1964-cü ilin fevral ayında indiki Ağstafa rayonunun Qarayazı meşələrinin ərazisində yaradılmışdır. Sahəsi 10 000 hektardır.
Yasaqlığın təbii landşaft sahələri əsasən tuqay meşələrindən, qarışıq meşə və kolluqlardan, ot və kol bitkilərindən ibarət açıqlıqlardan, otlaqlardan, qamışlı cəngəlliklərdən, çınqıllıqlardan, su sahəsindən ibarətdir.
Yasaqlığın ərazisi fauna və flora aləmi baxımından zəngindir. Burada məməlilərdən nəcib maral (Cervus elaphus), çöl donuzu (Sus scrofa), bataqlıq qunduzu (Myocastor coypus), boz canavar (Canis lupus), boz dovşan (Lepus europaeus), meşə pişiyi (Felis silvestris), adi tülkü (Vulpes vulpes), adi porsuq (Meles meles), quşlardan adi qırqovul (Phasianus colchicus), çil qaratoyuq (Turdus viscivorus), alabaxta (Columba palumbus), adi su fərəsi (Gallinula chloropus), yaşılbaş ördək (Anas platyrhynchos), adi qaşqaldaq (Fulica atra), adi şanapipik (Upupa epops), adi bildirçin (Coturnix coturnix) və s. mühafizə olunur.