1964-cü ilin fevral ayında Şəmkir rayonunun ərazisində yaradılmışdır. Yasaqlığın yaradılmasında məqsəd ərazidə yayılmış tipik bioloji müxtəliflik komponentlərinin qorunub saxlanılmasıdır. Ərazisi 10 000 hektardır.
Yasaqlıqda əsasən, tuqay meşələri yayılmışdır. Kür çayı yatağının sahilində yerləşən Tuqay meşələri müxtəlif növ söyüd (Salix sp.), ağyarpaq qovaq (Populus alba), qaratikan (Paliurus spina-christi), böyürtkən (Rubus sp.), yulğun (Tamarix sp.) və s. ibarətdir.
Ərazinin təbii landşaft sahələri müxtəlif olub, heyvanların məskunlaşması üçün əlverişli mövqeyə malikdir. Burada məməlilərdən çöl donuzu (Sus scrofa), boz canavar (Canis lupus), adi çaqqal (Canis aureus), boz dovşan (Lepus europaeus), meşə pişiyi (Felis silvestris), adi tülkü (Vulpes vulpes), quşlardan isə adi turac (Francolinus francolinus), adi qırqovul (Phasianus colchicus), adi çil kəklik (Perdix perdix) və müxtəlif su quşları vardır.