Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi

Azərbaycan     Respublikası  Еkоlоgiyа və
Təbii            Sərvətlər             Nаzirliyinin
" 20            ."iyul        .2022-ci   il    tаriхli
712/U  nömrəli Əmri ilə təsdiq  еdilmişdir

 

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi haqqında
                                                                   ƏSASNAMƏ


                                                         1. 
ÜMUMİ MÜDDƏALAR

1.1. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra - Nazirlik) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi (bundan sonra - İdarə) Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində və onun sahil zolağı boyu yerləşən inzibati rayonlarında ətraf mühitə antropogen təsirin kəmiyyət və keyfiyyət göstəricilərinin ekoloji kriteriyalarının elmi əsaslarla müəyyən edilməsi, proseslərin müşahidəsi, proqnozlaşdırılması, təbii sərvətlərdən səmərəli istifadə edilməsi, monitorinq sisteminin yaradılması və idarə olunması, fiziki təsirlərin çirklənmə vəziyyətini müəyyən edən müntəzəm müşahidə və tədqiqat işlərinin həyata keçirilməsi sahələrində (bundan sonra – müvafiq sahə) dövlət siyasətinin həyata keçirilməsində iştirak edən, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra – Nazirlik) strukturuna daxil olan qurumdur.
1.2. İdarə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, bu Əsasnaməni, Nazirliyin hüquqi aktlarını rəhbər tutur.
1.3. İdarə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, habelə hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.4. İdarə müstəqil balansa, istifadəsinə verilən dövlət mülkiyyətində olan əmlaka, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri olan Nazirliyin və özünün adı yazılan möhürə, müvafiq ştamplara və blanklara, bank hesablarına malikdir.
1.5. İdarənin saxlanılma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti, büdcədənkənar vəsait və qanunda nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.
1.6. İdarə Bakı şəhərində yerləşir.
 
 
2.İDARƏNİN  FƏALİYYƏT  İSTİQAMƏTLƏRİ
 
2.0. İdarənin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.0.1. müvafiq sahədə dövlət siyasətinin formalaşdırılması ilə bağlı Nazirliyə təkliflər vermək;
2.0.2. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində təbii sərvətlərindən səmərəli istifadə edilməsi, bərpası, mühafizəsi və qorunub saxlanması məqsədi ilə kompleks monitorinq tədqiqatlar aparmaq;
2.0.3. təbii ehtiyatların istifadə olunması prosesində ekoloji təhlükəsizliyin monitorinqini keçirmək və proqnozlaşdırmaq;
2.0.4. ölkə ərazisində ekoloji vəziyyətin öyrənilməsi, ətraf mühitə antropogen təsirin kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyən edilməsi və formalaşan tullantıların mövcud qanunvericiliyin tələblərinə uyğun idarə olunması ilə əlaqədar monitorinqləri həyata keçirmək;
2.0.5. ölkə ərazisində ətraf mühitə atılan, axıdılan zərərli tullantıların atmosfer havası, torpaq, su mühitinə təsirini öyrənilməsi ilə yanaşı, ətraf mühitə fiziki təsirlərin radiasiya, elektromaqnit şüalanması, səs-küy, vibrasiya üzrə monitorinqlər aparmaq;
2.0.6. dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər tərəfindən müvafiq sahələr üzrə qanunvericiliyin tələblərinə riayət olunması üçün tədbirlər görmək.
 
