Ətraf mühitin radioaktivliyinin monitorinqi
Radiasiya – kimyəvi elementlərin nüvələrinin parçalanması zamanı yaranan enerjinin alfa, beta, qamma şüaları və Kosmosda yayılan hər hansı bir elektromaqnetik şüanın ətraf mühitdə müxtəlif dalğa və hissəciklər formasında yayılmasıdır.
Ətraf mühitin təbii radiasiya fonu– kosmik şüalanmanın torpaq, hava, su və ətraf mühitin digər obyektlərindəki radioaktiv izotopların atmosferə səpələnən şüalarının miqdarının insan və digər canlı orqanizmlərə zərər verməyən ionlaşmış radiasiyasının təbii dərəcəsidir. Radiasiya fonunun təbii mühitdə formalaşmasında ilkin yeri kosmik şüalar, yəni atmosferə düşən böyük enerjili zərrəciklər tutur. Temperaturun dəyişməsi ilə əlaqədar radiasiya fonu lokal olaraq dəyişir.
Ətraf mühit və insan sağlamlığı üçün ən böyük təhlükəni təbii mühitin radioaktiv çirklənməsi yaradır. Atmosferə radioaktiv maddələr təbii radioaktiv proseslər vasitəsilə, uran filizləri çıxarıldıqda, reaktorların istismarı zamanı və atom partlayışları nəticəsində daxil olur. Qeyd etmək lazımdır ki, 1950-60-cı illərdə keçmiş SSRİ, ABŞ, İngiltərə, Fransa və Çin tərəfindən yer üzərində və açıq okeanlarda geniş miqyaslı nüvə silahı sınaqlarının aparılması nəticəsində atmosfer havası, su obyektləri və yerüstü torpaq qatları süni radioaktiv çirklənməyə məruz qalmışdır. Bununla yanaşı, ətraf mühitin radiasiya fonuna dünyanın müxtəlif ölkələrində Atom Elektrik Stansiyaları və digər obyektlərdə baş verən texnogen qəzalar da böyük təsir göstərir.
Bütün bunları nəzərə alaraq, Azərbaycanda 1965-ci ildən başlayaraq ölkə ərazisinin radiasiya fonu üzrə mütəmadi müşahidələr aparılmağa başlanılmışdır. Hal-hazırda ətraf mühitin radiasiya fonu üzrə gündəlik müşahidələr 19 məntəqədə gün ərzində 3 dəfə olmaqla saat 09:00, 15:00, 18:00 radələrində radiasiya fonunun ölçülməsi ilə aparılır ki, bu da Respublikanın müxtəlif fiziki-coğrafi zonalarını və əksər inzibati rayonların ərazilərini əhatə edir. Seçilmiş 5 məntəqədə isə - Şərur, Şamaxı, Göy-göl, Zərdab, Kürdəmir rayonlarında radiasiya fonu üzrə müşahidələrin aparılması fövqəladə hallarda nəzərdə tutulub.
2009-cu ildə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iştirakı ilə həyata keçirilən “Azərbaycan Respublikasında radioaktivliyin monitorinqi sahəsində infrastrukturun inkişaf etdirilməsi” layihəsi çərçivəsində nüvə texnologiyalarından istifadə edən ölkələrlə həmsərhəd olan Ağstafa, Sədərək, Beyləqan, Astara, Quba və Pirallahı rayonlarında yerləşən meteoroloji stansiyalarda radiasiya fonu üzrə tam avtomatlaşdırılmış onlayn erkən xəbərdarlıq monitorinq nəzarəti sisteminin quraşdırılması təmin edilmişdir.
2022-ci ildə AEBA-nın Texniki Əməkdaşlıq Proqramı ilə həyata keçirilən layihə çərçivəsində 4 ədəd yeni stansiya alınaraq ölkənin işğaldan azad olunmuş Zəngilan, Qubadlı, Kəlbəcər və Laçın rayonlarının transsərhəd əraizilərində quraşdırılmışdır. Hal-hazırda ölkənin transsərhəd ərazilərində radiasiya fonu üzrə avtomatlaşdırılmış stansiyaların sayı 10 ədədə çatdırılmışdır. Avtomatlaşdırılmış stansiyalardan məlumatlar Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinə və eyni zamanda, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə ötürülür.
Müşahidə məntəqələrindən daxil olmuş məlumatların nəticələrinə əsasən “Respublika ərazisində ətraf mühitin faktiki radiasiya şəraiti” adlı gündəlik məlumat hazırlanaraq aidiyyətı üzrə təqdim olunur.
