiyaz və ya güzəşt tələb etməməlidir.
3.11.3  işçi müvafiq vəzifənin yerinə yetirilməsi üçün dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmamışdırsa, belə ödənişin həyata keçirilməsini tələb etməməlidir.
3.11.4. qanunvericiliklə müəyyən olunmuş ödəniş müqabilində vətəndaşlara xidmət (xidmətlər) göstərən işçi həmin xidmətə (xidmətlərə) görə qanunvericilikdə nəzərdə tutulan məbləğdən artıq haqq tələb edə bilməz.
3.11.5. işçi ona qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda onlardan imtina etməlidir. Belə maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər işçiyə ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə birbaşa rəhbərinə məlumat verməli, maddi və qeyri-maddi nemətləri onun işlədiyi quruma akt üzrə təhvil verilməli, imtiyaz və ya güzəştlərdən istifadənin dayandırılması üçün zəruri tədbirlər görülməlidir.
3.11.6. müqavilə üzrə tərəflərdən biri Nazirlik olan əqdlərdə işçi digər tərəf ola bilməz.
3.11.7. işçi qulluq etdiyi dövrdə maraqların toqquşmasının qarşısını almalı və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir.
3.11.8. Işçi qanunvericiliyin tətbiqinə, o cümlədən işçinin etik davranış qaydalarına nəzarətin həyata keçirilməsi zamanı yaxın qohumlarının işinin araşdırılması tapşırıldığı halda rəhbərliyə məlumat verməlidir.
3.11.9. işçi şəxsi maraqları ilə xidməti vəzifəsi arasında yaranmış maraqlar toqquşmasını ictimai maraqlar naminə həll etməli, maraqların toqquşması hallarında birbaşa yuxarı rəhbərinə məruzə etməlidir.
3.11.10. maraqların toqquşması barədə məlumat verilmiş rəhbər şəxs maraqların toqquşmasının qarşısının alınması və ya tənzimlənməsi istiqamətində öz səlahiyyətləri daxilində aşağıdakı tədbirlərdən birinin və ya bir neçəsinin görülməsini təmin etməlidir:
3.11.10.1. maraqların toqquşması vəziyyətinin yaranmasına səbəb olan və ya səbəb ola biləcək qulluq funksiyasının digər işçiyə həvalə edilməsi;
3.11.10.2. maraqların toqquşması vəziyyətinin yaranmasına səbəb olan və ya səbəb ola biləcək qulluq funksiyasının dəyişdirilməsi;
3.11.10.3. işçi ilə qarşılıqlı razılıq əsasında onun digər analoji vəzifəyə keçirilməsi.
3.11.10.4 işçi işə edilərkən və bundan sonrakı müddətdə etik davranış qaydaları, korrupsiyaya qarşı mübarizə və maraqların toqquşmasının qarşısının alınması ilə əlaqədar normativ hüquqi və normativ xarakterli aktlarla tanış olmalıdır. Bu aktlara əməl edilməsi ilə bağlı hər hansı suallar yarandıqda, bu barədə birbaşa və ya yuxarı rəhbərinə müraciət etməlidir.

3.12. Hədiyyələr və digər imtiyazlar- “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, qonaqpərvərliklə əlaqədar dəyərinin ümumi məbləği bir il ərzində 55 manatdan yuxarı olmayan hədiyyələrin təqdim olunması ilə bağlı hal istisna olmaqla, işçi xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təəssürat yaradan və ya onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya belə mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz.
3.12.1 işçi şəxsi istifadə məqsədilə və digər şəxslər üçün qanunvericiliklə nəzərdə tutulmayan maddi yardım, dəyərli əşya, hədiyyə, ianə və sair istəyə bilməz.
3.12.2. tutduğu vəzifəni və qulluq funksiyalarını nəzərə alaraq işçi ona qanunsuz olaraq ediləcək təkliflərə və ya göstərilə biləcək təzyiqlərə qarşı soyuqqanlı olmalıdır.
3.12.3.  işçi xidməti vəzifəsini icra edərkən ona hər hansı bir qiymətli hədiyyə, imtiyaz təklif olunarsa, işçi bu barədə birbaşa rəhbəri vasitəsilə dərhal Nazirliyin və ya işlədiyi tabeli orqanın daxili nəzarət məsələləri üzrə səlahiyyətli olan müvafiq struktur bölməsinə məlumat verməlidir.