 
3.  İDARƏNİN VƏZİFƏLƏRİ

3.0. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq İdarənin vəzifələri aşağıdakılardır:
3.0.1. müvafiq sahəni tənzimləyən normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək, hazırlanmış layihələrə dair rəy və təklifləri Nazirliyə təqdim etmək;
3.0.2. Nazirliyin razılığı ilə müvafiq sahədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini təmin etmək;
3.0.3. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində ekoloji sisteminə təsərrüfat və digər fəaliyyət nəticəsində dəyə biləcək zərərin qarşısını almaq üçün tədbirlər planının hazırlanmasında iştirak etmək;
3.0.4. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində bioloji ehtiyatlarının mühafizəsi sahəsində monitorinqləri həyata keçirmək;
3.0.5. ətraf mühitin mühafizəsi və təbii sərvətlərindən səmərəli istifadə üzrə Nazirlik üzrə vahid informasiya sisteminin formalaşmasında və məlumat bankının yaradılmasında iştirak etmək;
3.0.6. Nazirliklə razılaşdırılmaqla Xəzər dənizinin (gölü) Azərbaycan Respublikasına mənsub olan bölməsi üzrə beynəlxalq öhdəliklərin icrasının təşkilində və bu sahədə digər orqanların işinin əlaqələndirilməsində, beynəlxalq layihə və proqramlarda iştirak etmək;
3.0.7. Xəzər dənizinin (gölü) Azərbaycan Respublikasına mənsub olan bölməsində və onun sahil zolağı boyu yerləşən inzibati rayonlarında fövqəladə ekoloji şərait və ekoloji fəlakət zonalarını müəyyən etmək və bununla bağlı Nazirliyə müvafiq təkliflər vermək;
3.0.8. mülkiyyət və hüquqi formasından asılı olmayaraq müəssisə və obyektlər tərəfindən aparılan elmi-tədqiqat və istehsalat-sınaq işləri zamanı ətraf mühitə təsirin qiymətləndirilməsi məqsədilə təşkil olunan monitorinqləri həyata keçirmək;
3.0.9.ölkə ərazisində antropogen təsirin qiymətləndirilməsi və onun sərhədlərini müəyyən etmək;
3.0.10. “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tullantılarla bağlı fəaliyyətə nəzarət etmək məqsədi ilə monitorinqlərin həyata keçirilməsində iştirak etmək;
3.0.11. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində ətraf mühitinin mühafizəsi məqsədilə çirklənmənin təhlili və ətraf mühitə təsiri ilə bağlı rəy və təkliflər vermək;
3.0.12. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində sahil zolaqlarında xüsusi mühafizə olunan ərazilərin yaradılmasına dair təkliflərin hazırlanmasında iştirak etmək;
3.0.13. süni yolla artırılmış bioloji sərvətlərin dənizə buraxılması zamanı keçirilən monitorinqlərdə iştirak etmək;
3.0.14. sahil zolaqlarında çirklənmə mənbələrinin qeydiyyatının aparılması, onların dəniz ətraf mühitinə təsirinin qiymətləndirilməsi və qarşısının alınması istiqamətində tədbirlər planı və təkliflər hazırlayıb Nazirliyə təqdim etmək;
3.0.15. dənizə tökülən axarlarda çirkləndiricilərin təsirinin öyrənilməsi məqsədi ilə İdarəyə təqdim edilən laborator tədqiqatların nəticələrini təhlil edərək Nazirliyə təkliflər təqdim etmək;
3.0.16. müəssisələrdə, üzən vasitələrdə, terminallarda və obyektlərdə monitorinq həyata keçirmək;
3.0.17. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yüksək və ekstremal yüksək çirklənmə səviyyəsi qeydə alındığı hallarda, bununla bağlı məlumatları Nazirliyə təqdim etmək və Nazirlik tərəfindən müəyyən edilmiş qaydada informasiyanı əhaliyə, müəssisə və təşkilatlara çatdırmaq;
3.0.18. şimaldan-cənubadək sahil zolağında yerləşən inzibati rayonların ekoloji təhlükə potensiallı obyektlərində monitorinqlər təşkil etmək və əldə olunan məlumatları Nazirliyə təqdim etmək;
3.0.19. mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlardan təbii ehtiyatlardan istifadə edilməsi, ətraf mühitə zərərli maddələr, sənaye, məişət və s. tullantıların atılması, axıdılması, onların hövzədə basdırılması həcmləri, norma və limitləri, onların ilkin qeydiyyatının aparılması qaydalarının hazırlanmasında iştirak etmək;
3.0.20. keçirilən monitorinqlər nəticəsində ətraf mühitin, təbii sərvətlərin qorunmasına, onlardan səmərəli istifadə edilməsinə, artırılmasına və mühafizəsinə, ətraf mühitin əlverişli sanitar və ekoloji vəziyyətinin təmin edilməsinə, ekoloji şəraitin sağlamlaşdırılmasına dair təkliflərin hazırlanmasında iştirak etmək;
