Hazırda Gəncə-Qazax bölgəsində fasilələrlə leysan xarakterli yağış yağır, Qarabağ və Şərqi-Zəngəzur, Lənkəran-Astara bölgələrinin bəzi yerlərində isə zəif yağıntılı hava şəraiti müşahidə olunur. Balakən-Şəki və Quba-Qusar bölgələrində yağıntıda fasilə yaranıb. Bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
Milli Hidrometeorologiya Xidməti tərəfindən öncədən verilən məlumata görə, ölkənin əksər bğlgələrinə yağan intensiv yağıntılarla əlaqədar hazırda Samux rayon ərazisindən axan Qabırrıçaydan, Göygöl və Samux rayon ərazilərindən axan Qoşqarçaydan, Daşkəsən, Göygöl rayonları və Gəncə şəhəri ərazisindən axan Gəncəçaydan, Daşkəsən rayonu ərazisindən axan Dəstəfurçaydan, Tovuz rayon ərazisindən axan Zəyəmçaydan, Göygöl rayon ərazisindən axan Kürəkçaydan, Balakən rayonu ərazisindən axan Balakənçaydan sel keçir.
Milli Hidrometeorologiya Xidmətinin iyulun 28-i saat 16:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi hazırda ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.
Sinoptiklər tərəfindən əvvəlcədən verilən xəbərdarlıqlara görə bu gün və sabah ölkənin bir sıra ərazilərində leysan yağışlar yağacaq, bəzi çaylardan sel keçəcək.