İlisu Dövlət Təbiət Qoruğu

İlisu  Dövlət Təbiət Qoruğu Azərbaycan Hökumətinin 20 fevral 1987-ci il tarixli 57№-li Qərarı ilə 9345 hektar ərazidə yaradılmışdır. Böyük Qafqazın cənub yamacında (Qax rayonu), Zaqatala və İsmayıllı qoruqlarının arasında 700-2100 m hündürlükdə yerləşir. 2003-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 mart tarixli Qərarı ilə qoruğun ərazisi genişləndirilmişdir. Hal-hazırda qoruğun sahəsi 17381,6 hektardır.
 
Qoruğun təşkil edilməsində məqsəd təbii kompleksi daha yaxşı qorumaq və bərpa etmək, nadir və məhv olmaq təhlükəsi qarşısında olan bitki və heyvanları qorumaq və artırmaq, meşələrin əvvəlki vəziyyətini bərpa etmək, torpaqların eroziyaya uğramasının və sel hadisələrinin qarşısını almaq və s. ibarətdir.
 
Qoruğun adı Qax rayonundakı İlisu kəndinin adı ilə bağlıdır. Həmin kəndin adı isə onun yaxınlığındakı kükürdlü suyu olan bulaqdan gələn iy ilə əlaqədar olaraq «iyli su» mənasından yaradılmışdır.
 
Ərazi Baş Qafqaz dağlarının dik yamaclı, çay dərələri vasitəsilə intensiv parçalanmış sahələri üçün səciyyəvi olan relyefə malikdir.
 
Qoruğun ərazisində qışı quraq keçən soyuq iqlim və yağıntıları təxminən bərabər paylanan mülayim-isti iqlim tipləri hakimdir.
 
Havanın orta illik temperaturu 5-120 arasında tərəddüd edir. Hündürlüyə qalxdıqca yağıntının miqdarı 920 mm-dən 1400 mm-ə qədər artır.
 
İlisu qoruğunun ərazisində dağ-çəmən, dağ-çəmən-meşə, qonur dağ-meşə, çürüntülü-karbonatlı dağ-meşə və qəhvəyi dağ-meşə torpaqları yayılmışdır.
 
İlisu qoruğunda  endemik, nadir və nəsli kəsilmək təhlükəsi altında olan bitki növləri çoxdur.  Ərazidə Şərq fıstığı, Qafqaz vələsi, Şərq palıdı, Litvinov tozağacı, Trautvetter ağcaqayını, kollardan quşarmudu, itburnu, böyürtkən, dovşanalması, topulqa, yabanı gilas, zoğal, moruq və s.  bitkilər yayılmışdır. Giləmeyvəli qaraçöhrə və Radde ağcaqayını Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilmişdir.
 
Qoruğun ərazisində 5 dəstəyə aid olan 35 növ məməli yaşayır: Nnəcib maral, Avropa cüyürü, Köpgər, Şərqi Qafqaz turu, çöl donuzu, qonur ayı, boz canavar, adi tülkü, Avropa vaşaqı, daşlıq və meşə dələsi, qaraquyruq gəlincik, adi porsuq, Amerika yenotu, meşə pişiyi, boz dovşan, adi və meşə süleysini, ağdiş, qonurdiş, kirpilər, nalburunlar və s.
 
Quşların 11 dəstəyə aid olan 90-a qədər növü yayılmışdır; onların təxminən 60-I Sərçəkimilər dəstəsinə aiddir.

Ərazidə sürünənlərin 12 növü yaşayır. Onların 7-si kərtənkələlərə, 3-ü təlxələrə, 1-i ilanlar, 1-i isə koramallara aiddir.
 
Qoruqdakı çaylarda çay qızılxallısı yaşayır. Digər balıqlardan isə şərq qışovçusu, Kür şirbiti və Kür xramulyası yalnız Kürmükçayın Qoruğun aşağı sərhəddindəki hissəsində məskunlaşmışdır.
 
Burada suda - quruda yaşayanların 5 növü yayılmışdır.

Əsasnaməsi

21.43 KB