3.0.21. partlayış, dib dərinləşdirmə işləri, faydalı qazıntılar hasilatı, sugötürücü qurğular, kabellər, neft-qaz kəmərləri və çəkilməsi zamanı ətraf mühitin qiymətləndirilməsi məqsədi ilə monitorinqlər keçirmək;
3.0.22. gəmi, digər üzən vasitələr və limanlarda formalaşan tullantıların qeydiyyatını və dinamikasını müəyyənləşdirmək, onların minimuma endirilməsini proqnozlaşdıraraq təkliflər vermək;
3.0.23. təbiətdəki çirklənmə mənbələrinin qeydiyyatını aparmaq, ətraf mühitə zərərli maddələr atılmasının (axıdılmasının) monitorinqini həyata keçirmək;
3.0.24. təhlükəli və digər təbii hadisələrin meydana çıxmasının və inkişafının doğurduğu nəticələr üzrə müşahidələr təşkil etmək, onların nəticələrini təhlil etmək və qiymətləndirmək;
3.0.25. təbii fəlakətlər və antropogen təsir nəticəsində yaranmış fövqəladə hallar zamanı ətraf mühitə dəymiş zərərin nəticələrinin aradan qaldırılması üçün monitorinq işlərini aparmaq;
3.0.26. stasionar müşahidə məntəqələri ilə əhatə olunmamış ərazilərdə mütəmadi ətraf mühitin çirklənməsinin monitorinq işlərini aparmaq;
3.0.27. kabellər, boru kəmərləri, yüksək gərginlikli elektrik xətləri çəkilməsi, radiolokasiya, mobil telefon və radio-televiziya stansiyalarının qurulması və istismarı nəticəsində ətraf mühitə vurulan zərərli təsirlərin qiymətləndirilməsi məqsədilə monitorinq aparmaq;
3.0.28. beynəlxalq təşkilatların və respublikada fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının atmosfer havası, torpaq, su mühiti, fiziki təsirlər və biomüxtəlifliyin monitorinqi ilə bağlı keçirdikləri elmi-praktiki konfranslarda, simpoziumlarda iştirak etmək;
3.0.29. təbii fəlakət, texnogen qəzalar və antropogen təsirlər nəticəsində ətraf mühitə vurulan zərərli təsirlərin qiymətləndirilməsi məqsədilə aparılan monitorinq məlumatlarının nəticələrinin və xəbərdarlıqların müəyyən edilmiş qaydada aidiyyəti qurumlara çatdırılması üçün Nazirliyə təqdim etmək;
3.0.30. ətraf mühitə atılan zərərli maddə və tullantıların atmosfer havası, torpaq, su mühiti və biomüxtəlifliyə təsirini öyrənən kompleks monitorinqlərin həyata keçirilməsində iştirak etmək;
3.0.31. vibrasiya və səs-küyün sistematik monitorinqini aparmaq;
3.0.32. zəruri hallarda transsərhəd çirklənmələrin qeydə alınması və müşahidələrin aparılması məqsədilə təşkil edilən ekspedisiyalarda iştirak etmək;
3.0.33. yeraltı su obyektləri istisna olmaqla, su obyektlərinin monitorinqinin və su kadastrının aparılmasında iştirak etmək;
3.0.34. ətraf mühitin çirklənməsinin monitorinqinin aparılması üzrə mövcud metodikaların müasir tələblərə uyğunlaşdırılması istiqamətində işlər aparmaq;
3.0.35. müşahidə məntəqələrində olan cihazların texniki vəziyyətinə, fasiləsiz işləməsinə, cihazların həssaslığına, məlumatların ötürülməsinə, kalibrlənməsinə nəzarət etmək;
3.0.36. dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahə üzrə fəaliyyətini əlaqələndirmək;
3.0.37. müvafiq sahədə elektron xidmətləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun təşkil etmək;
3.0.38. fəaliyyətinin təşkili ilə bağlı ayrılan dövlət büdcəsi vəsaitindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
3.0.39. dövlət sirrinin və məxfilik rejiminin qorunmasını təmin etmək, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;
3.0.40. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və açıqlanmalı informasiyanın həmin saytda davamlı yenilənməklə yerləşdirilməsini təmin etmək;
3.0.41. fəaliyyət istiqamətləri üzrə kadr hazırlığı və əməkdaşların əlavə təhsili üçün Nazirliyə təkliflər vermək;
3.0.42. fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və müvafiq tədbirlər görmək;
3.0.43. fəaliyyəti ilə bağlı yaranan arxiv sənədlərinin komplektləşdirilməsini, saxlanılmasını və uçotunu təmin etmək, bu məqsədlə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun digər tədbirlər görmək;
3.0.44. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
3.0.45. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək, əməkdaşların əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;
3.0.46. İdarəyə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
3.0.47. İdarənin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;
3.0.48. müvafiq sahədə peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək;
3.0.49. bu Əsasnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.


