16 iyun 2003-cü il tarixində yaradılmışdır. Yasaqlığın yaradılmasının əsas məqsədi İlisu Dövlət Təbiət Qoruğu ilə həmsərhəd yay otlaqlarında və Acınohur düzündə faunanın qorunması və nəsli kəsilməkdə olan heyvan növlərinin bərpa edilməsidir. Yasaqlıq həm yüksək dağlıq əraziləri (subalp, alp, subnival), həm də Alazan-Həftəran vadisindəki Axab-baxar silsiləsini əhatə edir. Ümumi sahəsi 36 836 hektardır.
Yüksək dağlıq ərazilərdə əsasən subalp, alp və subnival çəmənliklərinə xas olan bitki örtüyü üstünlük təşkil edir. Bunlarda dominant cinslərə taxıllar fəsiləsinə aid olan topal (Festuca), nazıkbaldır (Koeleria), şiyav (Stipa), çəmənlicə (Deschampsia), pişikquyruğu (Phleum) və s.), paxlalılar fəsiləsinə aid olan yonca (Trifolium), qarayonca (Medicago), xəşənbül (Melilotus), lərgə (Vicia) və s., mürəkkəbçiçəklilər fəsiləsinə aid olan boymadərən (Achillea), xaçgülü (Senecio), güləvər (Centaurea), andız (Inula), telekiya (Telekia), çobanyastığı (Anthemis) və s., gülçiçəklilər fəsiləsinə aid olan qaytarma (Pentaphylloides), dovşanalması (Cotoneaster), böyürtkən (Rubus) cinslərinə aid olan ot və kol bitkiləri geniş yayılmışdır. Bundan başqa səhləbçiçəklilər fəsiləsinə aid olan ağ səhləb, fır-fır səhləb (Orchis purpurea), meymun səhləbi (Orchis simia), süsənkimilər fəsiləsinə aid olan gözəl süsən (Iris elegantissima), vaxtsız çiçək (Colchicum sp.) və s. bitkilər rast gəlinir.