Son illərin monitorinq nəticələrinə əsasən Respublika ərazisinin radiasiya şəraiti aşağıdakı kimi dəyişmişdir:
Günəş şüalarının fəallığından və dağlıq ərazilərdə dağ süxurlarının fiziki-kimyəvi xüsusiyyətindən asılı olaraq gündəlik radiasiya fonu Respublika ərazisində mövsümlər üzrə dəyişkəndir. Ölçmə məlumatlarının təhlili göstərir ki, Bakı-Abşeron bölgəsində (Maştağa, Pirallahı, Xırdalan, Sumqayıt) gündəlik təbii radiasiya fonu qış fəslində 6-13 mkR/saat, yaz fəslində 6-14 mkR/saat, yay fəslində 6-14 mkR/saat, payız fəslində 7-13 mkR/saat arasında dəyişir və təbii fondan kənaraçıxmalar müşahidə olunmur.
Naxçıvan MR-ın ərazisində (Naxçıvan, Şahbuz, Culfa, Ordubad, Şərur, Sədərək) gündəlik təbii radiasiya fonu qış fəslində 8-15 mkR/saat, yaz fəslində 9-13 mkR/saat, yay fəslində 9-15 mkR/saat, payız fəslində 9-13 mkR/saat arasında təbii fon daxilində dəyişdiyi müşahidə olunur.
Kiçik Qafqaz bölgəsində yerləşən məntəqələrdən (Gəncə, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Gədəbəy, Daşkəsən) gündəlik daxil olan müşahidə məlumatlarına əsasən, bu bölgədə təbii radiasiya fonu qış fəslində 6-13 mkR/saat, yaz fəslində 7-14 mkR/saat, yay fəslində 6-15 mkR/saat, payız fəslində 7-13 mkR/saat arasında dəyişir və ümumilikdə bölgənin gündəlik radiasiya şəraitinin təbii fon daxilində dəyişdiyi müşahidə olunur.
Böyük Qafqaz bölgəsində (Zaqatala, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Quba, Xaçmaz) gündəlik radiasiya fonu göstəriciləri qış fəslində 6-33 mkR/saat, yaz fəslində 6-35 mkR/saat, yay fəslində 6-30 mkR/saat, payız fəslində 6-34 mkR/saat arasında dəyişdiyi müşahidə olunur. Bu bölgədə gündəlik radiasiya şəraitində kiçik amplitudalarla kənaraçıxmalar olsa da (illik 5-26 mkR/saat) təbii fon daxilində dəyişir. Qeyd etmək lazımdır ki, bu bölgənin dağ süxurlarının fiziki-kimyəvi xüsusiyyətlərindən asılı olaraq təbii fonun digər bölgələrə nisbətən yüksək olması bölgə üçün xarakterikdir və xırda kənaraçıxmalar mövsümi xarakter daşıyır.
Mərkəzi Aran bölgəsindəki məntəqələrdən (Mingəçevir, Yevlax, Beyləqan, İmişli, Zərdab, Göyçay, Sabirabad, Cəfərxan, Kürdəmir, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar) gündəlik daxil olan müşahidə məlumatlarına əsasən bu bölgədə təbii radiasiya fonu qış fəslində 6-17 mkR/saat, yaz fəslində 6-20 mkR/saat, yay fəslində 6-25 mkR/saat, payız fəslində 6-20 mkR/saat arasında dəyişdiyi qeydə alınır və təbii fondan kiçik kənaraçıxmalar müşahidə olunsa da, bunlar mövsümi xarakter daşıyır və ümumilikdə bölgənin radiasiya şəraiti təbii fon (illik 5-20 mkR/saat) daxilində dəyişir.
Lənkəran-Astara bölgəsindən daxil olan gündəlik müşahidə məlumatlarına əsasən bu bölgədə təbii radiasiya fonu qış fəslində 7-20 mkR/saat, yaz fəslində 7-13 mkR/saat, yay fəslində 7-20 mkR/saat, payız fəslində 9-23 mkR/saat arasında dəyişdiyi müşahidə olunur. Bu bölgədə də mövsümi xarakter daşıyan kiçik kənaraçıxmalar müşahidə olunsa da gündəlik radiasiya şəraiti ümumilikdə təbii fon (5-19 mkR/saat) daxilində dəyişir.
Respublikanın ayrı-ayrı bölgələri üzrə yuxarıda qeyd olunmuş müşahidə məlumatlarından göründüyü kimi, bəzi bölgələrdə radiasiya şəraitində kiçik amplitudalarla kənaraçıxmalar olsa da, ümumilikdə təbii fon daxilində dəyişdiyi müşahidə olunur.
Qanunvericilik və metodologiya
Ətraf mühitin radioaktivliyinin monitorinqi sahəsində fəaliyyət Azərbaycan Respublikasının “Ekoloji təhlükəsizlik haqqında”, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında” Qanunları və bu qanunların icrası ilə əlaqədar hazırlanmış “Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında” (Nazirlər Kabinetinin 1 iyul 2004-cü il tarixli, 90 saylı qərarı ilə təsdiq edilib) Əsasnamə ilə həyata keçirilir.