4.  İDARƏNİN  HÜQUQLARI
 
4.0. Öz vəzifələrini yerinə yetirmək üçün İdarənin aşağıdakı hüquqları vardır:
4.0.1. müvafiq sahə üzrə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə Nazirliyə təkliflər vermək;
4.0.2. müvafiq sahədə normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişiklik edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında Nazirliyə təkliflər vermək;
4.0.3. müvafiq sahə üzrə beynəlxalq təcrübəni öyrənmək, fəaliyyət istiqamətlərinə və vəzifələrinə uyğun analitik materiallar hazırlamaq, təhlillər, tədqiqatlar aparmaq, rəy və təkliflərini Nazirliyə təqdim etmək;
4.0.4. beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti qurumları ilə əməkdaşlıq etmək, onların müvafiq sahə ilə bağlı təcrübəsini öyrənmək;
4.0.5. fəaliyyət istiqamətlərinə uyğun xüsusi bülletenlər, nəşrlər buraxmaq, reklam-informasiya işlərini həyata keçirmək, müstəqil ekspert və mütəxəssisləri fəaliyyətinə cəlb etmək;
4.0.6 fəaliyyət istiqamətləri üzrə aparılan yoxlamalar (araşdırmalar, monitorinqlər) və onların nəticələri ilə bağlı görülən işlərə dair məlumatları təhlil etmək və informasiya bankını yaratmaq;
4.0.7. fəaliyyət istiqamətlərindən və vəzifələrindən irəli gələn tədbirlərin həyata keçirilməsi üçün dövlət və yerli özünüidarəetmə orqanlarına, təsərrüfat subyektlərinə, vəzifəli şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan həmin məlumatları (sənədləri) almaq;
4.0.8. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;
4.0.9. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;
4.0.10. qanunla müəyyən edilmiş qaydada regional və beynəlxalq təşkilatlara üzv olmaq;
4.0.11. əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;
4.0.12. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;
4.0.13. bu Əsasnamə ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

 
5.  İDARƏNİN FƏALİYYƏTİNİN TƏŞKİLİ

5.1.
İdarəyə Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən rəis rəhbərlik edir;
5.2. İdarə rəisi idarəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır;
5.3. İdarə rəisinin Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən bir müavini vardır. Müavin idarə rəisinin onlara həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyır;
5.4. İdarə rəisi aşağıdakı səlahiyyətlərə malikdir:
5.4.1. İdarənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
5.4.2. İdarənin struktur bölmələrinin fəaliyyətini əlaqələndirir, icrası məcburi olan əmrlər, göstərişlər verir, onların icrasını təşkil edir və yoxlayır;
5.4.3. İdarənin nomenklaturasına daxil olan işçiləri (idarə rəisinin müavini, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin vəzifəyə təyin etdiyi digər struktur bölmələrinin rəhbərləri istisna olmaqla) vəzifəyə təyin edir və vəzifədən azad edir, öz səlаhiyyətləri dахilində onların barəsində qanunvericiliklə müəyyən olunmuş qaydada həvəsləndirmə və intizam tənbehi (dövlət qulluqçularına münasibətdə töhmət) tədbirləri görür, onlara məzuniyyətlər verir;
5.4.4. işçilərin peşə hazırlığı və əlavə təhsili üçün zəruri tədbirlər görür;
5.4.5. müəyyən olunmuş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində idarənin strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq olunmaq üçün Nazirliyə təqdim edir;
5.4.6. dövlət və yerli özünüidarəetmə orqanları ilə, hüquqi və fiziki şəxslərlə münasibətlərdə idarəni təmsil edir;
5.4.7. İdarənin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi barədə Nazirliyə təkliflər verir;
5.4.8. Nazirliyin verdiyi səlahiyyətlər daxilində İdarənin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı məhkəmələrdə Nazirliyi təmsil edir;
5.4.9. İdarəyə ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsini təmin edir və bu barədə hesabatı nazirliyə təqdim edir;
5.4.10. İdarənin illik və perspektiv iş planlarının tərtib olunmasını təmin edir;
5.4.11. İdarənin fəaliyyətinə dair illik hesabatları Nazirliyə təqdim edir;
5.4.12. İdarənin fəaliyyətinə dair əmr, sərəncam və göstərişlər verir, habelə onların icrasına nəzarəti həyata keçirir;
5.4.13. dövlət və yerli özünüidarəetmə orqanları ilə, hüquqi və fiziki şəxslərlə münasibətlərdə İdarəni təmsil edir;
5.4.14. müvafiq sahənin inkişafına dair təklifləri, İdarənin fəaliyyətinə dair illik hesabatı Nazirliyə təqdim edir.