Türyançay Dövlət Təbiət Qoruğu Azərbaycanın arid meşə sahələrindən biri, həm də ən başlıcası olan Bozdağın arid meşə landşaft kompleksini qorumaq məqsədilə Azərbaycan Hökumətinin 6 may 1958-ci il tarixli Qərarı ilə 12344 hektar ərazidə yaradılmışdır.
2003-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 yanvar tarixli Qərarı ilə ərazisi iki dəfə genişləndirilmiş və hazırda sahəsi 22488 hektardır. Qoruq Ağdaş, Oğuz, Yevlax və Qəbələ rayonlarının ərazisində yerləşir.
Ərazisi qərbdən və şimal-qərbdən şərqə və cənub-şərqə doğru uzanan alçaq dağ tirələrdən ibarət olub kəskin parçalanmış relyefə malikdir. Geomorfoloji cəhətdən burada arid denudasiya relyef tipi səciyyəvidir. Ərazi quru, dərin dərələrlə şiddətli parçalanmışdır.
Qoruğun ərazisində qəhvəyi dağ-meşə, bozqırlaşmış dağ-qəhvəyi, qonur, allüvial çəmən-meşə torpaqları inkişaf etmiş, bendlend sahələr yayılmışdır.
Relyefin paçalanması burada arid iqlim şəraitində bitki örtüyünün zəif inkişafı, torpaq örtüyünün isə az qalın və az münbitli olması ilə nəticələnmişdir. Quru subtropik iqlim Türyançay qoruğunun ərazisi üçün səciyyəvidir. Burada qışı quraq keçən mülayim-isti yarımsəhra və bozqır iqlim tipləri hakimdir, yayı isti, qışı isə mülayim-isti keçir. Orta illik temperatur 14 dərəcədir. İl ərzində yağıntının miqdarı 500 mm-ə, yağıntılı günlərin sayı isə 90 günə çatır.
Ərazidə yarımsəhra və bozqır bitki formasiyaları yayılmışdır. Onun özünəməxsus arid bitki örtüyü vardır. Burada ağac və kol bitkilərindən ən çox ağır iyli ardıc və saqqızağacı, qismən də gürcü palıdı, gürcü ağcaqayını, qaratikan, Şərq doqquzdonu, gilas, nar, murdarça, sarağan, efedra və s. inkişaf etmişdir.
Türyançay Dövlət Təbiət Qoruğunda çöl donuzu, qonur ayı, adi porsuq, daşlıq dələsi, adi tülkü, boz dovşan, adi çaqqal, Avropa vaşaqı və s. məməli vəhşi və çöl heyvanları məskən salmışlar. Qoruğun ərazisi heyvanların ən əlverişli qışlaq yeridir. Burada sürünənlərdən müxtəlif ilanlara və kərtənkələlərə rast gəlinir. İlanlardan gürzə daha çoxdur. Türyançayın sularında Xəzər tısbağasına tez-tez rast gəlinir. Quşlardan adi çil kəklik, adi qurqur, ağbaş kərkəs, leşyeyən ağkərkəs, qara kərkəs, adi zığ-zığ, payız bülbülü, dağ vələmirquşu, uzunquyruq arıquşu və s. məskunlaşmışdır.
Qoruqda Azərbaycan Respublikasının “Qırmızı kitabı”na adları daxil edilmiş şahin qızılquş, bərqud, çöl qartalı qorunur.
Əvvəllər Türyançay qoruğunun Eldar şamı, Sultanbud saqqızağacı meşəliyi, Şirvan yarımsəhra bitkiləri sahəsi kimi üç filialı vardı.
300 hektarlıq sahəsi olan Eldar Şamı filialı Respublika hökumətinin 21 noyabr 1967-ci il tarixli qərarı ilə Göy-göl Dövlət Təbiət Qoruğuna verilmiş, daha sonra ərazisi genişləndirilmiş və Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 16 dekabr tarixli Sərəncamı ilə 1686 hektar ərazidə Eldar Şamı Dövlət Təbiət Qoruğu yaradılmışdır.