1964-cü ilin iyulunda Qusar rayonunda yaradılmışdır. Yasaqlığın yaradılmasında başlıca məqsəd buradakı bir sıra ov əhəmiyyətli məməli heyvanları və quşları qoruyub saxlamaqdır. Ərazisi 15 000 hektardır.
Meşə sahəsində fıstıq (Fagus), vələs (Carpinus), palıd (Quercus) cinslərinə aid olan ağaclar yayılmışdır. Kol bitkilərindən yemişan (Crataegus), zoğal (Cornus), armud (Pyrus), alça (Prunus), alma (Malus), itburnu (Rosa), böyürtkən (Rubus), qaratikana (Paliurus spina-christi) təsadüf edilir.
Yasaqlıqda çöl donuzu (Sus scrofa), cüyür (Capreolus capreolus), canavar (Canis lupus), meşə pişiyi (Felis silvestris), qamış pişiyi (Felis chaus), çaqqal (Canis aureus), Amerika yenotu (Procyon lotor), boz dovşan (Lepus europaeus) kimi məməlilər, adi turac (Francolinus francolinus), adi çil kəklik (Perdix perdix), adi bildirçin (Coturnix coturnix), çöl göyərçini (Columba livia), yaşılbaş ördək (Anas platyrhynchos), fitçi ördək (Anas crecca) kimi quşlar yayılmışdır.