Azərbaycanın çayları, gölləri və su anbarları
Çaylar | Göllər | Su anbarları | Müşahidə şəbəkəsi | Su kadastrı | Yerüstü su ehtiyatları
Ərazinin qısa fiziki-coğrafi xarakteristikası
Azərbaycan Respublikasının ərazisinin sahəsi 86,6 min km2-dir, onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının (MR) sahəsi 5,2 km2-dir.
Azərbaycan müxtəlif və mürəkkəb relyefə malik olan əsasən dağlıq ölkədir. Burada yüksək dağ silsilələri ilə yanaşı düzənliklər, ovalıqlar və çökəkliklər mövcuddur. Ərazinin mütləq yüksəkliyi 4480 m (Bazardüzü zirvəsi, Böyük Qafqaz) və mənfi 27 m (Xəzər dənizinin hazırkı səviyyəsi) arasında dəyişir, orta yüksəkliyi isə 657 m-dir.
Azərbaycanda dörd təbii vilayət ayırd edilir: Böyük Qafqaz, Kiçik Qafqaz (Naxçıvan MR-nin ərazisi daxil olmaqla), Lənkəran və Kür-Araz ovalığı.
Yer kürəsində mövcud olan 11 iqlim tipindən 8-i Azərbaycanda müşahidə olunur – yarımsəhra və quru çöllər iqlimindən dağ tundra iqliminə kimi. Havanın orta illik temperaturu dağ və dağətəyi zonalarda 9-100, düzənlik zonalarda 14-15oC təşkil edir. Yağıntılar ərazidə qeyri-bərabər paylanmışdır – Lənkəran təbii vilayətində ildə 1600-1800 mm, Abşeronda isə 200-350 mm yağıntı müşahidə olunur.
Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb. Məsələn, çay şəbəkəsinin sıxlığı 0,20 km/km2-dən (Abşeron-Qobustan) 0,84 km/km2-rə qədər (Lənkəran) dəyişir, orta sıxlıq isə 0,36 km/km2 təşkil edir.
Azərbaycan Respublikasının yerüstü su ehtiyatları
Azərbaycanda yerüstü su ehtiyatlarının mənbələrini çaylar, göllər, su anbarları və s. təşkil edir. Yerüstü suların əsas ehtiyatları çaylarda cəmlənib.
Azərbaycan çaylarının su ehtiyatları yerli və tranzit çayların hesabına formalaşır.Yerli çayların axımı bütövlükdə Respublika ərazisində formalaşır və onlar bütünlüklə onun ərazisindən axırlar. Tranzit çayların əsas axımı Respublika ərazisindən kənarda, xarici ölkələrdə formalaşır.
Respublikada 21 tranzit çay mövcuddur və onlarin əksəriyyəti Kür və Araz çaylarının hövzələrinə aiddir.
Azərbaycan Respublikası çaylarının su ehtiyatları ayrılıqda əsas çayların- Kür və Arazın hövzələri üçün və bütövlükdə Respublikanın ərazisi üzrə qiymətləndirilib.
Kür və Arazın hövzələri müvafiq olaraq dörd və beş ölkənin ərazisində yerləşir.
Kür çayı (Araz ilə birlikdə) hövzəsinin su ehtiyatları bütövlükdə müxtəlif qiymətlərə görə 25,9-26,9 km3arasında dəyişir. Xarici (qonşu) ölkələrdən Kür çayının Respublika ərazisinə daxil olan axımı 19,6-20,8 km3və ya ümumi su ehtiyatlarının 76-77%-ni təşkil edir. Respublika ərazisində formalaşan axım (yerli axım) isə 5,64-7,34 km3-dir.
Kür çayı hövzəsinin (Araz çayı istisna olmaqla) su ehtiyatı 86000 km2 su toplayıcı sahəsindən 16,-17,8 km3–dir, qonşu ölkələrdən daxil olan axım 11,7-12,7 km3 və ya 70-71% təşkil edir, yerli axım isə 4,50-6,02 km3-dir.
Araz çayı hövzəsinin su ehtiyatı 102000 km2 su toplayıcı sahəsindən 9,10-9,30 km3 bərabərdir, qonşu ölkələrdən daxil olan axım 7,70-8,10 km3 və ya 85-87%-dir, yerli axim isə 1,04-1,40 km3-dir.
Xəzər dənizinə tökülən çayların su ehtiyatları bütövlükdə 2,17-3,41 km3-dir, qonşu ölkələrdən daxil olan axım 0,14 km3-dir, yerli axım isə 2,17-3,27 km3 təşkil edir.
Azərbaycan Respublikası çaylarının su ehtiyatları bütövlükdə müxtəlif qiymətlərə görə 28,1-30,3 km3 təşkil edir. Qonşu ölkələrdən Respublika ərazisinə daxil olan axım 19,7-20,3 km3 və ya 67-70% təşkil edir. Respublika ərazisində formalaşan axım həcmi isə 7,81-10,6km3 təşkil edir . Beləliklə, qonşu ölkələrdən daxil olan axım 2,0-2,5 dəfə yerli axımdan çoxdur.
Azərbaycanda suyun çatışmamazlığı müşahidə olunur ki, bunu da ərazinin hər 1 km2-ə düşən su təminatı ilə göstərmək olar. Yerli axım ilə Respublika ərazisinin təmin olunması 90-122 min m3/il təşkil edir. Xarici ölkələrdən daxil olan axımı nəzərə alaraq Respublikanin bütövlükdə su ilə təmin olunması 324-350 min m3/il təşkil edir.
Respublikanın göllərində şirin su ehtiyatları 0,90 km3-dir, göllərin su səthinin sahəsi isə 394 km2-dir.
Respublikanin su anbarlarinin tam həcmi 21,4 km3, işçi həcmi 12,4 km3-dir, su səthinin sahəsi isə 694 km2-dir.