3.13. Əmlakdan istifadə
3.13.1. istifadəsində olan dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, informasiya və kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından qənaətlə və səmərəli istifadə etməlidir.
3.13.2. dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, informasiya və kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən, xüsusi geyim formasından, xidməti vəsiqədən, tanınma nişanından, vizit kartlardan və digər maddi-texniki təchizat avadanlıqlarından xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməməlidir.

3.14. Məlumatlardan istifadə
3.14.1. xidməti fəaliyyəti zamanı əldə etdiyi məlumatları vəzifə funksiyalarının icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməməli, istifadəsində olan Nazirlik tərəfindən ümumi şəbəkəyə qoşulmuş və ya qoşulmamış xidməti elektron informasiya vasitələrindəki məlumatları qorumalıdır.
3.14.2. bu Qaydaların 3.14.1-ci bəndində qeyd olunan məlumatların məxfiliyi pozulduqda dərhal bu barədə birbaşa rəhbərinə məlumat verməlidir.
3.14.3. işçi xidmət etdiyi dövlət orqanının sərəncamında olan və "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununa əsasən açıq informasiyaya aid edilmiş məlumatların əldə olunmasının və yayılmasının mümkünlüyünü səlahiyyətləri daxilində təmin etməlidir.
3.14.4. işçi xidməti informasiyanın təqdim edilməsi üzrə Nazirlik tərəfindən müəyyən olunmuş qaydalara əməl etməli, özünün xidməti fəaliyyəti və Nazirliyin fəaliyyəti ilə əlaqədar olan məlumatları birbaşa rəhbərinin və ya Nazirliyin rəhbərliyinin icazəsi olmadan digər şəxslərə, o cümlədən kütləvi informasiya vasitələrinə verməməlidir.
3.14.5. işçi normativ hüquqi aktlarla verilməsi nəzərdə tutulmuş məlumatların fiziki və ya hüquqi şəxslərə verilməsindən əsassız imtina etməməli, belə məlumatların verilməsini gecikdirməməli və yaxud natamam və ya təhrif olunmuş məlumatlar verməməlidir.
3.14.6. işçi daxil olan xidməti telefon zənglərini operativ və qanunvericiliyə müvafiq qaydada cavablandırmalıdır.
3.14.7. işçinin ictimai və ya siyasi fəaliyyəti onun xidməti vəzifələrini qərəzsiz və obyektiv yerinə yetirməsinə maneçilik törətməməli, o, qulluq mövqeyindən istifadə edərək digər işçiləri bu fəaliyyətlərdə iştirak etməyə təhrik etməməlidir.
3.14.8. işçi Nazirliyin fəaliyyəti haqqında izahat vermə, sosial şəbəkələrdə ictimai mülahizələr aparmaq və müzakirələrdə iştirak etmək kimi xidməti vəzifələrinin icrasına bilavasitə aid olmayan fəaliyyətlərində Nazirliyin nüfuzuna, adına xələl gətirən hər cür davranışdan çəkinməli bu Qaydalar ilə tənzimlənən prinsiplərə əməl etməlidir. 

3.15. İctimai və digər birliklərdə fəaliyyət
3.15.1. qanunvericiliklə başqa qayda nəzərdə tutulmamışdırsa, işçi ictimai və digər birliklərə üzv olmaq hüququna malikdir. işçinin ictimai və ya digər birliklərdə fəaliyyəti, yaxud ictimai və ya digər birliyə mənsubiyyəti onun xidməti vəzifələrini qərəzsiz və obyektiv yerinə yetirdiyinə ictimai şübhə doğurmamalıdır.
3.15.2. qulluq mövqeyindən istifadə edərək digər şəxsləri ictimai və digər birliklərin fəaliyyətində iştiraka təhrik etməməlidir.
3.15.3. dövlət orqanlarında ictimai və digər birliklərin (həmkarlar ittifaqları istisna olmaqla) struktur bölmələrini yaratmaq və ya belə bölmələrin yaradılmasına yardım etmək qadağandır.
3.15.4. Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq keçirilən seçkilərlə əlaqədar qulluq mövqeyindən və vəzifə funksiyalarından özünün və ya digər namizədlərin, siyasi partiyaların, siyasi partiyaların bloklarının xeyrinə istifadə etməməlidir.
 
