“II Yaşıl düşüncə maarifləndirmə proqramı” çərçivəsində Şirvan Milli Parkına ekskursiya təşkil olunub
15 Oktyabr 2025, 15:10
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən “II Yaşıl düşüncə maarifləndirmə proqramı” çərçivəsində iştirakçılar üçün ceyranlar oylağı sayılan Şirvan Milli Parkına maarifləndirici ekskursiya təşkil olunub.
Ümumdünya Köçəri Quşlar Günü ərəfəsində təşkil olunan səfər zamanı Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycandakı nümayəndəliyinin əməkdaşları tərəfindən gənclərə ölkəmizin zəngin təbiəti, nadir flora və fauna nümunələri, həmçinin qorunan ərazilərin əhəmiyyəti barədə məlumatlar verilib, gənclər köçəri quşların miqrasiya marşrutu üzərində yerləşən Şirvan Milli Parkındakı “Qızılqaz gölü” marşrutu boyu vəhşi təbiətlə tanış olub, teleskop və binokllarla quşları müşahidə ediblər.
Eyni zamanda mütəxəssislər tərəfindən proqram iştirakçılarına Şirvan Milli Parkının təbii xüsusiyyətləri, burada məskunlaşan ceyran populyasiyası, ekosistemin mühafizəsi və ekoturizmin inkişaf istiqamətləri barədə məlumatlar verilib.
Gənclər həmçinin safari maşını ilə Azərbaycan təbiətinin incisi sayılan ceyranları müşahidə edib, maarifləndirici, maraqlı və əyləncəli gün keçiriblər.
“Yaşıl düşüncə maarifləndirmə proqramı”nın əsas məqsədi gənclər arasında ekoloji təfəkkürün inkişafına dəstək vermək, ətraf mühitin qorunması sahəsində bilik və bacarıqları artırmaqdır. Nəzəri və praktiki təlimlər növbəti günlərdə də davam edəcək.
Qeyd edək ki, həyata keçirilən tədbirlər, 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Ətraf Mühit Günü və Ümumdünya Şəhərsalma Forumu (WUF13) ərəfəsində ölkəmizin qlobal ekoloji təşəbbüslərə dəstəyinin nümayişi, ekoloji məsuliyyətinin, eləcə də yaşıl inkişaf və davamlı gələcək naminə atdığı ardıcıl addımların bariz nümunəsidir.