Su bioloji resursların artırılması
Azərbaycanın bioloji müxtəlifliyinin formalaşmasında dünyanın ən böyük qapalı su hövzəsi olan Xəzər dənizi mühüm rol oynayır. Xəzərin balıq ailəsi növcə kasıbdır, lakin başqa hövzələrlə əlaqəsi olmayan Xəzərin bioloji müxtəlifliyində bitki və heyvan növlərin, o cümlədən balıqların təxminən yarısı endemik sayılır. Xəzərin və ona tökülən çayların ixtiofaunasında dəniz, çay, keçici və yarımkeçici kateqoriyalarına aid cəmi 153 balıq növü var, o cümlədən, Xəzərin Azərbaycana aid bölməsində 80 növədək balıq yaşayır. Xəzərdə daim dənizdə yaşayan balıq növlərin sayı – 61, keçici növlərin – 19, endemik növlərin sayı isə 81-dir. Xəzərdə ixtiofaunanın ümumi kütləsinə görə ən böyük hissəsini kilkə balıqları təşkil edir – 60-70%. İlin müxtəlif fəsillərində Xəzərin Azərbaycana aid bölməsində 30-dan çox sənaye (vətəgə) əhəmiyyətli balıq növlərinə rast gəlmək olar.
Nərəkimilər – Dünyada cəmi 27 növ nərə cinsli balıqları var, bunlardan Xəzər dənizində və ona tökülən çaylarda cəmi 6 növ yaşayır: bölgə, qaya balığı (kələmo), Kür (fars) nərəsi, rus nərəsi, uzunburun, çökə (yalnız şirin suda). Dünyada nərə cinsli balıqların ən böyük ehtiyatı Xəzər dənizində cəmləşib – 75-80%. Son 20 il ərzində Xəzər dənizində nərə cinsli balıqların ehtiyatı təxminən 10 dəfə azalıb və buna görə də 2011-ci ildən başlayaraq Xəzəryanı ölkələri nərə balıqlarının kommersiya (sənaye) ovunu həyata keçirmirlər, nərə balıq ovu yalnız balıqartırma zavodlarında süni çoxaltma və elmi tədqiqatlar üçün həyata keçirilir. Hal-hazırda, Xəzərdə nərə cinsli balıqların sayının bərpası məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində Xıllı Nərə Balıqartırma Zavodu fəaliyyət göstərir. 2019 və 2020-ci illərdə müvafiq olaraq 342 və 549 min ədəd körpə nərə cinsli balıqları artırılaraq Kür çayının Xəzər dənizi ilə qovuşan mənsəbi hissəsində təbii mühitə buraxıldı.
Qızılbalıqlar – Xəzər dənizində iki növ qızılbalıq yaşayır – Xəzər qızılbalığı və ağ qızılbalıq. Ağ qızılbalıq əsasən Xəzərin şimal hissəsində rast gəlinir və kürütökmə üçün dənizin şimaldakı çaylara, əsasən Volqaya daxil olur. Xəzər qızılbalığı keçici balıqdır, dənizin cənub hissəsində yaşayır və əsasən Kür çayında kürü tökür. Qızılbalıq körpələri 2 yaşınadək çaylarda yaşayır və sonra isə Xəzər dənizinə keçirlərlər. 1952-ci ilə qədər hər il Kürdə 170 tonadək qızılbalığı ovlanırdı, lakin sonrakı illərdə Kür və Araz çayları üzərində su elektrik stansiyalarının bəndlərinin tikilməsi və Xəzər qızılbalığının təbii kürüləmə yerlərinə keçə bilməməsi səbəbindən, onun ehtiyatları kəskin azalmış və bu balıq növü “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na daxil edilmişdir. Xəzər qızılbalığının ehtiyatını bərpa etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Təcrübəvi Dəniz Balıqartırma Zavodu tərəfindən hər il təxminən 50 min ədəd körpə qızılbalıqlarının artırılıb dəniz qəfəslərində yetişdirilərək Xəzər dənizinə buraxır. Bununla da, qızılbalığın nəslinin kəsilməsi təhlükəsi aradan qaldırılır.
Çəkikimilər – Xəzərin və ona tökülən çayların ixtiofaunasında növ tərkibinə görə ən böyük fəsiləsidir – cəmi 52 növ. Azərbaycana aid su hövzələrində isə – 42 növ, bunların da arasında şirin suda yaşayan, keçici və yarımkeçici növlər vardır. Sənaye baxımından daha qiymətlisi yarımkeçici növlər olan – ziyad (kütüm), külmə, həşəm, lil balığı, şamayı, çapaq, çəki, qarasol, və b. daha sərfəli sayılırlar. Bu balıqların çay populyasiyası Cənubi Xəzərin cənub-qərb hissəsində məskunlaşır, kürüləmə üçün isə Kür çayına, Qızılağac körfəzinin və yaxınlıqdakı Kürətrafı ərazilərin şirin sularına daxil olurlar. Cənubi Xəzərin qərb sahillərində 30-40 metrdən çox olmayan dərinliklər, o cümlədən,Kür çayı mənsəbinin ağzı keçici balıqlar (həşəm, şamayı, qarasol və s.) üçün səciyyəvi yemlənmə yeridir. Burada körpə balıqlar da öz növbəsində qida üçün cəmləşirlər. Keçən əsrin 60-cı illərində əlavə olaraq üç növ (ağ amur, əlvan və ağ qalınalın) iqlimləşdirilmişdir. Azərbaycanın və Qafqaz regionun biomüxtəlifliyinin, o cümlədən, Xəzər dənizi faunasının qorunması və vəhşi populyasiyalarının bərpası məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində çəkikimi balıqların artırılması üzrə Kiçik Qızılağac Balıqartırma Təsərrüfatı fəaliyyət göstərir. 2019 və 2020-ci illərdə müvafiq olaraq 3.4 və 5.3 milyon ədəd körpə kütüm, çəki, ağ amur və qalınalın balıqları artırılaraq, Xəzərin Kiçik Qızılağac körfəzinə, Kür çayına, Mingəçevir, Şəmkir və Yenikənd Su anbarlarına buraxıldı.