26 fevral 1964-cü ildə Şəki rayonunda yaradılmışdır. O, Əyriçayın hövzəsində Yevlax-Şəki və Şəki-Oğuz şosse yollarının arasında yerləşir.
Yasaqlığın yaradılmasında məqsəd buradakı heyvan və quşları, xüsusilə qırqovul və turac kimi quşları, qonur ayı və çöl donuzu kimi heyvanları qorumaqdır. Sahəsi 10350 hektardır.
Ərazi zəngin bitki örtüyünə malikdir. Meşə sahələri palıd (Quercus), qızılağac (Alnus), qoz (Juglans), tut (Morus) cinsinə aid olan ağaclardan ibarətdir. Çay dərələrində meşə əmələ gətirən ağaclarla birlikdə yemişan (Crataegus), əzgil (Mespilus), böyürtkən (Rubus), alça (Prunus) kolları keçilməz cəngəlliklər əmələ gətirir.
Yasaqlıqda məməli heyvanlardan qonur ayı (Ursus arctos), çöl donuzu (Sus scrofa), boz canavar (Canis lupus), adi çaqqal (Canis aureus), adi tülkü (Vulpes vulpes), meşə pişiyi (Felis silvestris), Amerika yenotu (Procyon lotor), adi porsuq (Meles meles), boz dovşan (Lepus europaeus), çay samuru (Lutra lutra), meşə dələsi (Martes martes), adi sincab (Sciurus vulgaris), quşlardan adi qırqovul (Phasianus colchicus), adi turac (Francolinus francolinus), meşə göyərçini (Columba oenas), alabaxta (Columba palumbus), meşə cüllütü (Gallinago gallinago), adi bildirçin (Coturnix coturnix), yaşılbaş ördək (Anas platyrhynchos) və s. məskunlaşmışdır.