25 İyul 2025
ETSN: ani ehtiyatsızlıq qarşısıalınmaz yanğınlara səbəb olar, təbiət ərazilərinə və ekosistemə ciddi zərər dəyərSon günlər havaların isti və quraq keçməsi meşə və digər yaşıllıq ərazilərdə yanğın riskini artırıb. Aparılan təhlillər və araşdırmalar meşə yanğınlarının əsas səbəbinin insan faktoru olduğunu göstərir. Belə ki, statistikaya görə, qeydə alınan yanğın hadisələrinin əksəriyyəti yanğın təhlükəsizliyi qaydalarına əməl etməyən vətəndaşların, kənd təsərrüfatı ilə məşğul olan fermerlərin, meşə və təbiət ərazilərinə yaxın kəndlərdə yaşayan sakinlərin, istirahət məqsədilə təbiət qoynuna üz tutan şəxslərin odla ehtiyatsızlığı səbəbindən baş verir. Statistika göstərir ki, baş verən yanğınların əksəriyyəti meşə fondu və xüsusi mühafizə olunan təbiət ərazilərindən kənarda qeydə alınır, sonradan külək və quraq hava səbəbindən təəssüf ki, qorunan ərazilərə keçir. Nəticədə ölkənin meşə fonduna, xüsusi mühafizə olunan təbiət ərazilərinə, bioloji resurslara və torpağın üst münbit qatına ciddi ziyan dəyir, ekosistem məhv olur.