 
  1. Etik Davranış Qaydalarına əməl olunmasının Təminatı
4.1. Etik davranış qaydaları Nazirliyin internet səhifəsi vasitəsilə ictimaiyyətə açıqlanır. Bu Qaydalar Nazirlikdə fəaliyyətə yeni başlayan hər bir işçiyə bilavasitə rəhbəri tərəfindən verilir və həmin Qaydalara riayət etməsi rəhbərləri tərəfindən mütləq nəzərə alınır.
4.2. İşçinin davranışının etik davranış qaydalarına uyğunluğu onun özü, birbaşa və ya yuxarı rəhbəri tərəfindən müntəzəm təhlil edilir. Işçinin birbaşa və ya yuxarı rəhbəri bu Qaydalarda nəzərdə tutulmuş müvafiq tədbirləri görür.
4.3. Bu Qaydalara əməl olunmasına cari nəzarəti Nazirliyin aparatında hər bir struktur vahidi üzrə həmin struktur vahidinin rəhbərləri, qurumlarda isə qurumların rəhbərləri həyata keçirir.
4.4.  Etik pozuntuların araşdırılması və müvafiq intizam tənbeh tədbirlərinin tətbiq edilməsi ilə bağlı təklifləri təqdim etməsi üçün Nazir tərəfindən etik məsələlər üzrə məsul şəxs (etik müvəkkil) təyin olunur. 
 
  1. Etik davranış qaydalarının həyata keçirilməsinə cari nəzarət
5.1.  Bu Qaydaların tələblərinə riayət edilməsi üçün aşağıdakı tədbirlər həyata keçirilir:
5.1.2. bu Qaydalar Nazirliyin rəsmi internet səhifəsi vasitəsi ilə ictimaiyyətə açıqlanır;
5.1.3. tabelikdə olanların xidməti davranışlarının bu Qaydalara uyğunluğuna gündəlik nəzarət edilir;
5.1.4. işçilərə davamlı olaraq etik davranış qaydaları izah edilir və etik davranış qaydalarına əməl olunmasına dair tövsiyələr verilir;
5.1.5. etik davranış qaydalarının pozulmasının qarşısının alınması və profilaktikası üzrə tədbirlər görür və bununla bağlı Nazirliyin Etik Müvəkkilinə məlumat verilir;
5.1.6. etik davranış qaydalarına əməl olunması ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirlir.
 
 
  1. Etik Müvəkkilin səlahiyyətləri
6.1. Nazirliyin etik davranış məsələləri üzrə səlahiyyətli şəxsi - Etik Müvəkkil bu Qaydalarla müəyyən edilmiş etik davranış qaydalarına əməl edilməsi və həmin qaydaların tətbiqi ilə bağlı məsələlərin əlaqələndirilməsi məqsədi ilə aşağıdakı səlahiyyətlərə malikdir:
6.1.1. etik davranış qaydalarına dair izahlar verir;
6.1.2. etik davranış qaydalarının pozulmasının qarşısının alınması və aradan qaldırılması məqsədilə bu Qaydalara əməl edilməsi barədə təlimlər təşkil edir;
6.1.3. işçilərdən və digər şəxslərdən etik davranış qaydalarının tələblərinin pozulması ilə bağlı şikayətləri və məlumatları qəbul edir, onların araşdırılmasını təmin edir və zəruri hallarda araşdırılması üçün aidiyyəti struktur bölməyə göndərir;
6.1.4. bu Qaydaların tələblərinin pozulması ilə bağlı daxil olan şikayət və məlumatlardan, aparılmış araşdırmalardan irəli gələn məsələlərin həlli üzrə təkliflər, tövsiyələr və təqdimatlar verir;
6.1.5. bu Qaydalara əməl edilməsi vəziyyətini öyrənir və bu barədə məlumatları ümumiləşdirir;
6.1.6. etik davranış sahəsi üzrə qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər verir;
6.1.7. etik davranış məsələləri və etik davranış qaydalarının pozulması halları ilə bağlı il ərzində həyata keçirilmiş tədbirlər barədə cari il üzrə növbəti il yanvar ayının 31-dək ekologiya və təbii sərvətlər nazirinə yekun hesabat təqdim edir. 
 
  1. Etik davranış qaydalarının pozulmasına görə araşdırmanın aparılması qaydaları
7.1. Etik davranış qaydasının pozulması işçinin intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. İşçinin intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlərə "Korrupsiyaya qarşı mübarizə haqqında" və "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunları ilə müəyyən edilmiş müddətdə və qaydada baxılır.

