1969-cu ilin iyulunda Qubadlı və Laçın rayonlarının ərazisində yaradılmışdır. Qubadlı rayonunun şimal və Laçın rayonunun cənub hissəsində dağ-bozqır sahələrini əhatə edir. Bu yasaqlığın yaradılmasının məqsədi həmin ərazilərin heyvanlar aləmini, xüsusilə burada məskunlaşmış məməli heyvan növlərini (cüyür, çöl donuzu) və quşları (qırqovul) qorumaqdır. Sahəsi 20 000 hektardır.
Ərazidə palıd (Quercus), vələs (Carpinus), ardıc (Juniperus), yemişan (Crataegus), itburnu (Rosa), böyürtkən (Rubus) cinslərinə aid ağac və kollardan ibarət seyrək meşəliklər və kolluqlar vardır.
Ərazinin ekoloji amilləri burada heyvanların normal məskunlaşmasına tam şərait yaratmışdır. Ərazidə çöl donuzu (Sus scrofa), qonur ayı (Ursus arctos), boz canavar (Canis lupus), adi çaqqal (Canis aureus), adi tülkü (Vulpes vulpes), Avropa cüyürü (Capreolus capreolus), boz dovşan (Lepus europaeus), adi porsuq (Meles meles), adi çil kəklik (Perdix perdix), adi qırqovul (Phasianus colchicus), adi turac (Francolinus francolinus), adi bildirçin (Coturnix coturnix) yayılmışdır.
2020-ci il oktyabrın 25-də Qubadlı rayonu erməni işğalından azad edilmişdir. 30 ilədək işğal dövründə erməni işğalçıları tərəfindən ərazinin təbii sərvətlərinə və təbii mühitinə ciddi ziyan vurulub, meşələr qırılıb, təbii ekosistemlər məhv edilib və vəhşi heyvanlar öz yaşayış areallarını tamamilə itirmişdir.
Hazırda işğaldan azad edilmiş ərazilərdə bioloji müxtəlifliyin mövcud vəziyyətinin öyrənilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılmış İşçi qrupun fəaliyyəti çərçivəsində həmin ərazilərdə fauna və flora aləminin növ tərkibinin yenidən öyrənilməsi və təbiət abidələrinin invertarlaşdırılması istiqamətində monitorinq işləri aparılır.