1969-cu ilin iyul ayında Lerik və Yardımlı rayonları ərazisində yaradılmışdır. Yasaqlığın yaradılmasında əsas məqsəd dağ-bozqır landşaftının bioloji müxtəlifliyinin qorunmasıdır. Sahəsi 15 000 hektardır.
Zuvand zonasında dəniz səviyyəsindən 1400-2000 m yüksəklikdə, əsasən, dağ-kserofit və bozqır, çəmən-bozqır bitkiləri yayılmışdır. Burada dovşanalması (Cotoneaster sp.), yemişan (Crataegus sp.), pallas murdarçası (Rhamnus pallasi), itburnu (Rosa sp.) kollarına rast gəlinir. Ot bitkilərindən ərazidə qızılı gəvən (Astragalus aureus), acılıq (Ephedra sp.), yovşan (Artemisia sp.), kəklikotu (Thymus sp.), ağbığ (Nardus sp,), məryəmnoxudu (Teucrium sp.), sığırquyruğu (Verbascum sp.), boymadərən (Achillea sp.), şiyav (Stipa sp.) daha çox yayılmışdır.
Burada quşlardan əsasən adi çil kəklik (Perdix perdix), xınalı kəklik (Alectoris chukar), qartal növləri (Aquila sp.), qırğı növləri (Accipiter sp.), məməlilərdən Bezoar keçisi (Capra aegagrus), zolaqlı kaftar (Hyaena hyaena), çöl donuzu (Sus scrofa), boz dovşan (Lepus europaeus), boz canavar (Canis lupus), adi tülkü (Vulpes vulpes) və s. məməli heyvanlar yayılmışdır.