7.2. Aşağıdakı hallarda səlahiyyət verilmiş struktur bölmə vasitəsilə Nazirliyin rəhbərinə  müvafiq məlumatlar təqdim edilir:
7.2.1. “Etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun və ya bu Qaydaların müddəalarının işçi tərəfindən pozulması barədə hüquqi və ya fiziki şəxslər tərəfindən şikayət və ya digər məlumatlar daxil olduqda;
7.2.2. kütləvi informasiya vasitələrində işçi tərəfindən “Etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun və ya bu Qaydaların müddəalarının pozulmasına yol verilməsi barədə məlumatın dərc edildikdə;
7.2.3. etik davranış qaydaların pozulması ilə bağlı məlumatlar daxili nəzarət tədbirlərində, habelə Etik Müvəkkil və ya dövlət orqanının rəhbəri, digər işçi tərəfindən bilavasitə aşkar edildikdə.

7.3. Etik davranış qaydalarının pozulması ilə bağlı müraciətlər yazılı və ya şifahi formada təqdim edilə bilər. Şifahi formada müraciət təqdim olunduğu halda bu hal protokolla rəsmiləşdirilir. Etik davranış qaydalarının müddəalarının pozulması ilə bağlı müraciətlər dərhal qəbul edilir, həmin gün qeydiyyata alınır. Müraciətlərə operativ və qərəzsiz baxılmalıdır.

7.4. Işçi etik qaydaların pozulması ilə bağlı ona məlum olan hərəkətlər (hərəkətsizliklər) haqqında təxirəsalınmadan birbaşa və ya yuxarı rəhbərinə, yaxud səlahiyyətli şəxsinə məlumat verməlidir. Belə məlumatın qəsdən təqdim edilməməsi intizam məsuliyyətinə səbəb olur.

7.5. Anonim hesab edilən müraciətlərə baxılmır, lakin belə müraciətlər etik davranış qaydaları ilə bağlı ümumi vəziyyətin dəyərləndirilməsi məqsədilə istifadə edilə bilər.

7.6. Etik davranış qaydalarının pozulması ilə bağlı araşdırma prosesinə aidiyyəti struktur bölmələrdən mütəxəssislər cəlb edilə bilər.

7.7.  Araşdırmanı aparan struktur bölmə araşdırmaya digər aidiyyəti struktur bölmələrin işçilərini cəlb edə bilər.

7.8. İntizam icraatını aparan struktur bölmə barəsində şikayət və ya məlumat daxil olan işçini araşdırmaya cəlb edir. Araşdırma zamanı iş yerində olmayan işçi (işçilar) barədə aparılan araşdırmanın müddəti həmin şəxs (şəxslər) işə çıxanadək dayandırılır. Zərurət olduqda araşdırmanın obyektivliyinin təmin edilməsi məqsədilə barəsində şikayət və ya məlumat daxil olan işçinin səlahiyyətlərinin icrası müvəqqəti araşdırma bitənədək dayandırıla bilər.

7.9. bu Qaydaların pozulması barədə müraciət etmiş şəxs (şəxslər) araşdırmada şəxsən iştirak edə bilər və ya səlahiyyətli nümayəndəsi vasitəsi ilə təmsil oluna bilər.

7.10. Araşdırma zamanı araşdırmanı aparan şəxs aidiyyəti şəxslərdən izahat ala, fiziki və (və ya) hüquqi şəxslərdən məlumatlar və etik qaydaların tələblərinin icrasının təmin edilməsi ilə bağlı araşdırma suallarına cavab verməyi tələb edə bilər. Müraciət müəllifinin izahat verməkdən imtina etməsi müraciət əsasında aparılan araşdırmanın dayandırılmasına əsas vermir və araşdırma ilkin müraciət əsasında davam etdirilir. Müraciət müəllifi müraciətini geri götürdükdə müraciətin məzmunundan asılı olaraq Azərbaycan Respublikasının müvafiq qanunlarına uyğun olaraq müraciət baxılmamış saxlanılır. Araşdırma zamanı qanunvericilikdə nəzərdə tutulmayan sənədlərin və ya məlumatların tələb edilməsi yolverilməzdir. Dövlət orqanları araşdırma ilə bağlı sorğu edilən sənədləri və məlumatları təqdim etməlidir.

7.11. Araşdırmanı həyata keçirən vəzifəli şəxs öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludur. İşin nəticəsində marağı olan vəzifəli şəxs şikayətin araşdırılmasında iştirak edə bilməz.

7.12.Araşdırmanı həyata keçirən vəzifəli şəxs araşdırma apararkən işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Araşdırmanı aparan vəzifəli şəxs maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Araşdırmanı aparan vəzifəli şəxs maraqlı şəxslərin izahatları və təqdim etdiyi sübutlarla kifayətlənmir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, araşdırmanı aparan vəzifəli şəxs öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

7.13. Araşdırmanı həyata keçirən zaman araşdırmaya maneə yaradan, müdaxilə edən və ya araşdırmanı ləngidən işçi qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə cəlb edilir.

7.14. Araşdırmanı aparan struktur bölmə (vəzifəli şəxs) 20 ( iş) günü ərzində işini tamamlayır və aşağıdakı qərarlardan birinin qəbul edilməsi ilə  bağlı təklif verir:
7.14.1. işçiyə xəbərdarlıq verilməsi haqqında;
7.14.2. işçiyə intizam tənbeh tədbiri tətbiq edilməsi haqqında;
7.14.3. intizam icraatına xitam verilməsi haqqında.
7.15. Barəsində intizam icraatı aparılan işçinin aşağıdakı hüquqları vardır:
7.15.1. işin materialları ilə tanış olmaq;
7.15.2. intizam icraatını aparan vəzifəli şəxsin obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran əsas varsa ona yazılı etiraz etmək;
7.15.3. aparılan araşdırmada iştirak etmək, izahat, sənədlər, şahidlər və digər sübutlar təqdim etmək;
7.15.4. intizam icraatının nəticəsi barədə yazılı məlumat almaq;
7.15.5. yazılı izahat verməkdən imtina etmək;
7.15.6. intizam icraatının nəticəsindən narazı olduğu halda məhkəməyə müraciət etmək.

7.16. Aparılmış intizam icraatının nəticələri Nazirə təqdim edilir. Dövlət qulluğu ilə bağlı normativ hüquqi aktların və bu Qaydaların müddəalarını pozmuş işçi barədə Nazir tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada intizam tənbeh tədbiri tətbiq edilir.

7.17. İntizam icraatı zamanı işçi tərəfindən yol verilən hüquq pozuntusunda cinayət tərkibinin əlamətləri aşkar edildikdə Nazir bu barədə cinayət təqibi orqanına məlumatın verilməsi məqsədilə aidiyyəti üzrə tapşırıqlar verir.

 7.18. aparılmış intizam icraatının nəticələri Nazirə təqdim edilir. “Etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun və ya bu Qaydaların müddəalarını pozmuş işçi barədə yalnız Nazir tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş intizam tənbeh tədbiri tətbiq edilir. İşdən azad edilmə intizam tənbeh tədbiri işçiyə vəzifələrinin icrası zamanı etik tələblərdə kobud və ya mütəmadi olaraq pozuntulara yol verdikdə tətbiq olunur.

7.19. Bu Qaydaların hər hansı tələblərinin pozulmasına görə intizam tənbeh tədbiri tətbiq edilərkən aşağıdakılar nəzərə alınır:
  1. 19.1. tələblərin pozulmasının dərəcəsi;
  2. 19.2. tələblərin pozulmasının Nazirliyin işinin effektivliyinə və nüfuzuna təsiri;
  3. 19.3. işçinin əmək fəaliyyəti;
  4. 19.4. işçi barədə qüvvədə olan intizam tənbeh tədbiri;
  5. 19.5. araşdırma zamanı aşkar edilmiş hər hansı yüngülləşdirici (ağırlaşdırıcı) hal.
7.20. İşçiyə tətbiq edilən intizam tənbeh tədbirinin tətbiq edilməsi ilə bağlı sənədin surəti onun şəxsi işinə tikilir.

7.21. işçiyə intizam tənbeh tədbiri bu Qaydalarda nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilir. Işçinin məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində “Dövlət qulluğu haqqında” və “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının qanunları çərçivəsində xidməti araşdırma və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir. Etik davranış qaydalarının pozulduğu gündən altı ay keçdikdən sonra işçia intizam tənbeh tədbiri verilə bilməz.